YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubadlının yeni inkişaf dövrü

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Bu gün Azərbaycan özünün şanlı və qürurlu tarixi dövrünü yaşayır. Çünki, 44 günlük Vətən müharibasində qazandığımız Zəfər bizə milli qürurumuzu və müzəffər xalq kimi gələcəyə inamla addımlamağımızı bəxş etdi. Bu tarixi Zəfəri isə bizə yaşadan, ərmağan edən Müzəffər Ali Baş Komandanımız və qüdrətli Azərbaycan Ordusu oldu. Artıq qalib xalq kimi biz rayonlarımızın işğaldan azad olunduğu tarixləri qürurla qeyd edirik.

Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında işğaldan azad olunan rayonlarımızda quruculuq-bərpa işləri uğurla davam etdirilir və yeni yeni infrastruktur layihələri icra olunur.

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar.

Bu gün Qubadlı yeni inkişaf dövrünü yaşayır. Qubadlı şəhəri və işğaldan azad edilən 41 kənd yenidən qurulur. İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz müasir dövrün tələbləri əsasında qurulur, soydaşlarımızın yüksək yaşayışının təmin edilməsi üçün zəruri olan bütün işlər görülür. “Ağıllı şəhər” və “ağıllı kənd” layihəsi əsasında  qurulan torpaqlarımız dünyanın diqqətindədir. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Eyni zamanda Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq.

Baş plana əsasən şəhərin mərkəzi hissəsində evləri, iş yerlərini, istirahət, əyləncə və mədəni fəaliyyəti, sosial obyektləri bir mühitdə cəmləyən əlverişli şəraitin yaradılması planlaşdırılır. Şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaq. Orta mərtəbəli çoxmənzilli yaşayış binaları və ictimai tikililər mərkəzi hissədə, daha kənarlara doğru isə azmərtəbəli binalar və həyətyanı sahələrə malik fərdi evlər yerləşdiriləcək.

Düşmən tapdağından azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Həmçinin rayon ərazisində dördzolaqlı yol  Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək. Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir ki, bu yoldan insanlar rahat istifadə etsinlər.