YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan münaqişəni özü həll edib

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycan həqiqətlərini növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Ölkə başçısı bildirdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində mandat almış Minsk Qrupunun fəaliyyəti 28 il ərzində nəticəsi sıfıra bərabər olub. Bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Artıq münaqişə bitib və Azərbaycan öz gücünə münaqişəni özü həll edib. Ölkəmiz beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişənin həllinə nail olub. Münaqişədən sonrakı vəziyyətə diqqət çəkən Prezident İlham Əliyev sentyabrda Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalar baş verdiyini və bu silahlı toqquşmaların səbəblərinin Azərbaycana qarşı aparılan terror olduğunu qətiyyətli formada qeyd etdi. Çox təəssüf ki, Azərbaycana qarşı mina və snayper terroru davam edir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Münaqişə bitdikdən sonra Laçın rayonu ilə sərhəd ərazidə 2021-ci ildə Ermənistanda istehsal olunaraq  basdırılan piyada əleyhinə 1400 mina aşkarlanıb.

Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb. Ermənistanın nə bir şəhəri, nə də bir kəndi işğal olunmayıb. Rusiyanın atəşkəs təklifi və vasitəçilik fəaliyyəti nəticəsində silahlı toqquşmalar dayandırılıb. Ölkə başçısı öz çıxışında oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada keçirilən dördtərəfli görüşə və görüşün nəticəsinə toxunaraq Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunduğunu bildirdi. Bu missiyanın məqsədi tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Həmin missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonasında yerləşəcək.

Prezident İlham Əliyev həmçinin onu da vurğuladı ki, Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası əvvəl var idi, lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk Qrupunun xidmətinə artıq heç bir ehtiyac yoxdur. Bundan sonra Fransa hökumətinin bu cür münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyü yoxdur. Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən bir həftə sonra Fransa Prezidentinin təhqiramiz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış  edərək Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirməsi əsla qəbul edilməzdir. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyünü güc hesabına bərpa edib. Fransa tərəfindən sərgilənən bu mövqe əvvəllər də eyni olub. Belə ki, Fransanın xarici işlər naziri Azərbaycanın əleyhinə yalan bəyanatlar verib, Fransa Senatı və aşağı palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul ediblər. Noyabrın ortalarına isə Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır. Bütün bunlardan əlavə bu yaxınlarda Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edilib. Ermənistan tərəfindən Azərbaycanın Livandakı və ABŞ-dakı səfirliklərinə  də qarşı təxribatlar törədilib. Prezident İlham Əliyev qətiyyətli formada bəyan etdi ki, terror və vandalizm aktlarının Ermənistan tərəfindən təşkil edildiyinə heç bir şübhə yoxdur. 1990-cı illərdə erməni xüsusi xidmət orqanları tərəfindən 32 terror aktı - metroda, avtobuslarda, bərələrdə və qatarlarda partlayışlar törədilib. Bu terror aktları nəticəsində iki mindən çox dinc azərbaycanlı həlak olub. Ümumiyyətlə, Azərbaycan 30 il müddətində erməni terroru və vandalizmindən intensiv şəkildə əziyyət çəkib. Ermənistanın işğalda saxladığı on min kvadratkilometr ərazidə demək olar bir salamat bina qalmayıb, 67 məsciddən 65-i dağıdılıb. Müsəlmanların müqəddəs yerlərinin təhqir edilməsi, məscidlərdə donuz və inək saxlanılmasına dair görüntüləri internetdən də əldə etmək mümkündür. Bütün bunlar Azərbaycan xalqına və bütün müsəlman dünyasına qarşı ifrat dərəcədə nifrətdən xəbər verir.

Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyev 2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə qəbul edilən üçtərəfli Bəyanatın şərtlərinə Ermənistan tərəfindən tam formada icra edilmədiyini diqqətə çatdırdı. Ermənistan Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir, halbuki bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb. Prezident İlham Əliyev bəyan etdi ki, 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, Azərbaycanın adekvat tədbir görməkdən başqa seçimi qalmayacaq.