YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi Zəfərimiz Bayraq sevgisini göylərə qaldırdı

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

13 ildir bayramlarımız sırasında xüsusi yer tutan Dövlət Bayrağı Gününü qeyd edirik. İki il öncə bayramlarımızı qeyd edərkən  əsas arzu və istəyimiz bu idi ki, üçrəngli Bayrağımız işğal altında olan torpaqlarımızda dalğalansın, 30 illik torpaq həsrətinə son qoyulsun. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında böyük əminliklə Qarabağ münaqişəsinin həll olunacağını, üçrəngli Bayrağımızın azad ediləcək torpaqlarda ucaldılacağını, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdacaqlarını böyük əminliklə bildirirdi. Təbii ki, bu əminliyə əsas verən dövlətimizin uğurlu siyasəti nəticəsində müstəqil Azərbaycanın bütün sahələrdə qazandığı nailiyyətlər idi. Bir sözlə, Azərbaycan dünyaya təkmil  inkişaf modelini təqdim etmişdi. Uğurlu siyasətin yol açdığı nailiyyətlərimizə bələdçilik edən Bayrağımız  2020-ci ildə tarixi Zəfərimizi dünyaya təqdim etməklə bugünkü inkişafa yol açdı. Son iki ildə Azərbaycan Bayrağı işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işlərinə, bu ərazilərdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərə, tarixi əhəmiyyət kəsb edən açılışlara şahidlik edir. Qarabağın və Şərqi Zəngəzurun hava qapısının iki qardaş ölkənin-Azərbaycan və Türkiyə Prezidentlərinin  birgə iştirakı ilə dünyaya açılmasını müşaiyət edən Bayrağımızın bu torpaqlarda  qürurla dalğalanması hər birimizi sevindirir, görülən işlərə töhfələr verməyə çağırış edir.

 Hər bir bayram, tarixi gün onun mahiyyətinin təqdim edilməsini daim bir zərurətə çevirir. Bu baxımdan Dövlət Bayrağı Gününün təsis edilməsinə qədər keçilən yola bir nəzər salaq. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncam ilə hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı günü kimi qeyd edilir.  Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Dövlət Bayrağı  1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdu. Bu mühüm məqamı da qeyd edək ki,  Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.

 Dövlət Bayrağımızdan bəhs edərkən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin tarixi təşəbbüsünü xüsusi qeyd etməliyik. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir.  Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. Müstəqil Azərbaycanın Dövlət Bayrağının rəsmiləşdirilməsinə gəldikdə isə,  1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə ölkəmiz  Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etdi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlət rəmzlərinə hörmət prioritet olub. Ümummilli Liderin rəhbərliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Milli Konstitusiyamızın  75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycanın dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu mühüm addımı da qeyd edək ki, 2004-cü ildə qəbul edilən  “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanun ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirildi. Qalib Azərbaycanın qalib Prezidenti İlham Əliyevin “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir” fikirləri harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya çağırışdır. Milli qürurumuz, kimliyimiz olan üçrəngli bayrağımızın daim yüksəklərdə dalğalanmasına öz töhfəmizi verək.

DİGƏR Xəbərlər Arxiv