YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Azərbaycan xarici siyasətində türkdilli dövlətlərlə əməkdaşlığa xüsusi önəm verir

“Dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının  Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirakından sonra Qırğızıstana rəsmi səfəri, onun ardınca  Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün  Qazaxıstana işgüzar səfəri ölkəmizin dünyada böyük nüfuzuna, Asiya ilə Avropa, Şərqlə Qərb arasında körpü rolunun güclənməsinə,   dünyada dialoqun inkişafına, sülh və sabitliyin, təhlükəsizliyin möhkəmlənməsinə töhfələrinin artmasına bir daha aydınlıq gətirdi. Ölkə Prezidentinin Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada çıxışı Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti nəticəsində regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına, o cümlədən dünya siyasətində yeniliklərə yol açmasına işıq saldı.

Azərbaycan hər zaman yerləşdiyi coğrafi məkana görə  müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən, dövlətlər, xalqlar arasında körpü rolunu oynayan ölkə kimi nüfuz qazanıb. Dövlət başçısı İlham Əliyevin son səfərləri bunu bir daha təsdiqlədi.  Avropa ailəsinin Azərbaycanı, dövlət başçısı İlham Əliyevi yeni yaradılan siyasi platformanın Zirvə Toplantısında  görmək istəyi,  müzakirə olunan məsələlərdə  ölkəmizin  mövqeyinə verdiyi önəm  sözümüzün nə  qədər əhəmiyyətli olduğunu nümayiş etdirdi. Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və  maraqlar prinsipi əsasında əlaqələr quran Azərbaycan xarici siyasətində türkdilli dövlətlərlə  əməkdaşlığın inkişafını prioritet istiqamət kimi qəbul edir.  Onları birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı səmərəli fəaliyyətinin əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyev daim türk dünyasının birliyinə çalışaraq  Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin fonunda digər ölkələrlə də belə sıx birliyin yaradılmasına çağırışlar edir.  44 günlük  İkinci Qarabağ müharibəsində  dünyaya nümunə olan bu birlik, həmrəylik bir çox məqamları özündə ehtiva edərək türkdilli  dövlətlərin postmünaqişə dövründə də birliyi məsələsini daha da aktuallaşdırdı. Son vaxtlarda dövlət başçısı İlham Əliyevin reallaşdırdığı səfərlərə, keçirilən  tədbirlərdə  çıxışlarına, görüşlərdə müzakirə olunan məsələlərə diqqət yetirsək bütün bunların tarixi Zəfərimizdən sonra qarşıda dayanan  vəzifələrə, eyni zamanda, postmünaqişə dövrünün reallıqlarının qəbuluna həsr olunduğunu görərik. Ümumilikdə dövlət başçısı İlham Əliyevin ötən il  Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi məhz türk dünyasının birliyinə verdiyi töhfələrin aydın ifadəsidir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin Qırğızıstana ilk dövlət səfəri çərçivəsində   imzalanan sənədlərin xronologiyasına, eyni zamanda,  atılan addımlara diqqət yetirsək bu gün iki ölkə arasında strateji münasibətlərin bütün sahələri əhatə etdiyini görərik.  Bu mühüm məqamı da qeyd edək ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun bu ilin  aprel ayında  Azərbaycana rəsmi səfəri  zamanı iki ölkənin dövlət başçılarının iştirakı ilə “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” və “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum”, həmçinin müxtəlif sahələri əhatə edən ümumilikdə 10 sənəd imzalanmışdır. Ölkə Prezidenti İlham Əliyevin səfəri zamanı Bişkekdə iki ölkənin prezidentlərinin iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası keçirildi.  Qırğızıstan Prezidenti Sadır Japarov  səfərə ölkəsi ilə Azərbaycan arasında strateji tərəfdaşlığın məntiqi davamı kimi xüsusi əhəmiyyət verdiklərini önə çəkərək qeyd etdi ki,  qarşımızda gələcəkdə qarşılıqlı münasibətlərimizin strateji hədəflərini və istiqamət parametrlərini, məzmun və xarakterini müəyyən etmək vəzifəsi dayanır. Dövlətlərarası münasibətlərin yüksək səviyyədə dəstəklənməsinə, mövcud və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri intensivləşdirməyə hazırıq. “Bu gün Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir” söyləyən Prezident İlham Əliyev diqqəti gələn ay Türk Dövlətləri Təşkilatının  Zirvə Görüşünə yönəldərək qeyd etdi ki, bu, həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacaq. Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq.”

YAP Xətai rayon təşkilatının sədri Qırğızıstanın paytaxtı  Bişkek şəhərində  Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışından geniş bəhs edərək bildirdi ki, bu,  iki ölkə arasında dostluq münasibətlərinin və təkcə siyasi, iqtisadi deyil, həm də mədəni-humanitar əməkdaşlıqda  gözlə görünən parlaq sübutudur: “Bu dostluğun, qardaşlığın bariz nümunəsi kimi, Qırğızıstanda ulu öndər Heydər Əliyevin adını daşıyan  məktəbin, həmçinin Nizami Gəncəvi adına 103 saylı məktəbin açılışını qeyd edə bilərik. Bu açılışlar  ikitərəfli münasibətlərdə əlamətdar hadisədir və xalqların möhkəm dostluğuna, ölkələrimiz arasında əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, ümummilli lider  Heydər  Əliyev tərəfindən qoyulmuş strateji əməkdaşlığa  əsaslanır. Səfər çərçivəsində  Qırğızıstan-Azərbaycan birgə qarşılıqlı fəaliyyətinin artırılmasına istiqamətlənən bir sıra sənədlər, xüsusilə Qırğız Respublikasının Nazirlər Kabineti ilə Azərbaycan hökuməti arasında “Azərbaycan– Qırğız İnkişaf Fondunun yaradılması haqqında” Saziş imzalandı. Fond Qırğızıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və imkanlardan səmərəli istifadə olunmasına kömək məqsədilə təsis edilib. Fondun yaradılması investisiya sahəsində əməkdaşlığın fəallaşdırılmasına və genişləndirilməsinə stimul verəcək. Qırğızıstan Prezidenti xalqlarımız və ölkələrimiz arasında dostluq bağlarının möhkəmləndirilməsi işinə şəxsi töhfəsinə görə ölkə  Prezidenti  İlham  Əliyevə minnətdarlığını ifadə edərək  ona Azərbaycan xalqının rifahı naminə ali məqsədlərə çatmaqda böyük uğurlar və tükənməz enerji, bütün qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzuladı.

“Dövlət başçısı İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasındakı və Müstəqil Dövlətlər Birliyi (MDB)  Dövlət Başçıları Şurasının  iclasındakı çıxışlarında  artıq tarixin arxivinə gömülmüş Qarabağ münaqişəsinin  davam etdiyi 30 illik işğal, eyni zamanda, postmünaqişə dövründə ermənilərin təxribatlarından, hazırda   sülh müqaviləsinin imzalanması prosesinin uzadılması üçün göstərdiyi cəhdlərdən bəhs etdi.  Azərbaycanın bütün sahələrdə mövcud imkanlarından geniş bəhs edərək əməkdaşlıq əlaqələrinin yeni prioritetlərini diqqətə çatdırdı.

Hər bir toplantı münasibətlərin dünəninə baxış fonunda qarşıdakı dövr üçün hədəflərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Artıq göründüyü kimi,  türk dövlətlərinin ortaq keçmişdən ortaq gələcəyə doğru birgə addımlaması reallıqdır. Bu reallığın formalaşdırılması üçün  əməli addımlar atılır, nəticələr əldə olunur, qazanılmış hər nailiyyət növbəti uğurlarla möhkəmləndirilərək daha da inkişaf etdirilir. Postmünaqişə dövrünün yeni reallıqları,  Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasındakı bağlılığı daha da  möhkəmləndirəcək, əməkdaşlığa yeni  nəfəs gətirəcək.  Türk dünyası üçün möhtəşəm bir gələcək başlanır. Azərbaycan bu gələcəyin əsas müəlliflərindəndir”,- deyə Vüqar Rəhimzadə bildirib.

YAP Xətai rayon təşkilatının sədri bu ümumiləşdirməni aparıb ki, strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir. Azərbaycan, Qırğızıstan və Qazaxıstan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Ölkələr arasında əlaqələrin yüksələn xətlə inkişafı Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlığın dərinləşməsini şərtləndirir. Ümumi nəticə budur ki, türk dövlətləri bundan sonra da bütün məsələlərdə bir-birlərini  dəstəkləyəcək, əməkdaşlıq edəcək, imzalanacaq yeni-yeni sənədlər münasibətlərimizin gələcək inkişafı üçün möhkəm hüquqi baza olacaq.