YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli suverenliyin simvolu

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin Azərbaycanın Dövlət Bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alaraq,  dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə imzaladağı 17 noyabr 2009-cu il tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi təsis edilir.

Hər bir bayram tədbiri  hesabat kimi dəyərləndirilir. Müasir müstəqil, qalib Azərbaycanın ötən Dövlət Bayrağı Günündən bu günədək əldə etdiyi uğurların xronologiyasına diqqət yetirsək miqyasının böyük olduğunu qürurla qeyd edə bilərik. Son iki il tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda görülən işlərlə, qazanılan uğurlarla zəngindir.

Azərbaycan Bayrağının qürurla dalğalandığı işğaldan azad edilmiş torpaqlarımızda “Böyük Qayıdış” proqramı uğurla icra edilir. Genişmiqyaslı bərpa-quruculuq işlərini öz daxili imkanları hesabına həyata keçirən Azərbaycanın regionda davamlı sülhə və təhlükəsizliyə nail olmaq üçün göstərdiyi səylər də beynəlxalq aləmdə təqdir edilir. Ermənistanla münasibətlərində yeni səhifə açmaq istəyini nümayiş etdirən ölkəmiz sülh müqaviləsinin imzalanması ilə bağlı üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirir və bunu Ermənistandan da tələb edir. Artıq tarixi Zəfərimizin ikinci ilini arxada qoyduq. Son bir ilin uğurları sırasında dövlət başçısı İlham Əliyevin avqustun 26-da xalqımıza çatdırdığı müjdəni xüsusi qeyd etməliyik. Azərbaycan  Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəsmi tviter səhifəsində Laçınla bağlı paylaşım etdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.

Ölkə Prezidenti İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna səfəri zamanı Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında “İndi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə də qələbə qazanırıq, həyatda da qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir” fikirlərinin davamı olaraq böyük qürur hissi ilə “Bir daha demək istəyirəm, fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq! Yaşasın Laçın! Yaşasın Azərbaycan!” bəyan etdi.

Qalibiyyət rəmzi olan Bayrağımız işğaldan azad edilən torpaqlarımızda dalğalanır. Üçrəngli Bayrağımız milli qürurumuzdur. 2020-ci il 8 noyabr tarixində mədəniyyət paytaxtımız, alınmaz qala olan Şuşanın işğaldan azad edilməsi,  Azərbaycan əsgərinin Qarabağın tacında Bayrağımızı qaldırması Ermənistanı diz çökdürdü, 10 noyabr 2020-ci ildə kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu gün Bayrağımızın altında dəmir yumruq kimi birləşib torpaqlarımızın azadlığa qovuşmasına necə nail olduqsa, bu həmrəylik, birlik sayəsində də bərpa-quruculuq işlərini aparır, soydaşlarımızın tezliklə öz doğma yurd-yuvalarına qayıdaraq Qarabağa və Şərqi Zəngəzura yeni nəfəs vermələrinə səy göstəririk.

Bu gün diplomatik mərkəzə çevrilən Şuşada dalğalanan Azərbaycan Bayrağı dünyaya tarixi Zəfərimizin reallıqları ilə yanaşı, birliyimizi təqdim edir. Şuşa 30 ildən sonra dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı bir araya gətirərək Zəfər Qurultayına şahidlik etdi. Dünya azərbaycanlıları Bayrağımızın altında birləşərək qalib Azərbaycanın yaratdığı yeni reallıqların həyata keçirilməsində üzərinə düşən vəzifələri müzakirə etdilər.

Dövlət Bayrağımız canımız, qürurumuz, kimliyimiz, sabaha doğru inamlı addımlarımızın əsasıdır. Dövlət Bayrağı Günündə Azərbaycanın uğurlarını sadalamaq böyük xoşbəxtlik, qürurdur. Bayrağımız hələ bundan sonra qalib Azərbaycanın daha möhtəşəm uğurlarına şahidlik edəcək, yeni-yeni hədəflərin bələdçisi olacaq. Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

DİGƏR Xəbərlər Arxiv