YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Azərbaycan tarixini, ədəbiyyatını, coğrafiyasını, yeraltı-yerüstü sərvətlərini öyrənərkən ulu yaradanın xalqımıza hər şeyi nəsib etdiyinin, yalnız bunun müqabilində qonşularımız baxımından bəxtimizin gətirmədiyinin şahidi oluruq.  Şimal qonşularımızın səyi ilə təxminən 200 il öncə başlayan və digər qonşularımız olan dövlətlərdən köçürülərək Azərbaycanın Gəncə və İrəvan quberniyalarına toplanmış, torpaqlarımıza olan köçləri ilə bərabər vəhşilik, vandallıq kimi xüsusiyyətlərini də regiona gətirən ermənilər üçün Azərbaycan torpaqlarında yaradılmış erməni dövlətinin xalqımıza qarşı torpaq iddiaları bu gün də davam edir. Həm də 200 il bundan əvvəl işğal olunan torpaqlarımızın olmasa da, 30 il bundan əvvəl işğal olunmuş torpaqlarımızın işğaldan azad olunduğu 44 günlük Vətən müharibəsindən 2 il keçməsinə baxmayaraq.

Hazırda bütün dünya bizi qalib xalq kimi tanıyır. Ermənistanın havadarları Azərbaycanın haqq işinin qarşısını ala bilmədilər. Lakin hər kəs bilir ki, düşmən bu məğlubiyyətin əvəzini çıxmaq üçün fürsət tapan kimi hər cür alçaqlığa, riyakarlığa əl atacaq.

Noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi - İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir. Son olaraq sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur oldu.

Təbii olaraq erməni xisləti yenə özünü biruzə verdi. Bu məsələ ilə bağlı Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa və dünya ictimai rəyini çaşdırmağa çalışan Ermənistan yenə də əsassız iddialara başladı. Lakin heç birinin əsası olmayan bu iddialar tamamilə böhtan xarakteri daşıyır. Bu gün regionda olan yeganə Azərbaycanın yaratdığı reallıqdır və bu reallığa görə Azərbaycan ordusu öz torpaqlarımızda vuruşub, işğalçı Ermənistan ordusunu məğlub edib və bu gün də Azərbaycan-Ermənistan sərhəddində öz doğma torpaqlarımızı qoruyur.

Hazırda işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı qurğulardan təmizlənməsi prosesi gedir. Doğma Şuşamız mədəniyyətimizin paytaxtı elan edilib. Beynəlxalq təşkilatlar erməni vandalizminin fəsadlarını öz gözləri ilə görürlər. Qurub-yaradan Azərbaycan xalqı ilə erməni vəhşiliyinin və vandalizminin fərqi əyani görünür.

Qeyd etmək yerinə düşər ki, oktyabr ayında Praqada və Soçidə qəbul edilmiş Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdığını ifadə edən birgə bəyanatlar bir daha onu göstərir ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Bu gün hər kəs bilir ki, ikinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Xüsusilə, Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq. Elə ona görə də 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata müvafiq olaraq Azərbaycan tərəfi Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir.