YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Türkiyənin silah istehsalı sahəsində böyük irəliləyiş əldə etməsi bizi sevindirir

İstanbulda “Saha Expo” Müdafiə və Aerokosmik Sərgisi yüksək səviyyədə təşkil olunub. Bildiyiniz kimi, bizim Türkiyə Silahlı Qüvvələri ilə çox sıx əməkdaşlığımız var. Xüsusilə qeyd etmək istəyirəm ki, son illərdə Türkiyə silah istehsalı sahəsində çox böyük irəliləyiş əldə edib. Bu, bizi sevindirir və türk qardaşlarımıza bu işlərdə uğurlar arzulayırıq.

Bu fikirləri İstanbulda keçirilən “Saha Expo” Müdafiə və Aerokosmik sərgisində iştirak edən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan mediasına açıqlamasında bildirib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun olaraq qurulması istiqamətində böyük işlərin görüldüyünü vurğulayan nazir bildirib: “Ordumuzun təşkilati-ştat strukturunda dəyişikliklər edilib. Əsasən idarəetmə sistemi dəyişdirilib. Tətbiq edilən yeniliklər çox uğurlu alınıb və bu, son döyüşlərdə də özünü göstərdi. Yeni Komando hərbi hissələrinin yaradılması istiqamətində işlər görülür. Artıq bir neçə Komando hərbi hissəsi yaradılıb. Son bir neçə döyüş toqquşmasında onlar öz imkanlarını nümayiş etdirdilər və qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdilər. Təbii ki, ordu quruculuğu məsələlərində silah-texnika təchizatı, yəni, ordunun ən müasir silahla təmin olunması əsas vəzifədir. Qarşıda duran digər vəzifələr də uğurla həyata keçirilir”.

Sərgi barədə fikirlərini bölüşən nazir deyib: “Sərgiyə baxış keçirdik. Azərbaycan Ordusu buradakı bir sıra hərbi texnika ilə maraqlanır, bir çoxu ilə bağlı artıq müqaviləmiz də var. İş gedir, ən müasir raketlər istehsal olunur. Baxırıq, bizim ordumuzda da tətbiq oluna biləcək silahlarla bağlı müzakirələr aparırıq. Bu sahədə görülən işlərimiz çoxdur, əməkdaşlığımız uğurla inkişaf edir”.