YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər salnaməsinin unudulmaz qəhrəmanları

İmişli rayonu Əliqulular kəndində Vətən müharibəsi şəhidi İsmayılov Rəcəb Nəcəf oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev və İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhidin ailəsini ziyarət edib, dərin hüznlə başsağlığı veriblər.

Rayon təşkilatının sədri Səfa Ağayev Vətən müharibəsində qazanılan Zəfərimizdə, azad olunan torpaqlarımızın hər qarışında neçə-neçə şəhidimizin qanının, hər birinin fərqli qəhrəmanlıq salnaməsinin olduğunu deyib. O, bildirib ki, düşmənə qarşı mərdliklə vuruşan oğullarımızın gələcək nəsillərə örnək olacaq qəhrəmanlıq hekayələrini dinlədikcə qürurlanmamaq mümkün deyil. Şəhidimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verən Səfa Ağayev Rəcəb İsmayılovun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Daha sonra şəhidin məzarı ziyarət olunub, önünə tər güllər düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, Rəcəb İsmayılov Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 30-da Laçın rayonunun Güləbird kəndi uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.  Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görülüb.