YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyevin imzası milli maraqları ifadə edirdi

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Uca yaradan Azərbaycan dövlətini yıxılmaqdan, Azərbaycan xalqını məhv olmaqdan qorumaq üçün xalqımıza Heydər Əliyev kimi dahi bir şəxsiyyəti bəxş etmişdir. Ulu öndər Heydər Əliyev mənsub olduğu xalqa xidmət etmək missiyasına ömrünün sonuna kimi sadiq qaldı. Bu müqəddəs yolda Heydər Əliyev çox əziyyətlər çəkdi, hətta ölümlə üz-üzə qaldı, lakin heç vaxt öz amalından dönmədi. Çünki Heydər Əliyev öz xalqını çox sevirdi, hər bir azərbaycanlının xoşbəxt, firavan yaşamasını arzulayırdı. Ulu öndər Heydər Əliyev öz xalqının tarixini, mədəniyyətini, adət ənənələrini gözəl bilirdi  və hər zaman bu kökdən gələn mirası yaşatmışdır. Azərbaycançılıq ideologiyasının da müəllifi məhz Heydər Əliyev olmuşdur.

 1969 -cu ildə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyevə qədər Azərbaycan  Sovetlər birliyində ən yoxsul respublikalardan idi. Bunu Heydər Əliyev yaxşı bilirdi. Rəhbərliyə başladığı ilk illərdən Heydər Əliyev heç kəsin cürət edə bilməyəcəyi inqilabi qərarlar qəbul etdi. Qısa vaxt ərzində Azərbaycan iqtisadi cəhətdən sovet respublikaları arasında ön sıralara yüksəldi. Ulu öndərin Azərbaycan dilinin ana dili olması barədə bəndin Azərbaycan SSRİ nin Konstitusiyasına salınması böyük cəsarət və qətiyyət tələb edirdi. 70-ci illərdən başlayaraq Azərbaycanda sənaye, kənd təsərrüfatı, xüsusən neft sektoru sürətlə inkişaf etməyə başladı. O zamanlar Sovet rəhbərliyi azərbaycanlı gənclərin hərb sahəsində təhsil almalarına mane olurdu. Məhz ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində Cəmşid Naxçıvanski adına Hərbi məktəb və Ali Hərbi Komandirlər Məktəbi yaradıldı. Minlərlə azərbaycanlı gənc SSRİ-nin ən böyük ali hərbi məktəblərində təhsil almağa göndərildi. Müstəqil Azərbaycanın inkişafında səmərəli fəaliyyəti ilə seçilən yüksək ixtisaslı kadrlar ulu öndər tərəfindən 70 - 80 ci illərdə Sovetlər İttifaqının ən nüfuzlu alu məktəblərinə göndərilərək təhsil almış insanlardır. 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda inşa edilmiş Dərin Özüllər Zavodu bu gün müstəqil Azərbaycanın neft sənayesinin inkişafına böyük töhfə verməkdədir. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi ilk hakimiyyəti dövründə respublikamızın inkişafı üçün gördüyü işlərin miqyası ölçüyə gəlməzdir. 70-ci illərdə keçmiş Dağlıq Qarabağda erməni separatizmi baş qaldırmışdır.  Ermənilər Qarabağın Ermənistana birləşdirilməsi ideyasını qaldırmışdılar. Məhz ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilər yerində otuzduruldu. Heydər Əliyev dahi, uzaqgörən siyasətçi, güclü diplomat idi. Ulu öndər bilirdi ki, Azərbaycan nə vaxtsa müstəqil dövlət olacaq. Onun Azərbaycan üçün gördüyü işlər Azərbaycan dövlətinin müstəqilliyinə hesablanmışdır.

3 oktyabr 1993-cü ildə keçirilən Prezident seçkiləri müstəqil Azərbaycan dövlətinin tarixində şanlı bir gün oldu. Xalqın böyük əksəriyyətinin səs çoxluğu ilə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezident seçilən Heydər Əliyev məhv olmaq təhlükəsizliyi ilə üz-üzə qalan Azərbaycan xalqını böyük bəlalardan, faciələrdən qurtardı, ölkəmizi  tərəqqi, inkişaf yoluna çıxartdı.

Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan şəxslər, siyasi partiyalar Heydər Əliyevin siyasi kursunun alternativi olmadığını başa düşüb, bu böyük siyasi xadimi ölkə rəhbərliyinə dəvət etsəydilər torpaqlarımızın 20 faizi işğal altına düşməzdi.

Ulu öndər 1993-cü ildə Prezident seçildikdən sonra ölkədə hüquqi, ictimai-siyasi sabitliyi təmin etdi, ölkə daxilindəki qeyri qanuni silahlı dəstələri zərərsizləşdirdi, ən əsası vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı.  Ulu öndər Ermənistan silahlı qüvvələrinin qarşısını aldı, müasir, peşəkar ordu quruculuğu istiqamətində mühüm qərarlar qəbul etdi. 1991-1993-cü illərdə Azərbaycanda özbaşınalıq, hərc mərclik hökm sürürdü. O vaxtlar Azərbaycana səriştəsiz, siyasətdən uzaq insanların rəhbərlik etməsi ölkədə olduqca ağır vəziyyət yaratmışdır. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ölkəni idarə edə bilmədikləri, eləcə də baş verə biləcək təhlükənin qarşısını ala bilməyəcəklərini anlayıb Heydər Əliyevdən imdad istədilər. 1993-cü il iyunun 9- da xalqın və hakimiyyətdə olan insanların təkidi ilə ulu öndər Bakıya gəldi. Xalqının xilası naminə Heydər Əliyev öz həyatını təhlükəyə ataraq Gəncəyə getdi və Azərbaycan xalqına misli görünməmiş fəlakət gətirə biləcək qiyamın qarşısını aldı. Müstəqillik illərində qarşıya çıxacaq bütün çətinlikləri, problemləri həll edə biləcək yeganə şəxs Heydər Əliyevin olduğunu xalq çox gözəl bilirdi.

Heydər Əliyev fitri istedada, zəkaya malik fenomen bir şəxsiyyət, dünya siyasətinin kamil bilicisi, müdrik dövlət başçısı idi.  Dünya liderləri Heydər Əliyevi XX əsrin ən güclü siyasətçilərindən biri hesab edirdilər. Ulu öndər Heydər Əliyevin siyasi kursunun əsasını dövlət müstəqilliyini qoruyub saxlamaq, Azərbaycan dövlətinin imicini beynəlxalq aləmdə yüksəltmək, Azərbaycan xalqının rifahını yaxşılaşdırmaq təşkil edirdi. Heydər Əliyev müstəqill Azərbaycan dövlətinin təməlini qoydu, vətəndaş cəmiyyətini formalaşdırdı, milli mənəvi dəyərlərin qorunub saxlanmasında müstəsna rol oynadı. Qərbə inteqrasiya yolunu seçən Heydər Əliyev hər zaman milli mənafeyini, milli maraqları üstün tuturdu. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu dahi insanın qətiyyəti və iradəsi nəticəsində reallaşdı. Qərb dövlətlərinin və nəhəng neft şirkətlərinin "Əsrin müqaviləsi"nə imza atmaları onların Heydər Əliyevə olan inamından irəli gəlirdi. Onlar başa düşürdülər ki, Heydər Əliyevin imzası xalqın milli marağını ifadə edir və Azərbaycan xalqı bu dahi şəxsiyyəti sevir və ona güvənir.

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra Azərbaycanda hüquqi dövlət quruculuğu prosesləri başladı. Ulu öndər respublikamızda rüşvətxorluqla, korrupsiya, terrorizmlə mübarizədə qətiyyətli qərarlar qəbul etdi. Ulu öndər Heydər Əliyev hər kəsə başa saldı ki, qanun hər kəsdən, hər şeydən ucadır.

Heydər Əliyev Azərbaycanda qadın hüquqlarının qorunmasına xüsusi diqqət ayırırdı. Cəmiyyətdə qadınların istər siyasi, istərsə də sosial-iqtisadi sahələrdə yüksək vəzifələrdə çalışmalarına böyük dəstək verirdi. Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyada tanınan bir dövlətə çevrildi. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin uğurlu xarici siyasəti nəticəsində qısa müddətdə xarici siyasət sahəsində Azərbaycan böyük uğurlara imza atdı. Dünyanın böyük dövlətləri Azərbaycana maraq göstərməyə başladı. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktı beynəlxalq təşkilatların gündəliyinə salındı. Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi bəyanatların qəbul olunmasına nail olundu.

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövləti əbədi yaşayacaq. Əsrlər keçəcək gələn nəsillər bu dahi insanı hər zaman öz qəlblərində yaşadacaqlar.