YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla dost və tərəfdaş ölkələrin sayı artır

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasına dövlət səfəri etmişdir. Səfər çərçivəsində Tiranada Dövlət başçımız Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə təkbətək görüşü olmuş, görüşdən sonra Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident  İlham Əliyevin mətbuata verdiyi bəyanatda Albaniya və Azərbaycan münasibətlərinə ətraflı şəkildə toxunaraq qeyd edib ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək qarşılıqlı şəkildə uğurla inkişaf edərək əlaqələrimizi daha da gücləndirir. Xüsusilə, həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, ölkəmizin ərazi bütövlüyünə göstərdiyi dəstəyi xüsusi qeyd etmək lazımdır və bu dəstək ölkəmiz tərəfindən yüksək səviyədə qiymətləndirilir.

Dövlət başçımız  çıxışı zamanı vurğulayıb ki,“Son üç onillik ərzində Azərbaycan və Albaniya arasında 8 sənəd, o cümlədən 2013-cü il aprelin 8-də Bakıda “Azərbaycan Respublikası Höküməti və Albaniya Respublikası Höküməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında saziş” imzalanıb. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin geniş potensiala malik olması baxımından tərəflər bu sahədə əməkdaşlığın inkişafı məqsədilə birgə səyləri artırmağı məqsədəuyğun hesab edirlər. Enerji sahəsində əməkdaşlıq isə iqtisadi əlaqələrimizin əsas istiqamətidir”.

Çıxışı əsnasında cənab İlham Əliyev  TAP layihəsindən söz açaraq bildirib ki, hər iki ölkə TAP layihəsinin üzvləridir və “Cənub Qaz Dəhlizi”nin icrasında çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri çox fəal iştirak ediblər.

Dövlətimizin başçısı çıxışında  həmçinin işğal dövründə Ermənistana qarşı BMT qətnamələrini 27 il ərzində icra edilməmiş qaldığını, Ermənistanın bu qətnamələrin icrasına məhəl qoymamasına, beynəlxalq ictimaiyyətinə isə sadəcə olaraq, buna göz yummasına və Ermənistana hər hansı bir sanksiya tətbiq edilməməsindən bəhs etdi. Prezidentimiz həmçinin ermənilərin işğal dövründə 67 məsciddən 65-ni yerlə yeksan etdiklərini, qalan 2 məsciddə isə heyvan-inək, donuz saxladıqlarını və bütün müsəlmanların hisslərinə toxunduğunu qeyd edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlıq əlaqələrində enerji sektoru məsələlərinə də toxunaraq bu istiqamətdə çox yaxşı imkanların olduğunu vurğulayib. Ölkə rəhbəri eyni zamanda qarşılıqlı sərmayə qoyuluşu Albaniya-Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahəsində əməkdaşlıq münasibətlərini də qeyd edərək əmin olduğunu bildirdi ki, tərəflər bundan sonrada inamla addımlayacaqlar.

Beləliklə, əminliklə demək olar ki, Prezident İlham Əliyevin Albaniyaya  məlum səfəri ölkələrimiz arasında əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli dərəcədə töhfə verəcək. Eyni zamanda bu səfər iki ölkə arasındakı münasibətlərin yeni mərhələsinin başlanğıcı oldu. Bir sözlə, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində ölkəmizə dost və tərəfdaş olan ölkələrin sayı davamlı olaraq artır.