YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 15-də Albaniyaya  rəsmi səfəri ölkələrimiz arasında mövcud əlaqələrin inkişafı üçün yeni mərhələ açacaq. Albaniya hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Ölkələrimiz arasında konstruktiv siyasi dialoq mövcuddur. Albaniya rəsmilərinin mütəmadi olaraq Azərbaycana səfərləri iki ölkə arasında mövcud olan siyasi dialoqun dinamizmindən xəbər verir. Eyni zamanda, beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlıq Azərbaycan-Albaniya əlaqələrini davamlı olaraq  gücləndirir.

Albaniyada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev ölkələrimiz arasında olan əlaqələrdən bəhs edərkən qeyd etdi ki, həm işğal, həm də İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, ölkəmizin ərazi bütövlüyünə göstərilən dəstəyi Azərbaycan dövləti çox yüksək qiymətləndirir. Ölkə başçısı vurğuladı ki, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etməklə bərabər beynəlxalq hüququ da bərpa edib. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri 1993-cü ildə qəbul olunmasına baxmayaraq, bu qətnamələr 27 il ərzində icra edilmirdi. Xüsusilə Ermənistan bu qətnamələrin icrasına maraq göstərmir, faktiki olaraq məhəl qoymurdu. Beynəlxalq birlik tərəfindən isə sadəcə olaraq, Ermənistanın işğalçılıq siyasətinə  göz yumulmuş və bu ölkəyə hər hansı bir sanksiya tətbiq edilməmişdir. Azərbaycan həqiqətləri haqqında danışarkən ölkə başçısı qeyd etdi ki, Azərbaycan ərazisinin 20 faizini işğal etmək və bu ərazilərdə qanunsuz məskunlaşma aparmaq böyük hərbi cinayətdir. Ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan - inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar. Artıq Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdıb və bu torpaqlara həyat qayıdır. İndi Azərbaycan Bayrağı azad edilmiş torpaqlarda dalğalanır.

Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında Azərbaycan və Albaniya arasında önəmli əməkdaşlıq istiqamətlərindən birinin qaz sahəsi olduğunu bildirdi. Bu sahə çox aktual olduğu üçün müzakirə ediləsi məsələlər  də çoxdur və bununla əlaqədar yaradılmış müştərək işçi qrupunun tezliklə müzakirələrə başlayacağı  gözlənilir. Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında ölkələrimiz çox önəmli rol oynayıblar. Ölkə başçısı qeyd etdi ki, Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak ediblər. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır ki, nəticədə 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır. Azərbaycanın qaz ehtiyatları çox zəngindir və ölkəmiz Avropanın enerji təhlükəsizliyinə bu gün  də öz töhfəsini verir. Hazırda həm TAP, həm də TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsinin müzakirə olunduğunu diqqətə çatdıran Prezident cənab İlham Əliyev bildirdi ki, Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Ölkə başçısı öz bəayanatında onu da diqqətə çatdırdı ki, Azərbaycan və Albaniya arasında  enerji sektorundan əlavə əməkdaşlıq üçün digər yaxşı imkanlar vardır. Bura qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri daxildir.