YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Gürcüstan əlaqələri uğurla inkişaf edir

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin genişləndirilməsi mühüm yer tutur. Bu baxımdan, ölkəmizin Gürcüstanla münasibətlərinin inkişafı hər zaman diqqət mərkəzindədir. Oktyabrın 24-də Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə böyük təkan verəcək.

Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin mətbuata bəyanatları zamanı dövlətimizin başçısı strateji tərəfdaşlıq əlaqələrinin müttəfiqlik səviyyəsinə qalxdığını bəyan etdi. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm də beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik. Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinin müttəfiqlik səviyyəsinə yüksəlməsi günümüzün vacib tələbidir. İkitərəfli layihələrimiz təkcə ölkələr və region üçün deyil, ümumilikdə Avropanın enerji təhlükəsizliyi baxımından mühüm önəm daşıyır. Çünki Azərbaycanın yaratdığı yeni reallıqlar, iqtisadi layihələr həm regionun, həm də Avropanın maraqlarına cavab verir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan region ölkələrinin də iştirakı ilə yeni bir inkişaf konsepsiyasını irəli sürdü. Bu platformada Azərbaycan və Gürcüstanla yanaşı Ermənistanın da yer alması, daha doğrusu, yer alması üçün fürsətin yaradılması Bakının beynəlxalq imicinin müsbət mənada formalaşmasına səbəb oldu. Ermənistan Azərbaycanın onun üçün müxtəlif istiqamətlərdə təklif etdiyi imkanları düzgün qiymətləndirib, sülh konsepsiyasına əməl etməlidir. Əks təqdirdə, bu gün səslənən təkliflər, yaradılan fürsətlə bir daha təkrarlanmaya bilər.

Azərbaycanla Gürcüstan arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da uğurla inkişaf edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu əməkdaşlığın böyük tarixi var və biz birgə səylərlə çox önəmli böyük layihələri icra edə bilmişik. Ötən əsrin doxsanıncı illərinin sonlarında Bakı-Supsa neft kəmərinin tikintisi böyük hadisə idi. Bu, imkan verdi ki, Xəzər dənizi Qara dənizlə neft kəməri vasitəsilə  birləşsin. Bundan sonra Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikildi. Regional və qlobal əhəmiyyət daşıyan bu layihələri üç qonşu dövlət - Azərbaycan, Türkiyə və Gürcüstan birgə səylərlə reallaşdırıblar. Üç ölkənin tərəfdaşlığı ilə ərsəyə gələn meqa layihələrdən biri də Cənub Qaz Dəhlizidir. Bu gün sözügedən layihələr ölkələrimizin iqtisadi inkişafında mühüm rol oynayır. İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın digər prioritet istiqaməti nəqliyyat sektorudur. Ölkələrimiz üzərindən Avropa ilə Asiyanı birləşdirən ən qısa və təhlükəsiz nəqliyyat marşrutu keçir. Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra Azərbaycanın və Gürcüstanın tranzit imkanları əhəmiyyətli dərəcədə artıb. Bütövlükdə isə, transmilli layihələr gələcəkdə də hər iki qonşu ölkə üçün böyük faydalar gətirəcək.