YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Avropanın etibarlı qaz təchizatçısına çevrilir

İlqar İlyasov

YAP Laçın rayon təşkilarının sədri

Son illərdə enerji təhlükəsizliyi dövlətlər üçün əsas prioritet sahələrdəndir, həmçinin hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyanın üzləşdiyi cari geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Hər bir dövlət müstəqil siyasət yürütmək üçün ilk növbədə enerji təhlükəsizliyinin həll etməli, təbii ehtiyatlara malikdirsə bu sahədə söz sahibinə çevrilməli, əks halda ölkənin təminatı üçün şaxələndirilmiş enerji təminatını həll etməyə nail olmalıdır. Rusiyanın Ukraynaya qarşı elan etdiyi müharibədən sonra Avropa Rusiya qazından ABŞ, Norveç, Azərbaycan, Əlcəzair və s. kimi digər etibarlı təchizatçılara keçid etmək üçün tədbirləri daha da genişləndirib. Rusiyanın etibarsız təchizatçı olduğunu və qaz bazarını aktiv şəkildə manipulyasiya etdiyi nəzərə alaraq son 6 ay ərzində Rusiyanın iqtisadiyyata və Avropaya təsirini xeyli zəiflətmək mümkün olub.

Əslində sentyabrın 30-da açılışı keçirilmiş Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin məntiqi davamıdır. Həmin Bəyannamə əlaqələrimizi yüksək səviyyəyə qaldırmış və təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapmışdır. Yeri gəlmişkən bildirmək lazımdır ki, həmin açılışda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacağını bəyan edib. İki ilə yaxındır ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və sentyabrın 30-da isə o, Bolqarıstana daxil olub. “Azərbaycan qazı artıq Bolqarıstandadır. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Azərbaycan əlindən gələni edirik ki, qaz hasilatını artıraraq öz tərəfdaşlarını təbii qazla təmin etsin. Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılması da nəzərdə tutulub”.

Prezident İlham Əliyev eyni zamanda açılış mərasimində çıxış edərkən SOCAR-ın Bolqarıstanda ofisinin açılması vaxtı çatdığı mesajını verdi. “Enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın imkanlarından istifadə olunacaqdır”. Azərbaycan Prezidenti bu fikirləri ilə ölkəmizdə hasil olunan neftin və istehsal olunan elektrik enerjisinin nəqlinin reallaşdırılmasına, eləcə də SOCAR-ın Şərqi Avropada daha da möhkəmlənməsi mesjını verdi. Bu mesaj qlobal şirkətə çevrilmiş SOCAR-ın qarşısında yeni üfüqlər açır.    

Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət artıq öz bəhrəsini verməkdədir. Yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyin təmin olunması önəmli məsələdir. Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır - dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı. Bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın. Avropa ölkələrinin Azərbaycanın nəqliyyat infrastrukturundan istifadə etməsi ölkəmizin nəqliyyat sektorunun rentabelliyini daha da artıracaq, Çin, Orta Asiya və Avropanın bir-birinə inteqrasiya olunmasında loqistik mərkəz rolunu oynayacaqdır. 

Bu gün Azərbaycan Avropa ilə yeni əməkdaşlıq imkanlarını araşdırır. Bu istiqamətdə Bolqarıstanla da iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqdır. 30 ilə yaxın müddətdə işğalda qalmış, 2020-ci ildə azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır. Yaxın gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda Bolqarıstan şirkətlərinin fəaliyyətə başlamasını görəcəyik.