YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Azərbaycan-Türkiyə həmrəyliyini azad edilmiş torpaqlarımızda izləyir

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Dünya mütəmadi olaraq Azərbaycan-Türkiyə birliyinin şahidinə çevrilir. Oktyabrın 20-də Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışı bu birliyin növbəti təntənəsi oldu. İki qardaş ölkə hər zaman möhkəm təmələ əsaslanan dostluğu atdıqları addımları ilə möhkəmləndirir və bu çağırışı edirlər ki, dünya miqyasında Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur.

Regionda sabitliyin, təhlükəsizliyin təminatı kimi dəyərləndirilən bu birlik daim ədalətin, beynəlxalq hüququn yanında olaraq, dünyadan ikili standatlara əsaslanan siyasətə son qoymağa çağırışlar edir. Azərbaycan qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi nəticəsində 44 günlük İkinci Qarabağ müharibəsində ədaləti bərpa etdi, dünya güclərinin bu günədək edə bilmədiklərini edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi. Sübut olundu ki, ədalət gec-tez zəfər çalır. Ən əsası beynəlxalq hüququn tətbiqi, BMT qətnamələrinin icrası üçün bütün dövlətlər üçün vahid mexanizm müəyyənləşdirilməlidir. Türkiyə Prezidenti oktyabrın 20-də Zəngilanın işğaldan azad edilməsinin ikinci ildönümü ilə əlaqədar keçirilən tədbirlərdə, xüsusilə Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün ölkəmizdə səfərdə olarkən Cəbrayıl şəhərində dövlət başçısı İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bu kimi məqamlara xüsusi diqqət yönəltdi. “İşğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ikinci hava limanının açılışında iştirak etmək, ikinci hava limanını həqiqətən müasir dünyanın müşahidə etdiyi şəkildə ən müasir hava limanlarından biri olaraq açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyildir” söyləyən Türkiyə Prezidenti bildirdi ki,  indi sağıma, soluma baxıram, işğal dövründə Cəbrayılı nə hala salmışlar: “Mən Qardaşımdan soruşdum, dedim, bu ATƏT, Avropa İttifaqı buraları gəlib görmədimi? Yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Onlar burada dəstəklədikləri həmin işğal dövründə Cəbrayılı, Qarabağın digər bölgələrini nə hala gətirdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində, onlar nələr törədildiyini bilirlər.”  Bu mühüm məqam da qeyd edildi ki, bu işləri mütləq ədalət mühakiməsinə verərək, bunların təzminatını tələb etmək lazımdır. Bunların təzminatını istəyərək onları dalana dirəmək lazımdır. Dünya Qərbi çox yaxşı tanımalıdır, hamımız birlikdə tanıtmalıyıq.

İki qardaş ölkənin ədalətə, beynəlxalq hüquqa əsaslanan siyasətinin uğurları davamlıdır. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə son illər böyük uğurlu yol keçib, dünya çapında güc mərkəzinə çevrilib. Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır. Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir. Hər kəs bununla hesablaşmalıdır və hər kəs bilməlidir ki, bu uğurların səbəbkarı Rəcəb Tayyib Ərdoğandır. Azərbaycanda qardaş ölkənin Prezidentinə böyük hörmət, məhəbbət vardır.

Türkiyə Prezidentinin ölkəmizə hər səfəri, səfər çərçivəsində səsləndirdiyi hər bir fikir xalqımız tərəfindən böyük rəğbət hissi ilə qarşılanır. Qarşılanma mərasiminə paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş torpaqlarımızın da şahidlik etməsi ikiqat sevincdir. Rəcəb Tayyib Ərdoğan Qarabağa ilk səfər edən, həmçinin ilk uçuşu həyata keçirən dövlət başçısıdır. Şuşa, Zəngilan, Cəbrayıl bu birliyimizə, dostluğumuza şahidlik edib.  Ən əsası dünya bu həmrəyliyi azad edilmiş torpaqlarımızda izləyir. Bundan böyük xoşbəxtlik ola bilərmi? Dövlət başçısı İlham Əliyev türkiyəli həmkarının gəlişindən keçirdiyi hissləri bu fikirlərlə ifadə etdi: “Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir.”