YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Qırğızıstan arasında mədəni-humanitar sahədə əlaqələr uğurla inkişaf edir

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası  Abşeron rayon təşkilatının sədri

Azərbaycan-Qırğızıstan əlaqələri yükələn xətlə inkişaf edir. Prezident İlham Əliyevin oktyabrın 11-də bu ölkəyə dövlət səfəri münasibətlərin gələcək inkişafına böyük təkan verir. Dövlətimizin başçısının  Qırğızıstana səfəri tarixi, xüsusi siyasi-diplomatik və iqtisadi əhəmiyyətə malikdir. Hər iki xalq arasındakı münasibətlər minillik tarixi, etnomədəni əsaslara malikdir. Təsadüfi deyil ki, türk dili və İslam dini hər iki xalqın əlaqələrinin möhkəmlənməsində əsas birləşdirici amil kimi çıxış edib. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyev Qırğızıstanla münasibətlərin möhkəm təməlinin qurulmasında müstəsna rol oynayıb. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələyə qədəm qoyub.

Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Ötən illər ərzində mövcud olmuş siyasi əlaqələrin təhlili göstərir ki, hər iki ölkə bu tarixə müsbət nəticələrlə yaxınlaşıblar. Nəticədə dövlətlərarası əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Bu gün dinamik inkişaf edən və genişlənən əlaqələr ölkələrin parlamentləri, hökumətləri və aidiyyəti qurumları arasında da fəal qarşılıqlı fəaliyyətlə davam etdirilir. Prezident İlham Əliyevin dost və qardaş ölkə olan Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanmmış bir sıra sənədlər, hər iki ölkənin başçıları arasında formalaşmış şəxsi münasibətlər, qarşılıqlı hörmət və etimad yaxın gələcəkdə dövlətlər arasında ticarət dövriyyəsində, iqtisadiyyatda, kənd təsərrüfatında inkişaf üçün böyük perspektiv yaradır, həmçinin mədəni-humanitar sahədə daha sıx əlaqələrin qurulmasını vacib edir.

Qarşılıqlı fəaliyyətin gələcək inkişaf yollarının müəyyən edildiyi vacib sahələrdən biri də nəqliyyat-tranzit sektorudur. Belə ki, icrasına başlanılan Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun istismarı ilə əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq.

Azərbaycanın Orta Asiya respublikaları, o cümlədən Qırğızıstanla siyasi əlaqələrinin hazırkı vəziyyəti həm də Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin inkişafı da məmnunluq doğurur. Iki ölkə rəhbərinin iştirakı ilə oktyabrın 11-də Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı bu əlaqələrə bariz nümunədir. Eləcə də, Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılması ulu öndərimiz, türk dünyasının böyük oğlu Heydər Əliyevin əziz xatirəsinə böyük ehtiramın nümunəsidir.

Eyni zamanda, Bişkekdə Nizami Gəncəvi adına 103 saylı məktəbin açılış mərasimi keçirilməsi də tarixi köklərimizə bağlılığın nümunəsidir.

Dövlətimizin başçısının Qırğızıstana səfəri çərçivəsində Bişkekdəki “Ala-Arça” Dövlət Təbiət Parkında mədəni proqram təşkil olunub. Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tədbirdə iştirak ediblər. Mədəni proqramda Qırğız xalqının milli adət və ənənələri geniş nümayiş olunub. Qırğız sənətkarları buradakı xiyabanda Azərbaycanın və Qırğızıstanın dövlət başçılarına əl işlərini, milli xalçalar - “Şırdak”ı təqdim ediblər. Dövlət başçıları milli xalçalar istehsal edilən emalatxanalarla tanış olublar. Burada Qırğız xalqının milli mətbəxindən nümunələr də təqdim edilib. Dövlət başçılarına ənənəvi “Salbuurun” ovunun elementləri də nümayiş etdirilib.

Dövlət başçıları həmçinin, 2023-cü ildə Azərbaycanda Qırğızıstanın Mədəniyyət Günlərinin, 2024-cü ildə isə Qırğızıstanda Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi barədə razılığa gəliblər. bütün bunlar iki ölkə arasında siyasi əlaqələrlə yanaşı, mədəni-humanitar əlaqələrinin də uğurla inkişaf etdiyini təsdiqləyir.