YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azadlığına qovuşan Qubadlı yenidən qurulur

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazın ən böyük hərbi gücü sayılan qüdrətli ordumuzun 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri dünyaya Azərbaycanın gücünü nümayiş etdirdi. Bu günlərdə xalqımız Azərbaycan Ordusunun iki il əvvəl 44 gün ərzində böyük zəfərlərə imza atdığı tarixi Qələbənin ildönümünü qeyd edir. Bu gün 25 oktyabrda Qubadlının azad olunmasından iki il ötür. O tarixi gün, Qubadlının işğaldan azad olunması Azərbaycan ordusunun Laçına, oradan isə Şuşaya gedən yola işıq saldı.

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə açıqlamasında deyib. O bildirib ki, Qubadlı və onun ətrafında yerləşən kəndlər hələ XVIII əsrdə Qarabağ inzibati ərazisini təşkil edib. Sonralar Zəngəzur mahalına daxil olan Qubadlı 1868-ci ildə Yelizavetpol quberniyası yaranandan sonra Zəngəzurun tərkibinə daxil edilib. Rayonun əhalisi əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olub. Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilir. Azğın düşmən burada 30 il ərzində istehkamlar qurur, 94 yaşayış məntəqəsini, 7278 fərdi yaşayış evini, 64 inzibati binanı, 148 sosial obyekti, 161 mədəniyyət obyektini, 7 məscid, 16 körpünü dağıdılmış və yararsız vəziyyətə salır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılır.

44 günlük Vətən müharibəsində Qubadlı uğrunda gedən döyüşlər kifayət qədər ağır döyüşlər idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsindəki hərbi uğuru sayəsində düşmənin bütün hədəfləri məhv edildi və Qubadlı 27 illik əsarətdən sonra azadlığına qovuşdu.

YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, Qubadlının bol məhsullu “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri, təbii dərman bitkiləri ilə də zəngin torpaqları, rayonun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı artıq əsl sahiblərinə qovuşub. Bu torpaqlarda Azərbaycan bayrağı qürurla dalğalanır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva torpaqlarımız işğaldan azad edildikdən sonra - 2020-ci il dekabrın 23-də Qubadlıya səfər etdilər və üçrəngli bayrağımızı düşməndən azad edilən bu torpaqlarda ucaltdılar. Oktyabrın 10-u 2021-ci ildə yenidən Qubadlıya səfər edən Prezident İlham Əliyev Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak edir, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşür.

Qubadlının düşmən işğalından azad olunmasının ikinci ildönümü ərəfəsində, oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yenidən tarixdə Bərgüşad mahalı kimi tanınan bu torpaqlara səfər ediblər. Dövlət başçısı “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, İşğal və Zəfər muzeylərinin təməlini qoyub. Eyni zamanda Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Qubadlı şəhərinin Baş planı təqdim olunub.

İsveçrənin “S.A_Partners” şirkəti və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanan Baş planda növbəti 20 il ərzində şəhərin ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması nəzərdə tutulub. Baş plana əsasən, şəhərin mərkəzi hissəsində evləri, iş yerlərini, istirahət, əyləncə və mədəni fəaliyyəti, sosial obyektləri bir mühitdə cəmləyən əlverişli şəraitin yaradılması planlaşdırılır. Beləliklə, yaxın 20 illik perspektiv üçün bu torpağın təbii imkanları nəzərə alınaraq Qubadlı inkişaf edəcək, yaşıl şəhər obrazı görənləri valeh edəcək.

Heç vaxt işğalla barışmayan, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəyinə inan Azərbaycan xalqının arzusu Prezident İlham Əliyevin dönməz iradəsi, Azərbaycan əsgərinin döyüş ruhu sayəsində reallığa çevrildi.

“Zərəf yolunda inamla irəliləyən Azərbaycanın üçrəngli bayrağı yeni inkişaf mərhələsini yaşayan Şuşada, Ağdamda, Xocavənddə, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə dalğalanır və əbədi olaraq dalğalacaq”- deyə Milli Məclisin deputatı Pərvin Kərimzadə vurğulayıb.