YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müttəfiqlik səviyyəsinə yüksəlib

“Azərbaycan ilə Gürcüstan  arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin tarixi çox qədimdir. Bu münasibətlər zəngin  ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində inkişaf edir.  İki ölkənin  münasibətlərinin tarixinə nəzər salsaq bu fikri böyük əminliklə qeyd edə bilərik ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin  və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi əməkdaşlıqda yeni səhifə açdı. Hər iki liderin Azərbaycanla Gürcüstan arasında əlaqələrin yüksələn xətlə inkişafında rolu böyükdür. Təbii ki, burada onların şəxsi nüfuzu, eyni zamanda, bir-birlərinə yaxın dost  münasibətləri də  əhəmiyyətli rol oynadı. Eyni regionda, mürəkkəb coğrafi ərazidə yerləşən hər iki ölkənin əsrlərə söykənən qonşuluq, dostluq əlaqələri müstəqillik illərində daha da genişləndi, iştirak etdikləri qlobal infrastruktur layihələrinin həlli ilə dünyanın enerji xəritəsinin dəyişməsinə təsir göstərdilər.  Bu baxımdan tam əminliklə söyləmək olar ki, möhkəm iradə, etibarlı təməl üzərində formalaşan münasibətlər bu gün artıq dövlətlərarası tərəfdaşlığı gücləndirən amil kimi diqqəti cəlb edir.  Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir, siyasi, iqtisadi münasibətlər, hər iki xalq arasında əsrlərdən bəri davam edən mehriban qonşuluq əlaqələri getdikcə möhkəmlənir. Dövlət başçısı İlham Əliyevin  oktyabrın 24-də Gürcüstana işgüzar səfəri çərçivəsində liderlərin  mətbuata birgə bəyanatları zamanı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu məqama xüsusi diqqət yönəldərək bildirdi:  “Mən Sizin atanızdan, ölkənizin Ümummilli Liderindən sitat gətirmək istəyirəm. Onun xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Gürcüstanda Tbilisidə olanda demişdi, Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək.” O da qeyd edildi ki, ölkələrimiz arasında  mehriban qonşuluq münasibətləri və strateji tərəfdaşlıq, o cümlədən əməkdaşlığın gündəliyi  səfərin əhəmiyyətini açıqlayır.  Azərbaycanla Gürcüstanın bu qədər yaxın olmasına dövlət başçısı İlham Əliyevin töhfələrinin böyüklüyü  Gürcüstanın Baş naziri tərəfindən xüsusi vurğulandı.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, bu il iki ölkə arasında diplomatik münasibətlərin  qurulmasının 30 ili tamam olur: “Ötən 30 il münasibətlərimizin strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru inkişafına bələdçilik edir. Onu da qeyd edək ki, 1995-ci ildə Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ildə isə Tbilisidə Azərbaycan səfirliyinin açılması ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verdi. Gürcüstanla Azərbaycanı biri-birlərinə daha sıx tellərlə bağlayan eyni zamanda, qlobal enerji və nəqliyyat layihələridir. İkitərəfli layihələr təkcə iki ölkə və region üçün deyil, ümumilikdə Avropa üçün önəmlidir.”

“Beynəlxalq əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizindən öncə regional əməkdaşlığın inkişafına yönələn Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, eyni zamanda, iqtisadi və siyasi əhəmiyyətinə görə adları çəkilən layihələrdən heç də geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti artıq reallığa çevrilib.
Göründüyü kimi, Azərbaycan-Gürcüstan əlaqələrinin yeni mərhələsi olan enerji və nəqliyyat layihələri tərəfdaşlığın daha mühüm istiqamət üzrə inkişafını şərtləndirdi. Dövlət başçısı İlham Əliyevin və  Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin bəyanatlarında qeyd olunduğu kimi, əməkdaşlığın əsas hissəsinin energetika sektoruna aid olması birgə səyin bəhrəsi, ölkələrimizin iqtisadi inkişafını yüksəldən başlıca amildir. Xəzər, Qara və Aralıq dənizlərini neft-qaz kəmərləri ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşmasında birgə səy göstərən Azərbaycan, Gürcüstan və Türkiyə beynəlxalq ictimaiyyətə qarşılıqlı əməkdaşlıq təcrübəsini nümunə kimi göstərdilər. XXI əsrin tarixi hadisəsi adlandırılan  Cənub Qaz Dəhlizinin, onun əsas seqmentləri olan TANAP və TAP-ın  uğurlu icrası təkcə bölgənin deyil, bütövlükdə dünyanın ən böyük infrastruktur layihəsi kimi dəyərləndirilir.  Əgər bu layihələrin icrasına başlanılarkən üç ölkə əməkdaşlıq edirdisə, bu gün belə dövlətlərin sayı daha da artır və yeni tərəfdaşlar sözügedən layihələrə cəlb edilir. Cənub Qaz Dəhlizi  layihəsində Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanın birgə iştirakı ilə yaradılan geniş beynəlxalq əməkdaşlıq formatı Azərbaycanın bölgədə nüfuzunu daha da artırır”,-deyə Vüqar Rəhimzadə bildirib.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin əsasını təşkil edən enerji və nəqliyyat layihələri əməkdaşlığın təməl daşıdır: “İnfrastruktur layihələri bütün dünya xalqları üçün önəmlidir. Asiyanı, Çini və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşmasında iştirak edən hər üç ölkənin əməkdaşlıq formatı sabitlik nümunəsidir. Enerji və nəqliyyat sahəsində  yeni layihələri, həmçinin  Avropa İttifaqı ölkələrinə qaz ixracının genişləndirilməsini və  2027-ci ildə 20 milyard kubmetrə  çatdırılmasını, elektrik enerjisi  ixracının artırılmasını, işğaldan azad edilmiş ərazilərdə  bərpa olunan enerji gücünün  10 gvt, Xəzərdə isə 157 gvt təşkil etməsini, Bakı-Tbilisi-Qars  dəmir yolu vasitəsilə yük daşımalarının  5 milyon tona  kimi yüksəldilməsini də xüsusi qeyd etməliyik.  Asiyadan Qərbə və əksinə, yükdaşımalarının artması  yeni reallıq yaradır.  Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona  çatdırmağı planlaşdırır. Ümymiləşdirilmiş şəkildə qeyd etsək, dünyada enerjiyə  tələbatın artdığı  zamanda Azərbaycan-Gürcüstan  əlaqələrinin daha da genişlənməsi iki ölkənin bir cəbhədə dayanaraq öz maraqlarını təmin etməsinə imkan verir.”

Vüqar Rəhimzadə  qeyd edib ki, qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın gündəliyinin təhlilində və ona yeni əlavələrin edilməsində əhəmiyyətli rol oynayır: “Günümüzün əsas müzakirə mövzularından biri də bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılmasıdır. Tarixi Zəfərimizin  yaratdığı  reallıqlar yeni əməkdaşlıq formatlarının həyata vəsiqə almasına yol açır. Bu da öz növbəsində Azərbaycanın Ermənistana təklif etdiyi 5 prinsip əsasında sülh müqaviləsinin qısa zamanda imzalanmasını bir tələbə çevirir.  Dövlət başçısı İlham Əliyevin  Gürcüstan səfəri zamanı bu məsələ də əsas müzakirə mövzusu oldu. Prezident İlham Əliyev ümid etdiyini bildirdi  ki,  Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan  əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaq. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaq. Səfər çərçivəsində  Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlanılması haqqında fikir mübadiləsinin aparılması da bunun təsdiqidir.”

“Bir sözlə, münasibətlərdə yeni səhifə açacaq bu səfər bir daha təsdiqlədi ki, iki ölkənin imza atdığı  uğurların təməlində  xalqlarımızın, liderlərin dostluğu və birgə fəaliyyət dayanır” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, regional əməkdaşlığın aparıcı qüvvələri olan Azərbaycan, Türkiyə və Gürcüstan beynəlxalq əməkdaşlıqda da öz sözlərini deyir,   ölkələrimizin möhkəm təmələ əsaslanan əlaqələrini daha da sarsılmaz edir. Bu birlik, həmrəylik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır.