YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkiyə hər zaman birlikdə

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri arxada qalsa da bu səfərin özündə ehtiva etdiyi çağırışlar bu gün də geniş müzakirə olunmaqdadır. Səfər öncə təsdiqləndi ki, Azərbaycan-Türkiyə birliyi sarsılmazdır, iki dost ölkə hər zaman bir yerdədir. 44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin postmünaqişə dövrünün reallıqları bu birliyin dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vətən müharibəsinin gedişi dövründə hər gün səsləndirdiyi “Azərbaycan tək deyil” çağırışını bu gün də təkrar-təkrar yada salmaqdan böyük qürur hissi keçiririk. 44 günlük Vətən müharibəsinin hər gününün Qələbə sevincini Azərbaycanla birgə yaşayan, bu xəbərləri böyük coşqu ilə qeyd edən qardaş Türkiyənin postmünaqişə dövrünün reallıqlarının təsdiqində və təqdimatında da Azərbaycanın yanında olması qürurvericidir.  Bu gün ölkəmizin həyatında yaşanan yeni mərhələdə- işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və qurulucuq işlərinin yüksək səviyyədə həyata keçirilməsində Türkiyə şirkətlərinin fəal iştirakı dünyaya ciddi mesajdır. Dövlət başçısı İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında diqqəti bir daha 44 günlük İkinci Qarabağ müharibəsində Türkiyənin mənəvi və siyasi dəstəyinə yönəldərək bildirdi ki, bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi. Bu, bizə əlavə güc verirdi, bu, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını alırdı. Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı.

Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsi kimi dəyərləndirilən Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad Qarabağımıza ilk səfər edən dövlət başçısıdır. Onun ötən il Şuşada keçirilən həmrəylik, birlik tədbirlərində iştirakı, böyük tarixi əhəmiyyətə malik Müttəfiqlik Bəyannaməsinin imzalanması bu dostluğun, qardaşlığın sarsılmazlığının nümayişi oldu. Dövlət başçısı İlham Əliyev Şuşa görüşünü hər iki xalqın həyatında əlamətdar gün, tarixi hadisə adlandırdı və bildirdi ki, Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir.

Tarixi Zəfərimizdən ötən iki ildə Azərbaycan-Türkiyə birliyinə işıq salan hadisələrə bir daha diqqəti yönəldən dövlət başçısı İlham Əliyev Cəbrayıldan bu bəyanatı səsləndirdi ki, Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır.

Postmünaqişə dövrünün reallıqlarından bəhs edərkən işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini xüsusi qeyd etməliyik. Azərbaycan dünyaya təqdim etdiyi dirçıliş modeli ilə nəyə qadir olduğunu nümayiş etdirdi. İki ildə görülən işlərin miqyası o qədər böyükdür ki, onların yalnız qısa xronologiyasını təqdim edə bilərik. Dövlət başçısı İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında yalnız iki dost ölkənin iştirakı ilə həyata keçirilən bərpa işlərindən və Prezident Rəcəb Tayyib Ərdoğanın qatıldığı mərasimlərdən bəhs etdi.  Ötən il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi. Zəngilanın işğaldan azad edilməsinin ikinci ildönümündə isə Zəngilan Beynəlxaq Hava Limanının açılışının qardaş ölkənin Prezidenti ilə həyata keçirməsinin doğurduğu hissləri cənab İlham Əliyev belə ifadə etdi: “Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Əziz qardaşımı Cəbrayılda, Zəngilanda salamlamaq, “Xoş gəlmisiniz!” demək mənim üçün böyük şərəfdir. Bu gün biz birlikdə Zəngilan Hava Limanının açılışını qeyd etdik. Bir il bundan əvvəl əziz qardaşımın iştirakı ilə Füzuli Hava Limanını bir yerdə açdıq, bu gün Zəngilan Hava Limanını açdıq. Yəni, bu, onu göstərir ki, biz bütün xoş günlərdə bərabərik.”

Prezident Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri hər bir Azərbaycan vətəndaşında böyük sevinc hissi yaradır.  Ötən il Şuşaya, bu il Zəngilan və Cəbrayıla səfərləri, hər bir səfərin tarixi hadisəyə çevrilməsi Azərbaycan-Türkiyə birliyinə, əlaqələrin inkişafına yeni əlavələr edir. Bugümüzün əsas qürurverici məqamlarından biri budur ki, səfərlər zamanı imzalanan sənədlərin, mətbuata bəyanatların məkanı məhz işğaldan azad edilmiş torpaqlarımızdır. Bu addımların hər biri tarixi Zəfərimizin reallıqlarının dünyaya təqdimatında və qəbulunda Azərbaycanla Türkiyənin birgə fəaliyyətinin göstəricisidir. Hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycan və Türkiyə uğurla inkişaf edir, bütün sahələrdə əlaqələrin yeni prioritetlər üzrə möhkəmləndirilməsi üçün yeni imkanlar yaranır.