YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın sülhə gəlməkdən başqa yolu yoxdur

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Azərbaycan regionda sülh və əməkdaşlığın təmin edilməsi üçün önəmli təşəbbüslər irəli sürür. Amma hələ ki, Ermənistan tərəfindən lazımi konstruktiv mövqe ortaya qoyulmur. Azərbaycan Prezidenti İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bölgəmizdə mövcud vəziyyət haqqında ətraflı şəkildə fikirlərini bildirdi. Azərbaycan ərazisinin 20 faizi ötən əsrin 90-cı illərinin əvvəllərində havadarlarının dəstəyinə arxalanan, onlardan güclü himayə görən Ermənistan tərəfindən işğala məruz qalmışdı. Bu işğal nəticəsində 1 milyondan çox soydaşımız onilliklər boyunca qurub-yaratdıqları ev-eşiklərindən zorla qovulmuşdu. Təxminən 30 il davam edən işğal dövründə Azərbaycanın şəhər və kəndləri, tarixi mədəni-dini irsi, sözün əsl mənasında, vandalizm təsirlərinə məruz qaldı. O cümlədən, məscidlərimiz, qəbiristanlıqlarımız təhqir olunub, təbii sərvətlərimiz talanıb, ekologiyaya ciddi ziyan vurulub.

Ermənilər hər yerdə özlərini mədəni xalq kimi təqdim etməyə çalışırlar. Ancaq mədəni xalq anlayışı ilə sadalanan dağıntılar əsla bir araya sığmır. Mədəni xalq heç bir halda insanların onilliklər boyu qurub-yaratdığı ev-eşiyi, tarixin daş yaddaşı olan abidələri yerlə-yeksan etməyi özünə rəva görməz. Təəssüf doğuran haldır ki, işğalın davam etdiyi 30 il ərzində Ermənistan cəmiyyətindən, ziyalılarından Azərbaycan ərazilərində törədilən vandalizm əməllərinə hansısa bir formada etiraz bildirilmədi. Əksinə, biz bu ölkədə vandalizm əməllərinin təqdir olunduğunun, terroristlərin qəhrəmanlaşdırıldığının şahidi olduq.

Eyni zamanda, 30 il ərzində Ermənistan işğalçılıq siyasətinə görə beynəlxalq təşkilatlar tərəfindən sərt şəkildə qınanılmadı. Biz görürük ki, bir sıra hallarda beynəlxalq qurumlar qonşularına münasibətdə ərazi iddiaları sərgiləyən və sərhədləri pozan ölkələrə qarşı çox operativ qaydada hərəkətə keçir və onları cəzalandırırlar. Azərbaycanın ərazilərini zor gücünə işğal edən Ermənistana qarşı isə belə məcburetmə tədbirləri görülmədi. Belə olan halda işğalçını Azərbaycanın özü cəzalandırmaq məcburiyyətində qaldı. Bu barədə Prezident İlham Əliyev vurğulayıb: “İkinci Qarabağ müharibəsində qazanılmış qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, ədaləti bərpa etdi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərt­siz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi”.

Ermənistan 30 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasətini heç bir humanizm normasını gözləmədən aparıb. Birinci və İkinci Qarabağ müharibələri zamanı erməni hərbi birləşmələri tərəfindən bitib-tükənməyən müharibə cinayətləri törədilib. Döyüş meydanlarında Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən erməni hərbçiləri ağır silahları şəhər və kəndlərimizə, mülki insanlara tuşlayıblar. Ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalını yer üzündən silmələri, burada 613 dinc sakini qətlə yetirmələri bəşəri cinayətdir. Erməni hərbi birləşmələri bu kimi müharibə cinayətlərini İkinci Qarabağ müharibəsi günlərində də eyni amansızlıqla davam etdirdilər. Azərbaycanın Gəncə şəhəri keçmiş təmas xəttindən çox-çox uzaqda yerləşir. Ancaq bu şəhər, eləcə də Bərdə, Tərtər və digər yaşayış məntəqələrimiz, demək olar ki, hər gün qadağan olunmuş silahlardan atəşə məruz qalırdı.

İşğal dövründə ərazilərimizin minalanması Ermənistanın müharibə cinayətlərini bütün cəhətləri ilə əks etdirir. Ən dəhşətlisi odur ki, hələ də Azərbaycan ərazilərindən çıxardılmayan Ermənistana məxsus hərbi birləşmələr mina terrorunu müharibədən sonra da davam etdirirlər. Bir qədər bundan əvvəl Laçın rayonunun ərazisində tapılan minalar bunu əyani şəkildə təsdiqləyir. Həmin minalar Ermənistanda müharibə başa çatandan sonra-2021-ci ildə istehsal olunub. 30 illik işğal dövründə böyük məhrumiyyətlərlə üzləşən, bir milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşən Azərbaycan bütün bunlara baxmayaraq, müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq əzmi nümayiş etdirir. Ölkəmiz o mövqedən çıxış edir ki, regionun potensialı müharibəyə deyil, inkişafa, əməkdaşlığa, iqtisadi layihələrin həyata keçirilməsinə yönəldilməlidir. Bundan ötrü Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşdirilməli və sülh sazişi imzalanmalıdır. Yalnız bundan sonra iki ölkə arasında etimad mühitinin formalaşması mümkündür. Qeyd edək ki, dövlətimiz postmüharibə dövründə qarşı tərəfə beş bənddən ibarət sülh paketi təqdim edib. Bu sənəd hazırlanarkən müharibənin qalib tərəfi olan Azərbaycan hansısa bir üstünlüklər qazanmaq, imtiyazlar əldə etmək niyyəti güdməyib, sırf beynəlxalq hüququ əsas götürüb. Azərbaycan regionda davamlı sülhə nail olunması üçün vasitəçilərin səyi ilə aparılan danışıqlarda fəallıq və konstruktivlik nümayiş etdirir. Sonuncu belə görüş dördtərəfli formatda bir neçə gün bundan əvvəl Çex Respublikasının paytaxtı Praqada baş tutub. Həmin görüşün nəticəsi olaraq qəbul olunan bəyanatda tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqla sülh sazişinin imzalanmasına razılıqlarını bildiriblər.  Ümid edirik ki, Ermənistan bu dəfə pozuculuq fəaliyyəti ilə məşğul olmayacaq, sülh naminə konstruktiv mövqe nümayiş etdirəcək. Əks halda, bu ölkənin gələcəyi olmayacaq.