YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni reallıqlar bölgə üçün müsbət imkanlar açır

Sevinc Qasımova

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini

Noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü önəmli məqamlarla yadda qaldı. Prezident İlham Əliyevin də iştirak etdiyi tədbirdə türk dünyası və ümumdünya siyasi prosesləri ilə əlaqədar önəmli mesajlar, bölgə üçün əhəmiyyətli qərarlar diqqət çəkirdi.

Türk respublikaları arasında əməkdaşlığın və qarşılıqlı münasibətlərin möhkəmlənməsi nəinki həmin dövlətlərin, eləcə də digər xalqların və dövlətlərin inkişafı baxımından çox əhəmiyyətlidir. Çünki bu birlik, əməkdaşlıq başqa dövlətlərə qarşı hansısa blok yaratmaq məqsədi daşımır. İqtisadi, mədəni, ticarət sahələrinin inkişafına, sülhün əmin-amanlığın təmin olunmasına xidmət edir. Azərbaycan üçünsə Türk dövlətlərinin birliyi həmişə mühüm əhəmiyyət kəsb edib. Bu səbəbdən ölkəmiz türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq.

Qeyd etmək yerinə düşər ki, elə Türk Dövlətləri Təşkilatının yaranması da məhz Azərayacnın təşəbbüsü ilə, 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə Görüşündə qərara alınıb. Bu addımdan indiyə qədər təşkilat böyük inkişaf yolu keçib. 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən Türk dünyası böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Bu baxımdan, Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşü dünya mətbuatının da diqqət mərkəzində idi. Xarici media orqanlarında görüşlə, xüsusilə Prezident İlham Əliyevin çıxışı ilə əlaqədar xeyli material dərc edildi. Ölkə başçısının həm Azərbaycanın, həm dünyanın problemləri ilə əlaqədar parlaq çıxışı önəmli əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyev Zirvə Görüşündə çıxışı zamanı Türk dünyasının böyük bir ailə olduğunu qeyd edərək, ölkələrin bir-birinə qarşılıqlı dəstək və həmrəylik göstərməli olduğunu söyləyib.

Prezident həmçinin Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, gənc nəslin yaşadıqları digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanının yaradılması haqqında məsələ qaldırıb.

Türk dövlətlərinin Zirvə görüşündə Azərbaycanın məruz qaldığı 30 illik işğal dövrü və onun fəsadları məsələsinə də toxunulub. Azərbaycan xalqı iki il əvvəl öz doğma torpaqlarını düşmən tapdağından azad etsə də, başımıza gətirilən müsibətlərin, ərazilərimizdə törədilən vəhşiliklərin izləri hələ də qalmaqdadır.

Qarabağ və Şərqi Zəngəzurda bu gün dövlətimiz tərəfindən genişmiqyaslı bərpa, quruculuq işləri aparılır. Biz şəhərlərimizi, kəndlərimizi yenidən, sıfırdan qurmağa məcburuq. Çünki Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir. Düşmənin bütün çirkin niyyətinə rəğmən biz quruculuq işlərini davam etdiririk və artıq keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq. Bu prosesdə Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Türk birliyinin daha bir nümunəsi kimi qeyd etmək yerinə düşər ki, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikiləcək, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunacaqdır. Bu, Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın növbəti təzahürüdür.

Azərbaycanın müharibədən sonra yaratdığı yeni reallıqlar bölgə üçün olduqca müsbət imkanlar açır. Zəfər qazanan ölkəmiz Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri, o cümlədən Türk dünyası faydalanacaq.

Bütün qeyd olunan önəmli məqamları, Azərbaycanın Zirvə Görüşündə və Türk dövlətlərinin birliyində fəal iştirakını nəzərə alaraq, qeyd etmək olar ki, bundan sonra da Türk dünyası ilə əlaqədar məsələlər, o cümlədən IX toplantıda qərara alınan əməkdaşlıq haqqında prioritet qərarlar əhəmiyyətli hadisə kimi yadda qalacaq.