YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səmərqənd Sammiti əlaqələrin güclənməsinə öz töhfəsini verəcək

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri     

Sentyabrın 15-16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə Prezident İlham Əliyevin dəvət olunması ölkəmizin və dövlətimizin başçısının beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir. Prezident  İlham Əliyev Sammit çərçivəsində bir sıra ölkələrin dövlət başçıları ilə səmərəli görüşlər keçirib, ikitərəfli əlaqələrin inkişafı və regional məsələlər müzakirə olunub. Azərbaycanın xarici siyasəti balanslı, praqmatik və çoxvektorludu. Azərbaycan onun dövlət siyasətinə, milli maraqlarına  fayda verən bütün təşkilatlarla əməkdaşlıqda maraqlıdır. Bu baxımdan, ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətləri böyük əhəmiyyət kəsb edir.  Azərbaycan 2016-cı ildən bu təşkilat ilə münasibətlərini inkişaf etdirməkdədir.

Prezident İlham Əliyev Sammitdə dərin məzmunlu çıxış edərək mühüm geosiyasi və coğrafi məkanda yerləşən Azərbaycanın Avropa və Asiyanın iqtisadi, ticarət əlaqələrində rolunu vurğulayıb. Bu gün Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi tranzit ölkədir və bu amil hər zaman beynəlxalq birlik tərəfindən dəyərləndirilir. Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Həmçinin, vurğulanıb ki, son illər yük daşımalarının həcminin artırılması məqsədilə Azərbaycan müvafiq modernizasiya işləri apararaq, dəniz limanlarının yükaşırma qabiliyyətini 15 milyon tona çatdırıb. Səmərqənd Sammitində çıxış edən Azərbaycan Prezidenti yükdaşıma qabiliyyətinin 25 milyon tona qədər artırıla bildiyini də vurğuladı. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmiləri istehsal edə bildiyindən qısa zamanda ticarət donanmasının sayı daha da artırıla bilər. Azərbaycanın logistika imkanları multimodal xarakterlidir. 19 min km-lik avtomobil yolu, 1400 km-lik dəmiryolları, Bakı-Tbilisi-Qars dəmiryolu və Xəzər limanlarından savayı Azərbaycan 7 hava limanı və 18 təyyarə ilə regionda ən böyük mülki hava donanmasına malikdir.

Prezident İlham Əliyev çıxışında Zəngəzur dəhlizinin əhəmiyyətini də bu kontekstdə diqqətə çatdırıb. Qeyd olunub ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.

Səmərqənd Sammiti Azərbaycanın bu təşkilatla əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcək. Sammitin yekunu olaraq qəbul edilmiş Səmərqənd Bəyannaməsində də qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi məsələləri nəzərdə tutulur.