YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Siyasi partiyalar haqqında” qanun layihəsinin hazırlanması zamanı ictimai rəyin öyrənilməsi tendensiyası xüsusi əhəmiyyət kəsb edir

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

“Siyasi partiyalar haqqında” hazırlanan yeni qanun layihəsi ilə bağlı geniş ictimai dinləmələrin keçirilməsi ölkəmizdəki siyasi partiyalar, vətəndaş cəmiyyəti, eləcə də ictimaiyyət tərəfindən çox müsbət qarşılanıb. 

Oktyabrın 24-də Milli Məclisdə keçirilən ictimai dinləmə bir daha sübut etdi ki, qanunverici orqan hər zaman müzakirələrə açıqdır. İctimai dinləmədə siyasi partiya rəhbərləri və nümayəndələri iştirak edərək öz fikirlərini sərbəst şəkildə ifadə etdilər. Siyasi plüralizm mühitində baş tutan dinləmədə tədbir iştirakçılarına layihə ilə bağlı təmsil etdikləri partiya üzvlərinin iradəsini sərbəst ifadə etmək imkanı yaradılıb. Belə ki, siyasi partiya liderləri müzakirələrdə çıxış edərək mövcud problemlərin, qarşıda duran məsələlərin həlli baxımından qanun layihəsinə öz münasibətlərini bildirməklə yanaşı qanun layihəsinin ayrı-ayrı müddəaları barədə konkret rəy bildirdilər və öz təkliflərini səsləndirdilər.

Ümumiyyətlə, artıq bir neçə vaxtdır ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin müxtəlif platformalarda müzakirəsi təşkil edilir. Bu isə özlüyündə çox müsbət haldır və gələcəkdə bu tendensiyanın davam etdirilməsi sosial sifarişin təzahürü olaraq qəbul edilməlidir. Keçirilmiş ictimai dinləmənin əsas mahiyyəti ondan ibarətdir ki, Milli Məclis bu tip dinləmələrə və müzakirələrə hər zaman açıq olduğunu bəyan etməklə ictimai rəyin öyənilməsində maraqlı olduğunu bir daha ifadə etmiş oldu. “Siyasi partiyalar haqqında” qanun layihəsinin mövcud formatda müzakirəsi həmçinin Milli Məclis tərəfindən başlanan yeni proses olaraq qiymətləndirilməlidir. Bu isə öz növbəsində cəmiyyətdə baş verən hadisələrin, sosial-siyasi tələblərin daha dolğun qiymətləndirilməsinə xidmət edəcək çox mühüm amildir. Mövcud tendensiya qəbul ediləcək qanun layihələrinin elmi əsaslarının daha da möhkəmləndirilməsinə fayda verəcəkdir. Bir sözlə, baş tutmuş dinləmə bu sahədə yeni, eyni zamanda, müsbət tendensiya yaratmış oldu.

Bu məsələyə digər bir aspektdən baxdıqda isə ali qanunverici orqan ilə siyasi partiyalar arasında əlaqələrin yeni müstəviyə qədəm qoydğunu görmək mümkündür. Nəticədə isə ali qanunverici orqanla siyasi partiyalar arasında əlaqələrin inkişafı və vətəndaşların ölkənin siyasi həyatına inteqrasiyası daha da sürətlənəcəkdir.

Ümumiyyətlə, ali qanunverici orqanın son illər ərzindəki fəaliyyətinə nəzər saldıqda görürük ki, ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiyanın tələblərinə çox böyük önəm verilir. Bir qayda olaraq dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai-siyasi rəyin nəzərə alınması demokratik cəmiyyətin, eləcə də siyasi plüralizmin mövcudluğunun əsas göstəricisi kimi qiymətləndirilməlidir.

 “Siyasi partiyalar haqqında” qanun layihəsinin hazırlanması zamanı ictimai rəyin öyrənilməsi tendensiyası xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu qanun layihəsi Azərbaycanda həyata keçirilən islahatlar fonunda formalaşan yeni siyasi sistemin tələblərinə cavab verəcək mütərəqqi bir sənəd olacaqdır. Oktyabrın 24-də keçirilmiş icitimai dinləmədən də məlum oldu ki, siyasi partiya rəhbərləri və nümayəndələri bu cür dinləmələrin keçirilməsini təqdirəlayiq hal hesab edirlər.

İctimai-siyasi baxımdan çox mühüm əhəmiyyət daşıyan dinləmə hazırlanan sənədin effektivliyinə böyük təsir göstərəcəkdir. Yeni qanun layihəsi ciddi ictimai əhəmiyyət daşımaqla bərabər siyasi sistemdə müsbət dəyişikliklər  yaradacaqdır. Burada diqqət yetirilməli olan əsas məqamlardan biri də layihənin ölkədə həyata keçirilən çoxşaxəli islahatlar prosesinə uyğun olaraq mövcud siyasi sistemin təkmilləşməsinə xidmət etməsidir.

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə geniş formada öyrənilmiş və partiyaların təklifləri xüsusilə nəzərə alınmışdır. Bütün bunların isə əsas məqsədi ondan ibarətdir ki,  beynəlxalq təcrübəyə uyğun mütərəqqi qanun layihəsi formalaşsın.