YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan türk dünyasının coğrafi bağlantısını bərpa etmək yolunda mühüm addımlar atır

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri 

Azərbaycan türk dünyası birliyinin güclənməsinə mühüm töhfələr verib. Təşkilatın məhz Naxçıvan Sazişi ilə yaradılması bunun bariz göstəricisidir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib.

Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi pandemiya dövrünə düşsə də, ölkəmiz vəziyyətə adekvat reaksiya verərək uğurlu bir sədrlik həyata keçirib. Bu gün Azərbaycan türk dövlətləri ilə ikitərəfli səviyyədə sıx əməkdaşlıq edir.

Prezident İlham Əliyev türk dünyası ilə bağlı yeni baxış ortaya qoyub və qeyd edib ki, türk dünyası yalnız türk dövlətlərindən ibarət deyil və türk dövlətlərindən kənarda yaşayan türk mənşəli insanların hüquqları, təhlükəsizliyi qorunmalıdır. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın hüquq və azadlıqları ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.

Bu gün türk dünyasında gənc nəslin yaşadıqları digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur.

Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylər davam etdirilməlidir.

Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə bir çox məqamlara toxunan ölkə başçısı Qarabağın və Şərqi Zəngəzurun azad olunmasının ikinci ildönümün xalqımız tərəfindən böyük qürur hissi ilə qeyd edildiyini bildirmişdir.

Bəli, bu gün otuzillik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir.

Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azad edilmiş torpaqlara üç dəfə səfər etdiyini vurğulayaraq digər türk dövlətlərinin liderlərini də 30 illik işğal dövründən sonra yenidənqurma prosesinin icra olunduğu bu ərazilərimizə dəvət edib.

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq. Həmçinin Qarabağdakı tikinti prosesinə Türkiyədən sonra Özbəkistan və Qazaxıstanın da töhfə verməsini yüksək qiymətləndiririk.

Bu Zirvə dünyanın yeni bir formaya büründüyü və qeyri-müəyyənliklərin hökm sürdüyü bir vaxtda türk dövlətlərinin tarixi missiyalarının fərqində olub birlik və bərabərliyə önəm verdiyini göstərir. İstanbul Zirvəsindən Səmərqənd Zirvəsinə qədər olan dövrdə, yəni bir il ərzində böyük irəliləyiş əldə olunub. Xüsusilə Azərbaycanın haqq işinin dəfələrlə vurğulanması, bu işdə Azərbaycana dəstəyin nümayiş etdirilməsi vacib nüansdır.

Bu gün Azərbaycan türk dünyasının coğrafi bağlantısını bərpa etmək yolunda mühüm addımlar atır. İşğaldan azad olunmuş Şərqi Zəngəzurun bərpası və türk dünyasını birləşdirəcək “Orta dəhliz” üçün Azərbaycan tərəfindən mühüm işlərin həyata keçirilməsi bunu deməyə əsas verir.