YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan ifşa olunur

Kolumbiyanın nüfuzlu və geniş oxucu kütləsinə malik “Noticias Colombia” xəbər portalında Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı genişmiqyaslı təxribatı barədə məqalə dərc edilib.

Məqalədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına istinad edilərək, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdiyi, müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirdiyi qeyd olunur. Həmçinin Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan, o cümlədən minaatanlardan intensiv atəşə tutulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin heyəti arasında itkilərin olduğu, hərbi infrastruktura ziyan dəydiyi diqqətə çatdırılır. Eyni zamanda, Ermənistanın 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatın müddəalarına əməl etmədiyi və öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı, beləliklə, regionda normallaşma və sülh proseslərini müxtəlif bəhanələrlə gecikdirdiyi bildirilir.

Yazıda, həmçinin Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovla müsahibəyə istinad edilərək, Azərbaycan hökumətinin Ermənistan tərəfindən regionda ağır texnika və iriçaplı silahların yerləşdirilməsi ilə bağlı narahatlığı ifadə olunur və bunun Ermənistan tərəfindən genişmiqyaslı hərbi əməliyyatlara hazırlığın göstəricisi olduğu vurğulanır.

Həmçinin diqqətə çatdırılır ki, Ermənistan dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə əməl edərək, işğalçılıq siyasətindən əl çəkməlidir.

Məqalədə keçmiş münaqişənin tarixi barədə suala cavab olaraq, Ermənistanın BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunmasını tələb edən qətnamələrinə heç vaxt məhəl qoymadığı, 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycanın 30 illik işğala son soyaraq öz torpaqlarını azad etdiyi, hazırda isə 1 milyona yaxın qaçqın və məcburi köçkünün öz evlərinə qayıtmasının təmin edilməsi məqsədilə, Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq və bərpa işlərinin aparıldığı, həmçinin Azərbaycan tərəfindən sərhədlərin delimitasiyası və demarkasiyası, habelə regionda kommunikasiyaların açılması, habelə sülh sazişinin imzalanması üçün konstruktiv addımların atıldığı barədə məlumat verilir, lakin buna baxmayaraq, Ermənistanın müxtəlif təxribatlarla bu addımların həyata keçirilməsinə mane olduğu vurğulanır.