YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ya sülh, ya da növbəti sülhə məcburetmə əməliyyatı... – TƏHLİL /VİDEO

Hazırda yeni dünya nizamının yaranmasına şahidlik edirik. Cahanın dörd bir tərəfində - müxtəlif geosiyasi qütblərdə rəqabət, uzlaşma, qarşıdurma, əməkdaşlıq, inteqrasiya kimi proseslər aktiv fazaya daxil olub. Ağırlıq mərkəzi isə Avrasiyadır.

İki region diqqəti xüsusilə cəlb edir: Rusiya-Ukrayna müharibəsinin davam etdiyi Şərqi Avropa və postmüharibə mərhələsinə qədəm qoymuş Cənubi Qafqaz.

Ona görə də beynəlxalq ictimaiyyətin nəzəri yeni reallıqların yarandığı bölgəmizdədir. Sülh quruculuğu, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi dünya siyasi elitasının diqqət mərkəzindədir.

Bu günlərdə müxtəlif dövlətlər və təşkilatların rəsmilərinin bir-birinin ardınca verdikləri açıqlamalarda birmənalı şəkildə ifadə edilir ki, yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması, qarşıdurma və təhdidlərin istisna olunması üçün sülh müqaviləsinin imzalanması vacibdir. Açıqlamalarda Azərbaycanın mövqeyinə dəstək, Ermənistana isə çağırış və xəbərdarlıq var...

Çünki Bakı hazırdır. Başqa sözlə, Azərbaycan sözünə - vədinə sadiq tərəf kimi öhdəliklərini yerinə yetirir, yeni geosiyasi reallıqlara, milli maraqlara və beynəlxalq hüquq normalarına uyğun konstruktiv fəaliyyətini davam etdirir.

Eyni fikri Ermənistan haqqında söyləmək mümkün deyil. Çünki ayrı-ayrı görüşlərdən sonra İrəvan ənənəsinə sadiq qalaraq prosesi sabotaj etməyə çalışır. Son günlər ordumuzun mövqelərinin müxtəlif istiqamətlərdən atəşə tutulması, yəni ardıcıl hərbi təxribatlar da bu reallığı təsdiqləyir.

Amma bu cəhdlərin heç bir mənası, faydası və əhəmiyyəti yoxdur...

Ona görə ki, Ermənistan geosiyasi reallıqları dəyişdirmək, prosesi pozmaq gücündə və iqtidarında deyil. Və razılaşmalara əməl etmək İrəvanın öhdəliyidir, məsuliyyətdən yayınmaq mümkün deyil. Üstəlik, nəzərə almalıdırlar ki, haqlı və qalib Azərbaycanın iradəsi həlledicidir. Ona görə də Ermənistanın yanaşması adekvat olmalı, prosesi uzatmaq cəhdlərinə, vaxt itkisinə yol verilməməlidir.

Bəli, reallıq bəllidir: postmüharibə dövründə bütün yollar sülhə aparır.

Bakı ümid edir ki, sülh sazişinin imzalanması ilə əlaqədar proses tezliklə yekunlaşacaq. Bu, təkcə ümid deyil, həm də konkret şərt və tələbdir.

İrəvan ya razılaşmalara əməl edəcək, ya da sülhə məcburetmə əməliyyatı ilə üzləşəcək.

Prosesdən qaçış isə, sadəcə olaraq, mümkün deyil!