YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Riyakar İran bütöv Azərbaycan reallığını qəbul edə bilmir

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Azərbaycan Vətən Müharibəsində böyük Qələbə əldə etdikdən sonra regionda yeni reallığın əsasını qoydu. Bu reallığı qəbul edən ölkələr Azərbaycanın haqq savaşında ədalətli mövqeyini dəstəkləyərək onunla post-müharibə dövründə əlaqələrini daha da genişləndirmək istiqamətində fəal səylər göstərirlər. Lakin müəyyən qüvvələr isə Azərbaycanın diqtə etdiyi bu reallığı qəbul etməyərək müxtəlif vasitələrlə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir və təxribatlar törədir.

Azərbaycana qarşı açıq şəkildə təxribatlar və təhdidlər törədən qüvvələrin tərəfində olan əsas fiqurlardan biri də İrandır. Vətən müharibəsinə qədərki dövrdə Azərbaycana qarşı sanki dost və qardaş ölkə kimi özünü tanıtmağa çalışan İran Azərbaycan müharibədə böyük Qələbə qazandıqdan sonra sözdə dostluq və qardaşlıq münasibətlərinin əslində xainlik üzərində qurulduğunu təkzibedilməz faktlarla sübut edib. Düşmən Ermənistanın 30 il işğal altında saxladığı torpaqlarımızın talanmasında İran birbaşa və əsas rol oynayıb. Məhz bu səbəbdən, İran 30 il ərzində Azərbaycan torpaqlarının işğal altında qalmasının marağında olub. Bu ərazilərə gəlir və resurs mənbəyi kimi baxan İran uzun illər buradan Avropaya qanunsuz narkotik trafiki üçün yararlanıb.

İranın bu əməllərini əhatəli şəkildə nəzərdən keçirdikdə sanki burada Azərbaycandan riyakarcasına intiqam almağa çalışması görünür. Tarixən Azərbaycan xalqının dünyəvi, mütərəqqi dövlət quruculuğunu özünə təhdid kimi qəbul edən İran öz riyakarlığını Azərbaycan torpaqlarının düşmən tapdağında saxlanılması və talanması ilə həyata keçirib.

Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğunun zərbəsindən darmadağın olan düşmən Ermənistan kapitulyasiya aktı imzalayaraq digər öhdəlikləri ilə yanaşı Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birləşdirən dəhlizin öz ərazisindən verilməsinə öhdəlik götürüb. Prezident İlham Əlievin müharibədən sonra regionda dayanıqlı sülhün bərqərar olunmasına göstərdiyi səylərə baxmayaraq Ermənistan və onun havadarları  xüsusilə bu prosesi əngəlləməyə çalışır. Zəngəzur dəhlizinin açılmasının ləngidilməsinə çalışan İran bütün vasitələrlə Ermənistana dəstək verir. Bu yaxınlarda Ermənistanın Qafan şəhərində İranın konsulluğunu açması bu dəstəyi təsdiqləyən onlarla faktlardan biridir.

Nə üçün İran Zəngəzur dəhlizinin açılmasını istəmir? Əsas səbəblərdən biri İranın Zəngəzur dəhlizinin açılmasından sonra özünün təcrid olunacağını hesab etməsidir. Televiziya kanallarında hər gün “müsəlman təəssübkeşliyi” adı altında Azərbaycana qarşı təbliğat aparan İran müstəqil, bütöv Azərbaycanın mövcudluğunu həzm edə bilmir.

İki gün öncə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycanda təxribat hazırlayan İran xüsusi xidmət orqanlarının yaratdığı cəsus şəbəkəsi ifşa edildi. Reallıq onu göstərir ki, İranın “hərbi qüdrəti” və “müsəlman təəssübkeşliyi” şişirdilmiş propaqandadan başqa bir şey deyil. Son 40 ildə İran iştirak etdiyi heç bir müharibədə qalib olmayıb, himayə etdiyi müsəlman ölkələrində geriyə doğru inkişafdan başqa “uğurlara” imza atmayıb. Azərbaycana qarşı həm xaricdən, həm də daxildən törətdiyi təxribatlar daim iflasa uğrayıb.

Azərbaycan cəmiyyətində mövcud olan sabitlik, əmin-amanlıq, vətənpərvərlik, tolerantlıq, vətəndaş həmrəyliyi, xalq-iqtidar birliyi bütün bu təxribatların, məkrli planların qarşısını alan başlıca amildir. Azərbaycan xalqı dönməz iradəyə, dəmir yumruğa sahib Prezident İlham Əliyevin ətrafında sıx birləşib. İran tərəfindən hərbi avantüra vasitəsilə əzələ nümayişi Azərbaycan üçün əhəmiyyətsiz və təsirsizdir. Azərbaycan güclü və qüdrətli dövlətdir, ordusu qalibdir və onunla təhdid, hədə-qorxu dilində danışmaq kimsəyə fayda verməz. Əks halda bütün təxribatlara qarşı adekvat cavab tədbirlərinə daim hazırdır.