YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Bu gün qalib Azərbaycanın uğurlarından bəhs edərkən üçrəngli Bayrağımızın dünya dövlətlərinin bayraqları ilə bir sırada dalğalanmasını xüsusi qeyd edirik. Bu mühüm hadisə hər bir azərbaycanlını qürurlandırır. Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatların qarşısında Bayrağımızın ucaldılması da qürurla qeyd edilən uğurlarımız sırasındadır. Bu gün Bayrağımız işğaldan azad edilən torpaqlarımızda ucaldığı üçün qürurluyuq. 30 il bu anı səbirsizliklə gözlədik. Qalibiyyət rəmzi, müjdəçisi olan Bayrağımızın bizə bu Qələbəni çatdıracağına əmin idik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tariximizin Zəfər səhifəsini yazdı. 44 günlük İkinci Qarabağ müharibəsinin hər gününün tariximizə Qələbə səhifəsi kimi yazılmasını, Azərbaycan əagərinin hər gün işğaldan azad edilən şəhər, qəsəbə və yaşayış məntəqələrində Azərbaycan Bayrağını qaldırması anını hər kəs böyük qürur hissi ilə izlədi. 44 gün paytaxt və bölgələrimizdə küçə,  meydanları bəzəyən Bayrağımız  bizdə sabaha, tarixi Zəfərimizə böyük inam yaratdı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın hərbi-siyasi Qələbəsini və Ermənistanın kapitulyasiyasını xalqa müraciətində böyük qürur hissi ilə qeyd edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu müjdəsinə şahidlik edən Azərbaycan Bayrağı oldu. Bayrağımız milli birliyimizin ifadəsi, qürur mənbəyimizdir.

Dövlət Bayrağı xalqımızın azadlıq ideyalarının, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Milli həmrəyliyin başlıca amillərindən olan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc mənbəyidir.

Tarixə qısa nəzər salaq.  Dövlət Bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci il aprelin 28-də  Azərbaycan Parlamentinin binası üzərindən endirilmişdir. Həmin bayraq bir də 70 ildən sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmiş və Azərbaycanın üçrəngli bayrağı rəsmi olaraq Naxçıvan Ali Sovetinin binası üzərində dalğalanmağa başlamışdı. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. Azərbaycan Respublikası Ali Soveti həmin vəsatət əsasında 1991-ci il fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul etmiş, bununla da üçrəngli bayrağımız ölkə səviyyəsində xalqımızın istiqlal rəmzi kimi rəsmən təsdiqlənmişdi.

Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə siyasi proseslərin gedişi Azərbaycanı müstəqilliyini yenidən itirməsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və həyata keçirdiyi düşünülmüş, məqsədyönlü siyasət nəticəsində Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqlardan, iqtisadi böhrandan xilas oldu. Qısa zamanda sabitlik diyarına çevrilən Azərbaycanın bu günü üçün möhkəm təməl formalaşdırıldı. Üçrəngli Bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsi də ulu öndər Heydər Əliyevin  rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən  Konstitusiyamızda  öz əksini tapıb.

Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan son 19 ildə  Prezident İlham Əliyevin uğurlu siyasəti, təkmil islahatları nəticəsində Zəfər zirvəsini fəth etdi. Cənab İlham Əliyev dövlət rəmzlərini hər zaman uca tutur. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunun imzalanması da bu yüksək ehtiramın ifadəsidir.

Dövlət başçısı  İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı  Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr  tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilib. Ölkəmizdə  üçrəngli Bayrağımıza və ümumiyyətlə,  dövlət rəmzlərimizə göstərilən bu münasibət milli həmrəyliyi, azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyi, gənclərimizin  vətənpərvərlik ruhunda tərbiyə edilməsini, dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək istəyindən  irəli gəlir. Azərbaycan gəncləri Vətən, torpaq sevgisini, dövlət rəmzlərinə hörməti, yüksək dəyəri 44 günlük İkinci Qarabağ müharibəsində yazdıqları Zəfər səhifəsi ilə  təsdiqlədilər.

DİGƏR Xəbərlər Arxiv