YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətə xəyanət mövqeyi tutanlar tarixdə daim lənətlənəcəklər

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü

Sonuncu erməni təxribatının qarşısının alınması Ermənistanı bu provakasiyaya sövq edən xarici qüvvələri narahat etdiyi kimi, “sapı özümüzdən olan balta”ları da hərəkətə keçirib. Son günlər ermənipərəst dairələrin sifarişi əsasında canfəşanlıq etdiyi şübhə doğurmayan radikal müxalifət nümayəndələri və xaricdəki anti-Azərbaycan qruplaşmaların üzvləri olan şəxslərin erməni təbliğatı ilə sinxron fəaliyyəti bunun bariz sübutudur.

Öz dövlətinə düşmən münasibət bəsləyən bu uzdəniraq dəstənin hakimiyyətə muxalifliyi dövlətə qarşı çıxış etməklə, xəyanət yolu tutmaqla səhv salması onlara uğurlu siyası gələcək vəd etmir. Lakin bunu anlamayan, ya da bilərəkdən xəyanət yoluna baş vuran Əli Kərimli, Arif Hacılı, Sevinc Osmanqızı, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Tural Sadıqlı, Əfqan Muxtarlı, Altay Göyüşov, Süleyman Süleymanlı, Qalib Məmmədov, Orxan Ağayev, Manaf Cəlilzadə və digərləri düşmən təbliğatına alət olmaqdan belə çəkinmirlər.

Məlum olduğu kimi, uzun müddətdir ki, vaxtaşırı Azərbaycanın dövlət sərhədindəki mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabın 12-dən 13-ə keçən gecə daha genişmiqyaslı təxribata əl atdı. Sonuncu təxribat zamanı Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində gedən döyüşlər zamanı Azərbaycan Ordusu 80 nəfərə qədər itki verdi, 200 nəfərdən çox yaralımız var. Ermənistanın başıpozuq silahlı birləşmələrinin xaincəsinə hücumu nəticəsində həlak olan hər bir Azərbaycan əsgərinin sayına görə dəfələrlə çox itki verən erməni tərəfinin kifayət qədər hərbi texnika və silahları da sıradan çıxarılıb. Beləliklə, 2020-ci ildəki məğlubiyyətin pərtliyindən hələ də özünə gələ bilməyən işğalçı qüvvələrin daha bir uğursuz cəhdi baş tutmadığından isterikaya düşən Ermənistan hakimiyyəti çıxış yolu kimi, guya bu ölkənin suverenliyinə, ərazi bütövlüyünə qəsd olunduğu, mülki obyektlərə ziyan gəydiyi barədə saxta təbliğata üstünlük verməyə başladı. Qeyd edildiyi kimi, bu saxta təbliğatın fonunda xaricdəki milli xəyanətkar və satqın dəstə, habelə daxildəki radikal kəsimdən olan bəzi ünsürlər Azərbaycan Ordusunun müqavimətini gözdən salmağa çalışırlar.

Ən acınacaqlısı odur ki, onların da sərhəd toqquşması ilə bağlı mövqelərindəki arqumentlər ermənilərin saxta təbliğatının tərkib hissəsidir. Belə ki, guya hələ heç bir demarkasiya və demilitasiya aparılmayan sərhəd xəttində Ermənistanın ərazisinə keçmişik, buna görə beynəlxalq aləm bizi qınayacaq, bunun ziyanını çəkəcəyik və s. kimi cəfəng arqumentlərlə bəzənmiş bəyanatlar xəyanətkar dəstə tərəfindən dövriyyəyə buraxılır. Amma saxtakar açıqlamalar verən Ermənistan hakimiyyəti və revanşist qüvvələrdən, onların təbliğatını aparan bizim milli xainlərdən soruşan yoxdur ki, Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun ərazisinin, eyni zamanda ölkəmizin İran İslam Respublikası ilə sərhəd xətti bəlli olan yüzlərlə kilometr dövlət sərhədinin 30 ildir işğal altında saxlanması hansı beynəlxalq hüquqa və normaya uyğun idi? İndiki vəziyyətlə paralel aparılması mümkünsüz olsa da, Azərbaycandan söhbət gedəndə ərazi bütövlüyü və suverenlik məsələsinin yaddan çıxması, yaxud sadəcə sakitcə ötüşdürülməsi ikili standartların ən son nümunəsidir. Bu cür rəzil formada mövqe ortaya qoyulması Azərbaycan dövlətinin nüfuzuna və suverenliyinə hörmətsizlikdən başqa bir şey deyil.

Görünən odur ki, düşmən təxribatının qarşısının alınması üçün görülən müvafiq tədbirləri alqışlamaq əvəzinə, bu hərbi əməliyyatları gözdən salmağa hesablanmış davranış sərgiləyən radikal müxalifət bununla təkcə dövlətə xəyanət yolu tutmur, həm də Vətən uğurunda, ölkəmizin ərazi bütövlüyü üçün döyüşərək şəhidlik zirvəsinə ucalan igid oğulların da ruhuna sayğısızlıq nümayiş etdirirlər.

Əlbəttə ki, ölkəmiz üçün taleyüklü bu çətin günlər də arxada qalacaq, nə vaxtsa dövlətimizin sərhədlərində təxribatlara da son qoyulacaq. Ötən əsrdə olduğu kimi, torpaq naminə canlarından keçən qəhrəman övladlarımız rəhmətlə anılacaq və onların adları qızıl hərflərlə şanlı zəfər tariximizə yazılacaq. Vətənin dar günündə xəyanət yolu tutanlar isə tarixdə daim lənətlənəcəklər.