YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP hər zaman davamlı inkişafın təminatçısı kimi çıxış edib

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şəraiti düzgün qiymətləndirmədən, o dövrdə Azərbaycanda mövcud olan ictimai-siyasi, hərbi və iqtisadi vəziyyəti obyektiv şəkildə analiz edib, dəyərləndirmədən Yeni Azərbaycan Partiyasının və bu partiyanın şəriksiz lideri, Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini qiymətləndirmək mümkün deyil.

Keçmiş SSRİ məkanında baş verən hadisələr müxtəlif mərhələlərdən keçərək, SSRİ-yə daxil olan 15 müttəfiq respublikanın, o cümlədən də Azərbaycanın öz dövlət müstəqilliyini elan etməsi ilə nəticələnmişdi. Həmin dövrdə Azərbaycanda olduqca mürəkkəb şərait müvcud idi. Xalqı öz ətrafında birləşdirə biləcək mərkəzi hakimiyyətin olmaması ucbatından vaxtaşırı olaraq 1988-ci ildən etibarən bir-birinin ardınca hakimiyyət dəyişikliyi vaş verir, özlərini demokratik qüvvələr adlandıran, əsil həqiqətdə isə Moskvanın təhlükəsizlik xidmətinin gizli əməkdaşlar olan  qaraguruh nəyin bahasına olursa-olsun siyasi hakimiyyətə yiyələnmək istəyirdi. Hər iki tərəfin seporat danışıqları əsasında formalaşdırılmış Ali qanunverici orqan –Ali Sovet yeni dövrün reallıqlarını nəzərə alaraq qanunvericilik bazasını yaratmaq əvəzinə intiriqa yuvasına, söz savaşı meydanına çevrilmişdi. Dövlət idarəetmə sistemi çökmüş, sözün əsil mənasında iflic vəziyyətinə düşmüşdü. Onlar hakimiyyətlərini ömrünü uzatmaq üçün ilk dövrlərdə Moskvanın buyruqqulu rolunu oynayır, daha sonra isə dırnaqarası demokratlarla sövdələşmələr edirdilər. Ordu quruculuğu kimi mühüm sahə Etibar Məmmədov, Rəhim Qazıyev və digərləri kimi keçmişləri qaranlıq olan, kimə xidmət etdikləri bəlli olmayanlara həvalə edilmişdi. Ordu yaradaraq  torpaqlarımızı erməni və onların havadarlarının təcavüzündən qorumaq əvəzinə ayrı-ayrı şəxsi maraqlarını və xarici qüvvələrin siyasi sifarişlərini yerinə yetirənlərin başıpozuq silahlı dəstələrini formalaşdırmaqla  məşğul idilər. Yuxarı Qarabağda və ətraf rayonlarda yaşayan əhali taleyin ümidinə buraxılmışdı. Məsələnin ən xoş olmayan tərəflərindən biri bu idi ki, qeyd olunan ərazilərdə yaşayan əhali elə düşünürdü ki, onların taleyi ilə maraqlanan, onların müdafiəsini təmin edəcək mərkəzi hakimiyyət var. Əgər Yuxarı Qarabağda və ətraf rayonlarda yaşayan əhali bilsəydi ki, onlar öz talelərinin ümidinə qalıblar, onda özlərinin müdafiəsi, təhlükəsizlikləri haqqında daha etibarlı tədbirlər görə bilərdilər. Bundan istifadə edən ermənilər və onların havadarları bir-birinin ardınca 1991-ci ilin ikinci yarısından etibarən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayyətinin ərazisində yerləşən azərbaycanlılar yaşayan yaşayış məntəqələrini işğal etməyə başladılar və 1992-ci ilin mayında artıq Şuşa və Laçın rayonları, 1993-ci ilin aprelində isə Kəlbəcər rayonu ermənilər tərəfindən tam işğal edildi. Ermənistanla Dağlıq Qarabağ arasında bütün ərazi tamamilə Ermənistanın nəzarətinə keçdi. Təbiətin yaratdığı alınmaz qala olan Şuşa xəyanətin qurbanı oldu. AXC hakimiyyətə gəlmək üçün Şuşa və Laçında olan silahlı qüvvələri Bakıya çəkərək hərbi çevriliş yolu ilə hakimiyyəti ələ keçirdilər, ermənilər isə heç bir müqavimətlə qarşılaşmadan ərazilərimizi ələ keçirdilər. Beləliklə ermənilərin əli-qolu açılaraq ətraf rayonların işğalı üçün şərait yarandı.

Hərbi sahədə Azərbaycanda real mənzərə bundan ibarət idi. İqtisadiyyat tamamilə çökmüş, ictimai-siyasi sabitlik pozulmuş, dövlət idarəetmə sistemi çökmüşdü.

Ulu Öndər Heydər Əliyevin qətiyyəti, dövət idarəetmə sahəsindəki təcrübəsi, beynəlxalq aləmdə malik olduğu nüfuzu və digər keyfiyyətləri hesabına yeganə müdafiə olunan bölgə Naxçıvan idi. Xəyanətkar qaraguruh Heydər Əliyev şəxsiyyətindən xoflanaraq Naxçıvanda da dövlət çevrilişi etməyə cəhd etdilər. O dövrkü Müdafiə naziri Rəhim Qaziyev və Daxili İşlər naziri İsgəndər Həmidovun başçılığı ilə bir dəstə tam silahlanaraq Naxcıvana göndərildi ki, Naxçıvanda dövlət çevrilişi edərək Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırsınlar. Lakin onlar bu məkirli niyyətlərini reallaşdıra bilmədilər. Naxçıvan əhalisi özünün xilaskar oğlunu müdafiə etdi və Naxçıvana göndərilənləri oradan qovdu.

AXC-Musavat cütlüyü hakimiyyəti qəsb etdikdən keçən qısa dövr ərzində xalqımız bunların kimliyini dəqiq müəyyənləşdirdi  və aydın oldu ki, əgər bunlar hakimiyyətdə qalarlarsa əsirlər boyu xalqımızn arzusunda olduğu dövlət müstəqilliyimiz itirilə bilər və ərazilərimiz tamamilə ermənilər tərəfindən işğal edilərdi. Belə bir şəraitdə xalqımız yeganə ümid yerinin  Heydər Əliyevə müraciət etməklə, onu yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtmasında görürdü.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycanın mövcud durumunu qiymətləndirərək,  dövlətimizi və xalqımızı düçar edildiyi bəlalardan xilas etmək üçün edilən müraciətlərə müsbət cavab verdi və belə bir ağır şəraitdə Yeni Azərbaycan Partiyası təsis edildi.