YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan regionda təhlükəsizliyi təmin etmək niyyətindədir

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Sentyabrın 16-da Özbəkistanın sədrlik etdiyi Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə Sammiti keçirilib. Dövlət başçısı İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə fəxri qonaq kimi qatılaraq, bu tribunadan Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.  Prezident İlham Əliyev təşkilatın Səmərqənd Sammitində hazırkı dövrün əsas çağırışlarını, vacib mesajları səsləndirərək  Azərbaycanın yeni dövrün tələbləri ilə bağlı mövqeyini açıqladı. 

Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda Pakistan və Hindistan da bu təşkilatın  üzvülüyünə qatılıblar. Əfqanıstan, İran, Monqolustan, Belarus dövlətləri təşkilatın müşahidəçi üzvüləri və  Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı isə təşkilatın dialoq tərəfdaşıdır. Şanxay Əməkdaşlıq Təşkilatının əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, siyasət, ticarət, iqtisadiyyat və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

Sammitdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın regional kommunikasiya layihələri, tranzit və nəqliyyat-logistika imkanları ilə bağlı geniş məlumat verərək Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin birbaşa Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri üçün böyük iqtisadi əhəmiyyət kəsb etdiyini vurğulayıb.  Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malik olmasını və ildə 25 milyon tona qədər artırıla biləcəyini, bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzitin 50 faizə yaxın artdığını qeyd edib.

2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratdığını vurğulayan Prezident İlham Əliyev  Zəngəzur dəhlizi açıldıqdan sonra  da bunun, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracağını və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacağını Sammit iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan xalqı həmişə əmin-amanlığın, sülhün tərəfdarı olub. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsini tarixi Zəfərlə başa vuran Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və bununla da tarixi ədalət bərpa olundu. İndi isə Azərbaycan bu regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək niyyətindədir. Lakin  Ermənistanın sentyabrın 13-də, təmas xəttində geniş miqyaslı təxribatlara əl atması sülh danışıqları prosesinə güclü zərbə vurdu. Azərbaycana hərbdən başqa yol qoymadı. Prezident İlham Əliyev sammitdəki çıxışında bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyinin narahatlıq doğurduğunu da qeyd etdi. Bununla əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini vurğulayaraq, Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində yerinə yetirildiyi halda, Azərbaycandakı vəziyyətlə bağlı qəbul olunmuş qətnamələrin 27 il ərzində icra olunmamasını diqqətə çatdırdı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin etdi. Azərbaycan Prezidenti öz çıxışında Azərbaycanın öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcəyini bir daha bəyan etdi. Sammitin yekununda qəbul edilən  Bəyannamədə  regional sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi, nəqliyyat əlaqələrinin gücləndirilməsi kimi məsələlər öz  əksini tapıb. Azərbaycanın dünyaya nümunə olan inkişaf modeli ölkəmizin qlobal məsələlərin həllinə öz töhfələrini verməsində əhəmiyyətli rol oynayır.

Prezident  İlham Əliyev  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif və Rusiya Prezidenti Vladimir Putin ilə görüşdü. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətləri ilə  iqtisadi, siyasi və  humanitar  sahədə əlaqələrin hazırkı səviyyəsi və perspektivləri geniş müzakirə edildi. Bir daha  qeyd olundu ki, münasibətlərin yeni istiqamətlər üzrə  inkişafı üçün geniş imkanlar mövcuddur.