YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır

“2020-ci ildə davam etmiş 44 günlük Vətən müharibəsində əldə olunmuş zəfər nəticəsində Azərbaycan torpaqlarını Ermənistan işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Bununla da Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi. Bu qələbə nəinki Azərbaycanda, həmçinin regionda yeni geosiyasi reallıqlar yaratdı”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

R.Vəlibəyov bildirib ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra nəinki xalqımız, hətta dünya ictimaiyyəti erməni vandalizminin izləri ilə tanış oldu: “Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni, dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Ümumilikdə 67 məsciddən 65-ni tamamilə məhv ediblər, dini ocaqlarda donuz və inək saxlayıblar. Zəngilanda, Qubadlıda, Cəbrayılda, Ağdamda, Füzulidə demək olar ki bütün binaları, tikililəri dağıdıblar. Bütün bunlarla yanaşı 30 illik işğal dövrü Ermənistanın Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törətməsini də ifşa etdib. Qətlə yetirilən, soyqırımına məruz qoyulan insanlarla yanaşı birinci Qarabağ müharibəsindən bu günə qədər 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Elə işğaldan azad edilmiş iki kənddə kütləvi məzarlıqların aşkar olunması deyilənləri sübut edir. Çox təəssüflər olsun ki, bu cür faktlar ortada olduğu şəraitdə dünya ictimaiyyəti, aidiyyatı beynəlxalq qurumlar hələ də susurlar, Ermənistanın dünya tarixinə həm neofaşizmin, həm də vandalizmin yeni nümunələrini təqdim etməsinə biganə yanaşırlar. Heç şübhəsiz ki, həm Ermənistanın, həm də sonrakı müddətdə müxtəlif yerlərdə baş qaldıra biləcək neofaşizm meyllərinə görə dünya susmamalıdır. Elə bu gün Ermənistana təzyiqlər göstərməli, sanksiyalar tətbiq etməlidir. Məcbur etməlidir ki, Ermənistan Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etsin. Əgər belə bir məlumatlar olarsa, ortaya çıxacaq faktlar əsasında Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə, soyqırımı siyasətinin real mənzərəsi, əhatə dairəsi tam bəlli olacaq”.

“Bu gün Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır” – deyən R.Vəlibəyov əlavə edib ki, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb: “Bu mövzuda Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı zamanı bildirib ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Əlbəttə ki, dünyanın aidiyyatı təşkilatları bu məsələdə də hərəkətə keçməli və Ermənistanı minaların basdırıldığı yerlərin dəqiq xəritələrini verməyə məcbur etməlidir. Bu olmadıqca minalar can almaqda davam edəcək. Belə bir vəziyyət isə onu isbatlayır ki, müharibə bitsə də, Ermənistanın Azərbaycana qarşı terror fəaliyyəti yeni formada – mina terroru olaraq davam edir”.