YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: 27 sentyabr tarixi Zəfərə gedən yolun başlanğıcıdır

“Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə İkinci Qarabağ müharibəsinin başlandığı tarix- 27 sentyabr ölkəmizdə Anım Günü kimi təsis olunub. Bu tarix Qələbəyə aparan 44 günlük yolun başlanğıcı idi. 44 gün davam edən İkinci Qarabağ müharibəsində siyasi, hərbi, diplomatik uğurları ilə beynəlxalq ictimaiyyəti heyrətləndirən Azərbaycan mənfur düşmənə layiq olduğu yeri göstərdi. Bir daha sübut olundu ki, başqasının torpaqlarına göz dikən, saxta tarix yazaraq əsassız təbliğatları ilə özünü haqlı tərəf kimi göstərməyən çalışan təcavüzkar dövləti sonda hansı aqibət gözləyir. Ədalət və beynəlxalq hüquq mövcuddur, buna nail olmaq üçün səy göstərilməli, yalana qarşı tarixi həqiqətlər qoyulmalıdır. Azərbaycan 30 il dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsa da heç zaman haqlı mübarizəsindən geri dönmədi, ən yüksək tribunalardan erməni yalanlarını ifşa etdi, dünyaya sözün əsl mənasında tarix, hüquq və milli qürur dərsi keçdi. İşğalçını dəstəkləmək bu siyasətə dəstək olmaq deməkdir. Təəssüflər olsun ki, əksər dünya gücləri, nüfuzlu beynəlxalq təşkilatlar 30 ildə bunu maraqlarına görə ya dərk etmədilər, ya da dərk etmək istəmədilər. Ermənistan bu dəstəyə o qədər arxalandı ki, yeni ərazilər uğrunda müharibə planları hazırladı və 2020-ci ildə mütəmadi olaraq hərbi təxribatlar törətməklə bu planını açıq-aşkar büruzə verdi. İkinci Qarabağ müharibəsi başlamadan əvvəl, sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda  çıxışı zamanı dövlət baçısı İlham Əliyev bu tribunadan dünyaya Ermənistanın  müharibə planı hazırladığını çatdırdı. Dünya gücləri bunu eşitsə də susmağa üstünlük verdilər. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini  raket atəşinə tutmaları İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb oldu.” Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili vurğulayıb ki, Vətən oğullarımız öz canları, qanları ilə Zəfər tarixini yazdılar: “Onların həyat yolu vətənpərvərlik məktəbidir. Tarixi Zəfərimizdə torpaq, Vətən sevgimiz, xalqımızın birliyi, həmrəyliyi xüsusi qeyd edilir. Azərbaycan xalqı bu Zəfərin fonunda yenilməz, məğrur xalq olduğunu dünyaya nümayiş etdirdi.  Şanlı Qələbəmiz Azərbaycanın gələcəyi üçün möhkəm bünövrə olmaqla yanaşı, regionda dayanıqlı sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmin olunması üçün mühüm amildir.”

Əliabbas Salahzadə qeyd edib ki, Ermənistan üzərində Zəfərinə Füzuli şəhərinin azad olunması ilə başlayan, Şuşa istiqamətində uğurlu əməliyyatlar keçirərək düşmənə daha ağır zərbələr vuran Ordumuzun işğaldan azad etdiyi ərazilər hazırda  yeni mərhələni yaşayırlar: “Bu torpaqlarda bərpa işləri sürətlənir, mühüm infrasruktur layihələri həyata keçirilir, ərazilərin su, elektrik enerjisi ilə təminatına, yolların çəkilişinə və bərpasına diqqət yetirilir. "Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güc verdi. Onu da deməliyəm ki, bizim uğurlu əməliyyatlarımız məhz Füzuli rayonundan başlamışdır" söyləyən Prezident İlham Əliyevin tarixi Zəfərimizdən sonra ilk səfəri də Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə oldu.  Bu səfər zamanı inamla bildirdi ki, azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar. Zəfərimizdən sonrakı iki  ildə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinin paralel aparılması rayonlarda canlanma, yeni ab-hava yaradıb. Şəhərlərin Baş planı hazırlanıb, bütün işlər sistemli şəkildə həyata keçirilir. Müasir tələblər səviyyəsində görülən işlər bu qənaətə əsas verir ki,  işğaldan azad olunmuş ərazilərimiz nəinki Azərbaycanın, dünyanın ən gözəl məkanlarından  birinə çevriləcək. Artıq “ağıllı kənd” layihəsi çərçivəsində bərpa olunan Zəngilanın Ağalı kəndi bu il sakinlərini qarşıladı. Böyük Qayıdışın ilk addımı atıldı.”

Millət vəkili  vurğulayıb ki, hazırda  Azərbaycan qalib ölkə kimi postmünaqişə dövrünün gündəliyini tərtib edərək, münasibətlərin normallaşdırılması, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün  Ermənistana sülh təklifini edib: “Dövlət başçısı İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna səfəri zamanı Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan  sonra çıxışında bu məsələyə diqqəti yönəldərək bir daha bildirdi ki, bu da dünya hərb tarixində bəlkə də nadir hallardan biridir. 30 il ərzində torpağımız işğal altında olsun, insanlarımız əzab-əziyyət içində yaşasın, tarixi-dini abidələrimiz, şəhərlərimiz dağıdılsın, milyondan çox mina döşənsin, buna baxmayaraq, biz sülh təklif etdik. Ancaq yenə də görürük ki, Ermənistan sülh istəmir,  revanşist fikirlərlə yaşayır.”

“Müzəffər Ali Baş Komandanın bu qüvvələrə çağırışı belədir ki, “Dəmir yumruq” yerindədir. Təbii ki, “Dəmir yumruğ”un davamı olaraq “Qisas” və “Qətiyyətli cavab” əməliyyatları  Ermənistanı ciddi düşündürməlidir. Azərbaycan ərazi bütövlüyünə qarşı hər bir təxribatın qarşısını qətiyyətlə alır və alacaq. Azərbaycan haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, heç kim bizimlə ultimatum dili ilə danışa bilməz”, - deyə Əliabbas Salahzadə bildirib.