YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmzalanmış Bəyanat xalqımızın maraqlarına cavab verir

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Vətən müharibəsində Azərbaycanın qələbəsini rəsmiləşdirən tarixi 10 noyabr Bəyanatının imzalanmasından iki il ötür. İmzalanmış Bəyanat 30 ilə yaxın  davam edən işğala son qoydu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə, rəşadətli Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Beləliklə, 44 gün davam edən müharibə Azərbaycanın şanlı Zəfəri ilə nəticələndi. Dövlət Başçımız, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan Ordusu düşmənin başını əzdi, belini qırdı. Bütün texnikası tam məhv edilən Ermənistan ordusunun, canlı qüvvəsinə ağır zərbə vuruldu. Düşmən sözün əsl mənasında darmadağın edildi. Bundan sonra Azərbaycan Prezidenti  İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən münaqişənin hərbi mərhələsinin başa çatmasını təsdiqləyən üçtərəfli Bəyanat imzalandı. İmzalanmış Bəyanata əsasən  işgal altında olan Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı.

Bununla da Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında Zəfər əldə etdi. Bu zəfər eyni zamanda onu nümayiş etdirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə, Onun sayəsində Azərbaycan öz istədiyinə nail olur.

Dövlət başçımız Azərbaycanın milli maraqlarına uyğun siyasət yürüdür və bu siyasətin mərkəzində Azərbaycan xalqı dayanır. İmzalanan Bəyanat tam olaraq ölkəmizin, xalqımızın maraqlarına cavab verirdi. Prezident  İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində Qarabağa heç bir status verilmir. Statusdan ümumiyyətlə söhbət getmir. Bəyanatda “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazinin olmadığı, Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazisi olduğu, Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətində olduğu öz əksini tapdı.

İmzalanmış üçtərəfli Bəyanatda həmçinin Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi, kontingentin sayı, hərbi texnika və yerləşmə məntəqəsi dəqiqliklə göstərilmiş və bu yerləşmənin konkret zaman çərçivəsində həyata keçirildiyi ifadə olunmuşdur. 11 noyabr 2020-ci il tarixində atəşkəsə nəzarətlə bağlı mərkəzin yaradılması müddəası əsasında müvafiq memorandum imzalanmışdır. Məlum olduğu kimi, 2021-ci ilin 30 yanvar tarixində işğaldan azad olunan Ağdam rayonunun ərazisində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olmuşdur. Bu hadisə Türkiyənin rəsmi qaydada atəşkəsə nəzarət prosesində iştirak etdiyini nümayiş etdirmiş oldu.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi.

DİGƏR Xəbərlər Arxiv