YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə birliyi: Qarşıya qoyulan bütün hədəflər birgə səylər nəticəsində reallığa çevrilir

Həbib Cəfərov

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri

Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı möhkəm təmələ əsaslanaraq gündən-günə daha da möhkəmlənir. Azərbaycan bu birliyin fonunda daim türk dünyasına bu çağırışı edir ki, gücümüz birliyimizdədir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə start veriləndə də Türkiyə şirkətləri bu prosesdə fəal iştirakları ilə diqqəti çəkdilər. İstər 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi, istərsə də postmünaqişə dövrünün reallıqlarını nəzərdən keçirsək qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu görərik. Tarixi Zəfərimizdən sonra atılan ilk addımlardan biri bu iki ölkə arasında müttəfiqliyin rəsmiləşdirilməsi, Şuşa Bəyannaməsinin imzalanması oldu.  Sənədin Şuşada, eyni zamanda, 15 İyun- Milli Qurtuluş Günündə imzalanması özündə bütün məqamları ehtiva etdi. Şuşa Bəyannaməsi böyük öndərlərin – “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” söyləyən Mustafa Kamal Atatürkün, "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” aforizminin müəllifi Heydər Əliyevin vəsiyyətlərinə sadiqlikdir. Dövlət başçısı İlham Əliyev bildirir: “Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk.”

Şuşa Bəyannaməsi iki dost, qardaş, müttəfiq ölkənin əlaqələrinin gələcək inkişafı üçün yol xəritəsidir. Türkiyə dünya miqyasında söz sahibidir. Bölgədə və dünyada Türkiyə ilə hesablaşırlar. Türkiyənin mövqeyi həlledici rol oynayır. Dövlət başçısı İlham Əliyev çxışlarında bu məqamı böyük qürur hissi ilə qeyd edir ki, dünyada ikinci ölkə tanımıram ki, Türkiyə və Azərbaycan qədər biri-birinə bağlı olsunlar. Bu, bizim böyük sərvətimizdir.

Azərbaycan və Türkiyə dövlətləri, xalqları birləşdirən layihələrin əsas iştirakçılarıdır. İki qardaş ölkənin siyasi iradəsi əsasında reallığa çevrilən bu layihələr regional inkişafa böyük töhfə olmaqla yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır.

Dövlət başçısı İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında bu reallıqları bir daha diqqətə çatdırdı: “Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bütün sahələrdə müttəfiq oldu və bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır.” Türkiyə-Azərbaycan əməkdaşlığı nəinki ikitərəfli əlaqələrin inkişafı üçün vacibdir, həmçinin bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi baxımından sabitləşdirici rol oynayır.

Hər iki xalqı birləşdirən ortaq tarix, mədəniyyət münasibətlərin əsrlərdən bəri qorunan möhkəm təməlidir. Azərbaycanla Türkiyə arasındakı dostluq telləri təkcə enerji layihələri ilə məhdudlaşmır.  Qarşıya qoyulan bütün məsələlər birgə səylərlə, iradə ilə həllini tapır. İqtisadi sahədə eynilik təşkil edən maraqların siyasi müstəvidə də üst-üstə düşməsi hər iki dövlətin diplomatiyasında özünü büruzə verir. 30 illik işğal dövründə rəsmi Ankara artıq tarixə qovuşan Qarabağ münaqişəsinin ədalətli həllinə çağırışlar edərək dünyanı ikili standartlara əsaslanan siyasətinə son qoymağa çağırırdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirirdi ki, haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmaz. Biz, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara “Dur!” deməsini gözləyirik. Sabitliyin, əmin-amanlığın, rifahın təmin olunması qaydaları istisnasız bütün dövlətlər üçün tətbiq edilməzsə, kimsə gələcəyinə əminliklə baxa bilməz: “Türkiyə və Azərbaycan olaraq biz istənilən vəziyyətdə və şərtlər altında inandığımız dəyərlər uğrunda apardığımız birgə mübarizəni davam etdirəcəyik. Allahın izni ilə bu müqəddəs mübarizəmizdə müvəffəqiyyət qazanacağıq.”

Tarixi Zəfərimiz qardaş Türkiyəni Azərbaycan qədər sevindirdi. Azərbaycan və Türkiyə bayraqları bütün küçə və meydanlarda qoşa dalğalandı. Azərbaycanın tarixi Zəfərinin dünyaya təqdimatında mühüm rol oynayan Zəfər paradında Prezident İlham Əliyevlə çiyin-çiyinə dayanan Türkiyə Prezidenti çıxışında bəyan etdi ki, Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir.

Bu hədəf də uğurla reallaşdırılır. Hazırda Azərbaycan-Türkiyə birliyi işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində öz əksini tapır. Bərpa olunan Qarabağ və Şərqi Zəngəzur bu birliyə şahidlik edir.