YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BDU-da “Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur” adlı tədbir keçirilib

Bakı Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı “Z.Xəlilov küç. 33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatı və universitetin  Kimya, Fizika fakültələrinin birgə təşkilatçılığı ilə partiyanın təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur” adlı tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev, Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov, BDU-nun professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan ərazi partiya təşkilatının sədri, professor Zahid Cəfərov Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər salıb. YAP-ın müasir Azərbaycan dövlətinin inkişafında müstəsna rolu vurğulanıb, ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi nəticəsində yaranan partiyanın cəmiyyət həyatının bütün sahələrində müsbət fəaliyyəti xüsusi qeyd edilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən vətənpərvər, intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Bugünkü Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqət və qayğısını dərin ehtiram hissi ilə xatırlayır. Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib.

YAP Təftiş Komissiyasının üzvü Naqif Həmzəyev qeyd edib ki, Azərbaycanın gələcəyini düşünən ümummilli lider Heydər Əliyev  həmişə gənclərin himayədarı kimi çıxış edib, onların sağlam düşüncəli, milli və vətənpərvər ruhda yetişdirilməsində misilsiz xidmətlər göstərib. YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov 91 nəfər ziyalının xalqın böyük əksəriyyətinin istəyini özündə ifadə edən Ulu Öndərə “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətinin tarixə mühüm hadisə kimi yazıldığını söyləyib, Ümummilli Liderlə bağlı xatirələrindən danışıb.

Kimya fakültəsinin dekanı Fuad Kərimli və Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev çıxışlarında gəncləri Azərbaycanın ictimai-siyasi həyatında daha aktiv iştirak etməyə çağırış edib.