YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Füzulinin azad edilməsi Azərbaycan Ordusunun döyüş meydanındakı üstünlüyünü daha da gücləndirdi

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

2020-ci il  sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini raket atəşinə tutmasının qarşısını almaq üçün dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən «İrəli!» əmrini alan Azərbaycan Ordusu  əks-hücum əməliyyatına başladı.  Ordumuz  44 gündə  tariximizin Zəfər səhifəsini yazdı. 44 günün hər günündə cənab İlham Əliyev xalqımıza qələbə müjdələrini çatdırdı. Dünyaya səs salan “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Silahlı Qüvvələrimizin  əsgər və zabitləri oktyabrın 17-də mühüm strateji əhəmiyyətə malik Füzulini işğaldan azad etdilər. Artıq iki ildir ki, digər ərazilərimiz kimi, Füzuli rayonunun  da işğaldan azad edildiyi  tarixi böyük qürur və sevinc hissi ilə qeyd edirik. Xalqımız bu sevinci bizlərə yaşadan  dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza minnətdarlığını  ifadə edir, şəhidlik zirvəsinə ucalan Vətən  oğullarının ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyir.

Oktyabrın 17-də  Müzəffər Ali Baş Komandan  İlham Əliyev bu xoş xəbəri “Twitter” səhifəsindən xalqımıza çatdırdı: “Bu gün Azərbaycan Ordusu Füzulidə Azərbaycan bayrağını qaldırdı. Füzuli bizimdir. Qarabağ Azərbaycandır!” Füzulinin azad edilməsi Azərbaycan Ordusunun döyüş meydanındakı üstünlüyünü daha da gücləndirdi.

Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edildi. Ümumilikdə  Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilib.  Bu döyüşlərdə  Füzuli rayonundan  80 nəfər döyüşçü şəhid olmuş, 300 nəfərədək hərbçi yaralanmışdır.

2020-ci il noyabrın 26-da  ölkəmizdə  “Füzulinin azad olunmasına görə” medalı təsis olunub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd etdiyimiz kimi, iki ildir Füzuli rayonunun işğaldan azad  edilməsini böyük bayram əhval-ruhiyyəsi ilə qeyd edirik.  Bu tarixi Qələbə bizi bir anlıq da olsa rayonun işğal edildiyi dövrə  nəzər salmağı  bir tələb kimi qarşıya qoyur. 1993-cü il avqustun 23-də erməni hərbi birləşmələri Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun 82 kəndini işğal edib, bu yerlərin sakinlərini öz doğma yurd-yuvasından didərgin salıblar. Ermənilər işğal müddətində Füzuli şəhərini və rayonun kəndlərini dağıdıb, mədəni, tarixi, dini abidələri, qəbiristanlıqları yerlə bir edib, ekoloji terror törədiblər. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  ordu quruculucu sahəsində atılan addımlar öz müsbət nəticələrini verdi. 1994-cü ilin yanvarın əvvəllərində həyata keçirilən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində qısa müddətdə 21 min hektar ərazi - Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. Azərbaycan Ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək hərbçilərdə güclü ruh yüksəkliyi yaratması nəticəsində nail olub.

27 il işğal altında olan bu torpaqlarımız tamamilə dağıdılıb, yerlə-yeksan edilib. Dövlət başçısı İlham Əliyev  tarixi Zəfərimizdən sonra  işğal edilmiş  ərazilərimizə səfəri çərçivəsində ilk  dəfə Füzuli rayonu, o cümlədən Füzuli şəhərində olaraq  şanlı Azərbaycan Bayrağını qaldırdı. Həmin mərasimdə çıxış edən ölkə Prezidenti  Füzuli şəhərinin erməni vandalları tərəfindən dağıdıldığını, talan edildiyini vurğulayaraq bildirdi ki,  Füzuliyə qayıtmışıq: «Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlər boyu biz yaşamışıq, bizim xalqımız yaşayıb.»

Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanıldı. Böyük Qayıdış  bütün məsələlərə kompleks yanaşma tələb edir. Bu gün bütün işğaldan azad edilmiş ərazilərimiz həyatının yeni dövrünü yaşayır.