YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Gürcüstan arasındakı tarixi bağlara söykənən dostluq inkişaf edir

Naqif Həmzəyev

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı

Azərbaycan və Gürcüstan arasındakı tarixi bağlara söykənən dostluq və əməkdaşlıq bu gün də dinamik şəkildə inkişaf edir. Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar, bir-birinə dəstək olublar. Hazırda isə iki ölkə arasında sıx münasibətlər strateji tərəfdaşlıq mərhələsinə yüksəlib. Bu, Azərbaycan və Gürcüstanın indiyədək birgə fəaliyyət göstərdikləri geniş miqyaslı layihələrin reallaşmasında öz əksini tapıb. Məhz həmin təşəbbüslərin gerçəkləşməsi regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verməkdədir. Müstəqillik qazanıldığı dövrdən etibarən Azərbaycan və Gürcüstan iyirmi ildən artıqdır ki, Cənubi Qafqazda enerji, nəqliyyat-logistika və aqrar-sənaye potensialını özündə ehtiva edən ən əhəmiyyətli platformalardan birini formalaşdırmışdır.

Bakı və Tbilisi uzun illərdir ki, birgə nəqliyyat və enerji layihələri çərçivəsində sıx əməkdaşlıq edirlər. Hər iki ölkənin ərazisində neft və qaz tranzit boru kəmərləri şəbəkəsi mövcuddur. Eyni zamanda neftin, yanacağın və neft-kimya məhsullarının daşınması üçün yeni terminallar inşa edilməkdədir. Xəzər regionundan xammalların Qara və Aralıq dənizi ölkələrinə  Gürcüstan limanlarından ixrac edilir, bu isə Avropanın enerji təhlükəsizliyinin uğurla təmin edilməsidir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindəyik. Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Həmçinin Bakı və Tbilisi elektrik enerjisinin Türkiyə bazarına ixracı və sonradan bir sıra Cənubi Avropa ölkələrinə ötürülməsi layihələrini dinamik şəkildə həyata keçirir. Nəqliyyat və logistika sektorunda müştərək təşəbbüslər, Avropa və Türkiyəni Mərkəzi Asiya və Çinlə birləşdirən Bakı-Tbilisi-Qars (BTC) beynəlxalq dəmir yolu dəhlizi ilə yüklərin daşınması da olduqca önəmlidir.

Xüsusilə vurğulamaq istəyirəm ki, 2021-ci ildə Gürcüstanın ümumi ixrac göstəricilərində Azərbaycanın payı 15%-ə yaxın olub və ölkəmiz orada əsas tədarükçülər hesab edilən Çin və Rusiya arasında üçüncü yeri tutub. Eyni zamanda, Azərbaycan Gürcüstanın dördüncü ən böyük xarici ticarət tərəfdaşıdır və uzun illər Türkiyə ilə birlikdə Cənubi Qafqaz qonşusunun iqtisadiyyatının kapitallaşma səviyyəsinin artırılmasında aparıcı investordur. Hazırda Gürcüstanda Azərbaycan kapitallı 650-dən çox şirkət fəaliyyət göstərir və Azərbaycan 1995-ci ildən Gürcüstan iqtisadiyyatına 3,3 milyard ABŞ dollarından çox sərmayə qoyub.

Düşünürəm ki, regionda yaranmış yeni geosiyasi reallıqları nəzərə alaraq, yaxın gələcəkdə də dost dövlətlər qarşılıqlı faydalı ikitərəfli işgüzar əlaqələrini daha da genişləndirəcək, bütün istiqamətlərdə, xüsusilə də, nəqliyyat, logistika və enerji sahələrində əməkdaşlığı gücləndirərək yeni bir müstəviyə daşıyacaqdır.