YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev irsi və siyasi kursu bundan sonra da yaşayacaq, yaşadılacaq!

Seyfəddin Əliyev

YAP Masallı rayon təşkilatının sədri

Prezident İlham Əliyev: “Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır”

3 oktyabr 1993-cü il Azərbaycan xalqının tarixində özünəməxsus yeri olan və əslində müstəqilliyimizin qorunub-saxlanılması faktorunda önəmli yer tutan şanlı tarixdir. Bəli, o, birinci növbədə öz xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənir, arxalanırdı. Çünki bu xalqı onun kimi tanıya biləcək başqa bir lider yox idi. Elə onun özünü də xalqımız çoxdan və dərindən tanıdığına görə öz taleyini, gələcəyini, məşəqqətlərdən qurtarmaq üçün yolların tapılmasını məhz ona etibar edir, ona güvənir, ona arxalanırdı. Bu qarşılıqlı inam və etimadın nəticəsi idi ki, Heydər Əliyev dühasına güvənən xalqımız 1969-82-ci illərdə heç zaman görünməyən siyasi, iqtisadi, elmi-texniki və mədəni yüksəlişlərə imza atmışdı. Məhz həmin inam və etimadın nəticəsi idi ki, Azərbaycanda baş qaldıran milli-azadlıq hərəkatını qan içində boğmaq istəyən sovet rəhbərləri Bakıya qoşun yeridib, günahsız insanları qıranda xalqa dəstək verən ilk siyasətçi Heydər Əliyev olmuşdu.

Ümummilli Lider Heydər Əliyev: “Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram”

Ümummilli Lider Heydər Əliyev 1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimindəki tarixi nitqində vurğulamışdı: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli ­dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram”.

O cümlədən, qeyd etmək istərdim ki, 3 oktyabr 1993-cü il həm də Azərbaycan xalqının sınaqlardan dəfələrlə çıxmış liderinə olan etimadının göstəricisi idi ki, Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasına üz tutan soydaşlarımızın sayı nəinki günbəgün artmış və çox qısa müddətdə Qafqazın ən qüdrətli siyasi təşkilatına çevrilmişdi. Xalqın ona olan inam və ümidindən söz düşəndə dərhal göz önünə gələn faktlardan biri də vətəndaş müharibəsi, qardaş qırğını, milli dövlətçiliyin əldən getməsi kimi təhlükələrlə üz-üzə qaldığımız günlərdə xalq xilaskar kimi məhz onu seçmiş və Naxçıvandan Bakıya dəvət etmişdi. Xalq istəyirdi ki, düşmən mühasirəsində olan Naxçıvanı Türkiyədə, İranda və başqa ölkələrdə olan şəxsi nüfuzundan istifadə edərək çoxsaylı bəlalardan xilas etmiş Heydər Əliyev indi də bütövlükdə Azərbaycana nicat, qurtuluş gətirsin. Heydər Əliyev milli dövlətçiliyin qorunması və xalqın gələcəyinin təmin edilməsi məqsədi ilə ona müraciət edənləri cavabsız qoya bilməzdi və qoymadı.

XALQ – HEYDƏR, HEYDƏR – XALQ qarşılıqlı inam və etimadı

Ulu Öndərimiz Naxçıvandan Bakıya gəldi və Azərbaycan xalqı cəmi bir neçə gündən sonra həmin möhtəşəm qayıdışın nəticəsini gördü. Çünki iyunun 9-da Naxçıvandan Bakıya gələn Heydər Əliyev həmin ayın 13-də Bakıdan Gəncəyə - siyasət naşılarının, yalnız öz mənfəətlərini güdən rəhbərlərin qardaş qırğınına rəvac verdiyi şəhərə getdi. Tarixçilərin fikrincə, ümumilli liderimizin həmin səfəri təkcə qardaş qırğınının qarşısını almadı, həm də möhtəşəm qurtuluşun ola biləcəyinə ümid, inam yaratdı. Məhz həmin inamın, ümidin təcəssümü olaraq Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Çox qısa müddətdən sonra şahidi olduğumuz həqiqətləri dəqiq qiymətləndirən parlamentarilər həmin günün Milli Qurtuluş Günü adlandırılması üçün müzakirələr açdılar və tarixi bir qərar qəbul etdilər.

Beləliklə, bu yazıda haqqında söz açmaq istədiyimiz 3 oktyabr 1993-cü il prezident seçkilərinə gedən yolumuzda XALQ – HEYDƏR, HEYDƏR – XALQ qarşılıqlı inam və etimadı dəfələrlə sınaqdan keçmişdi və ona görə də 3 oktyabr seçkilərində Ulu Öndərin böyük səs çoxluğu ilə qalib gəlməsi nəinki ölkəmizdə, hətta beynəlxalq aləmdə də hamı üçün gözlənilən idi. Həmin tarixi günlərdə ölkəmizdə gedən ictimai-siyasi proseslər, yaşanan problemlər, diletant siyasətçilər tərəfindən xalqın başına gətirilən müsibətlər barədə çox yazılıb, çox danışılıb. Amma elə səhifələr var ki, insanlar onları bilavasitə ölkə rəhbərinin dilindən eşitmək istəyirlər.

Prezident İlham Əliyev: “O ildən bu günə qədər Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedir”

Məhz bu istəyi nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev ötən əsrin doxsanıncı illərinin əvvəlində yaşadığımız məhrumiyyətlər barədə dəfələrlə ən müxtəlif tribunalardan söz açıb. Məsələn, dövlət başçımız həmin günləri belə xarakterizə edir: “ Təsadüfi deyildir ki, 1993-cü ilin yayında -Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. O vaxt xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun. O ildən bu günə qədər Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedir”.

Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının nəticələrini yada salan Prezident İlham Əliyev onu da vurğulayır ki, məhz həmin tarixdən sonra ölkəmizdə çox ciddi islahatlar aparıldı: “Bütün xoşagəlməz halların ­qarşısı alındı, sabitlik bərpa edildi, vətəndaş müharibəsinə son qoyuldu. Azərbaycan dünya birliyinə inteqrasiya etməyə başladı. Bizim xarici siyasətimiz nəhayət ki, məqsədyönlü siyasətə çevrildi və bu gün bu siyasət davam etdirilir. O illərdə vacib olan islahatlar bu gün də ölkəmizin inkişafına xidmət göstərir. Həm demokratik, siyasi islahatların dərinləşməsi, eyni zamanda, iqtisadi sahədə islahatlar demək olar ki, bugünkü Azərbaycan reallıqlarını şərtləndirir. Eyni zamanda, onu da qeyd etməliyəm ki, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda əslində siyasi sistemin yaradılması demək idi. Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq”.

Heydər Əliyev irsinin davamlı inkişafı, yaşadılması və bundan sonrakı gəcələyinin təminatıdır

Bu gün qalib Azərbaycan xalqı və dövləti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev siyasəti ilə irəliləyir, yaşayır, növbəti zəfərlərə doğru irəliləyir. Qalib Azərbaycan reallığı Ulu Öndər Heydər Əliyev irsinin davamlı inkişafı, yaşadılması və bundan sonrakı gəcələyinin təminatıdır. Əbəs deyil ki, Prezident İlham Əliyev də bu barədə fikirlərini bəyan edərkən vurğulayır: “Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır”.

Heydər Əliyev siyasi kursu və tarixi  irsi bundan sonra da qədirbilən xalqımız tərəfindən əbədiyyən yaşayacaq və yaşadılacaq!