YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

27 sentyabrdan başlayan Zəfər yolumuz

Sevinc Qasımova

YAP Gənclər Birliyinin sədr müavini

Azərbaycan Ordusunun 2020-ci ilin sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başlatdığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

44 günlük Vətən Müharibəsində Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Müharibə o həqiqəti də üzə çıxartdı ki, iqtisadi cəhətdən inkişaf edən Azərbaycan öz ordusunun qüdrətlənməsi üçün kifayət qədər imkanlara malikdir və bu imkanlar vaxtında səmərəli şəkildə Silahlı Qüvvələrimizin inkişafına yönləndirilib.

Nəticədə hərbçilərimiz həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi düşməndən təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.

Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticəsi rüsvayçı şəkildə uduzmaq oldu.

Bununla da Silahlı Qüvvələrimiz “Ermənistan ordusunun nəğlubedilməzliyi” mifini darmadağın etdi. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük Zəfərə imza atdı.

44 günlük müharibədə üzə çıxan həqiqətlərdən biri də, daha dəqiq ifadə etsək, media müstəvisində gedən mübarizədə Azərbaycanın qələbəsi oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı müharibənin idarə olunmasında olduğu kimi, mediada da peşəkar gedişlər edərək dünyanın aparıcı kütləvi informasiya vasitələrində Azərbaycan həqiqətlərini üzə çıxarmağı bacardı. Prezidentin dərin məntiqə söykənən təhlili, həmçinin hadisələrin gedişi, müharibənin başlama şərtləri ilə bağlı müfəssəl, konkret faktlarla məlumatları informasiya cəbhəsində üstünlüyü Azərbaycan müstəvisinə keçirdi.

Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Ümumilikdə isə 44 günlük müharibə Azərbaycan tarixinə zəfər müharibəsi kimi düşdü və bu müharibənin yekun nəticəsi isə əbədi olaraq iki sözlə yadda qalacaq – Qarabağ Azərbaycandır! 27 sentyabrla başlayan Zəfər yolumuz 8 noyabrda Şuşada üçrəngli Azərbaycan bayrağının dalğalanması ilə yekunlaşdı. Bundan sonra xalqımız qalib xalq, müzəffər xalq kimi yaşamağa başladı. Artıq qovuşduğu torpaqlardan Azərbaycan xalqını heç bir qüvvə çıxara bilməyəcək.