YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdır

Elmar Əhmədov 

YAP Salyan rayon təşkilatının sədri

Dünya dirçəlişin Azərbaycan modelindən bəhs edir. Tarixi Zəfərimizdən ötən iki ildə işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsinə və soydaşlarımızın Böyük Qayıdışına xidmət edən addımların xronologiyasına diqqət yetirsək, görərik ki, görülən işlərin miqyası ölçüyəgəlməzdir. Bu günlərdə dünyanın diqqətini həm bərpa-quruculuq işlərinə, həm də Azərbaycan-Türkiyə birliyinə yönəldən Zəngilan Beynəlxalq Hava Limanının açılışı göstərdi ki, dövlətimiz bu əraziləri müasir tələblər səviyyəsində yenidən qurmağı, soydaşlarımızın rahatlığı üçün bütün şəraitin yaradılmasını qarşıya prioritet məsələ kimi qoyub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görülən işlərin mənzərəsini belə təqdim etdi: “Dağıdılmış, yerlə-yeksan edilmiş bu bölgələr hazırda qardaşım İlham Əliyevin liderliyi ilə bənzərinə az rast gəlinən böyük bir inkişaf həmləsi ilə yenidən dirçəlir. Körpüləri, dəmir yolları, avtomobil yolları, magistralları ilə yenidən bir Azərbaycan inşa edilir. İndi biz bunları yaşayırıq, görürük. Eşidərək deyil, görərək bu ifadələri işlədirik. Bu, təbii ki, başda qardaşım İlham Əliyev olmaqla, bütün komandası ilə əl-ələ verərək atdıqları addımlar, gördükləri işlərlə bu qədər qısa müddətdə Azərbaycan, necə deyərlər, burada sıfırdan başlayaraq yenidən ayağa qalxır.”

İşğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinin sürətləndirilməsi, yol infrastrukturunun yenilənməsi, bölgələrin enerji ilə təminatı üçün inşa edilən və bərpa olunan elektrik stansiyaları bütünlükdə Qarabağın və Şərqi Zəngəzurun simasının dəyişilməsinə, rayonların iqtisadiyyatının inkişafına xidmət edir. Son iki ildə dövlət başçısı İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlara, təsdiqlədiyi Dövlət proqramlarına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyevin Fərmanı əsasında iqtisadi rayonların yeni bölgüsü aparıldı. Yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılaraq say 14-ə çatdırıldı. Bundan sonra dövlət başçısının Sərəncamı əsasında “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Bu sənəddə əksini tapan vəzifələrin yerinə yetirilməsi ilə erməni vandalları tərəfindən dağıdılan kəndlərdə, şəhərlərdə bərpa -quruculuq işləri sürətlənir.

Bərpa-quruculuq işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən vəsaitin ayrılması, Qarabağ Dirçəliş Fondunun təsis edilməsi işğaldan azad olunmuş ərazilərdə normal həyatın qaytarılması və iqtisadi inkişafın bərpası naminə görülən işlər sırasındadır. Şəhərlərin Baş planları hazırlanıb təqdim edilir.  “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində bərpa işləri həyata keçirilir. Zəngilanın Ağalı kəndi ilk “ağıllı kənd”dir. İlk “ağıllı şəhər” isə Ağdam olacaq.  Bu günlərdə Ağdam Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi etməklə ölkəmizin şəhərsalma təcrübəsini dünyaya çatdırdı. Dağıdılmış şəhərlərin, kəndlərin yerində salınan yeni tikililər Azərbaycan dövlətinin malik olduğu imkanların təqdimatında mühüm rol oynayır.  Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” konsepsiyalarının həyata keçirilməsi bərpa-quruculuq işlərinin yalnız bir hissəsidir.

Dövlət başçısı İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında diqqəti ermənilərin bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan etməsinə yönəldərək bildirdi ki, əsas məqsəd ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın: “Ancaq biz qayıtmışıq, qan tökərək qayıtmışıq, savaşaraq, döyüşərək qayıtmışıq və bu gün artıq həyat bu bölgəyə qayıdıb, Ağalı kəndinin timsalında biz bunu görürük. Dünən mən Ağalı kəndində idim, məktəbə getmişdim. Məktəbdə 70 uşaq oxuyur. Yəni, o uşaqların heç biri buranı görməyib. Hətta onların bir çoxunun valideynləri də işğal dövründə doğulub, bir çoxları işğal baş verəndə özləri uşaq idi. Amma onlar qayıdıblar. Çünki torpaq çəkir, Vətən çəkir və hamımız qayıdacağıq. Bütün keçmiş məcburi köçkünlər qayıdacaqlar. Biz onların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq və bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizimlə bir yerdədirlər.”

Böyük Qayıdışın atılan ilk addımı soydaşlarımızda böyük sevinc, qürur hissi yaratdı. Artıq bu qayıdışın sürətlənməsi istiqamətində davamlı addımlar göz qabağındadır. Bu işlər üçün yeganə rəqib zamandır. Qeyd etdiyimiz kimi, ermənilər bu əraziləri elə dağıdıblar ki, onların bərpası, yenidən qurulması, həmçinin basdırılan minaların təmizlənməsi vaxt tələb edir. Azərbaycanın dünya hərb tarixində atdığı ilk addımını - müharibədən dərhal sonra bərpa-quruculuq işlərinə  başlamasını nəzərə alsaq  hər bir hədəfə zamanında nail olacağımızı böyük əminliklə qeyd edə bilərik. Böyük Qayıdışın davamlı olması qaçılmazdır.