YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk dövlətləri arasında birlik daha da güclənir

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Özbəkistanın Səmərqənd şəhərində  keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü türk dünyasının birliyinin gücləndirilməsi yolunda növbəti mərhələni təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçib.Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Artıq TDT beynəlxalq təşkilat kimi tam formalaşıb. Təbii ki, burada bütün üzv dövlətlərin səmərəli fəaliyyəti xüsusi vurğulanmalıdır. Bu baxımdan, Azərbaycanın təşkilata və ümumən, türkdilli dövlətlər arasında əlaqələrin genişləndirilməsinə verdiyi töhfələr əsl nümunədir. Azərbaycan öz təşəbbüsləri ilə türk dövlətləri arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edir. 44 günlük Vətən müharibəsində qardaş Türkiyə Azərbaycana qətiyyətli dəstək göstərdi və Qələbəmizdə bu amil mühüm rol oynadı. TDT  ərazi bütövlüyümüzün bərpası məsələsində hər zaman ölkəmizə mənəvi və siyasi dəstək olub. Vətən müharibəsinin ilk günlərində təşkilatın yaydığı bəyanatda münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi qeyd edildi. Bütün bunlar göstərdi ki, Azərbaycanın şanlı Qələbəsi bütün türk dünyasının Zəfəridir. Hazırda Türkiyə Qarabağın dirçəlişi prosesində fəal iştirak edir. Bundan başqa, Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikiləcək, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunacaq. Bu da qardaşlıq nümunəsidir.

 Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə çıxışı zamanı türk birliyinin vacibliyini qeyd edərək, Vətən müharibəsində qazanılan Qələbənin əhəmiyyətini və Zəngəzur dəhlizinin türk dünyası üçün önəmini xüsusi vurğulayıb. Dövlətimizin başçısının dediyi kimi, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb. Cənab Prezident haqlı olaraq bildirdi ki, gənc nəslin yaşadıqları digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. 

Zirvə görüşünün yekunlarına dair imzalanmış Səmərqənd Bəyannaməsində dövlət və hökumət başçıları Türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti, ənənələri və dəyərlərinə əsaslanan Türk Dövlətləri Təşkilatının çoxtərəfli çərçivəsində əməkdaşlığı daha da dərinləşdirmək və genişləndirmək əzmində olduqlarını vurğulayıb, Azərbaycanın münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazırlıqlarını bir daha təsdiqləyiblər. Tərəflər ümumi maraq kəsb edən təhlükəsizlik məsələləri üzrə sıx əlaqələndirmə və əməkdaşlığı təmin etmək üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv dövlətlərin hökumətləri və dövlət qurumları arasında müntəzəm olaraq təhlükəsizlik məsləhətləşmələrinin davam etdirilməsi barədə tapşırıq verib, müdafiə sənayesi və hərbi sahədə daha sıx əməkdaşlığa çağırış ediblər.

Dövlət və hökumət başçıları, həmçinin Zəngəzur dəhlizinin tezliklə açılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması, Avropa və Asiya arasında daha yaxşı nəqliyyat bağlantılarının genişləndirilməsi və nəqliyyat əlaqələrinin şaxələndirilməsinə töhfə verən “Özbəkistan-Qırğızıstan-Çin” və “Termiz-Məzar-i-Şərif-Kabil-Pişəvər” dəmir yolu xətlərinin tikintisi üçün üzv dövlətlərin səylərini dəstəkləyiblər. Eyni zamanda, Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyası turizm paytaxtı” elan edilməsi yüksək qiymətləndirilib.

Sənəddə, habelə Türkiyə Respublikasının Bursa şəhərinin 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi alqışlanıb, şəhərdə təşkil olunan fəaliyyətlərdən məmnunluq bildirilib, eləcə də Şuşanın “2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi yüksək qiymətləndirilib, TMİF tərəfindən 2022-ci ildə Bursada və 2023-cü ildə TÜRKSOY tərəfindən Şuşada təşkil olunacaq mədəniyyət günləri daxil olmaqla, fəaliyyətlərə dəstək ifadə edilib.

Daha sonra “Türk Dünyasına Baxış-2040” sənədinin həyata keçirilməsi üçün “2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası”, həmçinin “Türk Dünyasına Baxış-2040” sənədinin həyata keçirilməsi üçün “2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası” təsdiqlənib, TDT Ticarətin asanlaşdırılması strategiyası haqqında və Səmərqənd şəhərinin Türk sivilizasiyası paytaxtı elan olunması haqqında qərarlar qəbul edilib. Eyni zamanda, gömrük dəhlizlərinin yaradılmasının asanlaşdırılması ilə bağlı saziş imzalanıb. Bundan əlavə, nəqliyyat sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutan qərar da qəbul olunub. Bütün bunlar türk birliyinin daha da gücləndiyinin əyani göstəriciləridir.