YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib millətimizin üz qaraları və ya “sapı özümüzdən olan baltalar”

Əfsun Sucayev

YAP İdarə Heyətinin üzvü

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında erməni silahlı birləşmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla Silahlı Qüvvələrin 50, sentyabrın 14-də davam edən döyüşlər nəticəsində daha 27 hərbi qulluqçumiz şəhid oldu. Baxmayaraq, düşmən hər dəfə olduğu kimi bu dəfə də 3-4 qat çox itki versə də, bizim üçün bir şəhid belə vermək qaldırılan dərd deyil, ağırdır, ağər olduğu qədər də ağrılıdır. 77 şəhidimiz tək 77 ailənin başına gələn qəm-qüssə, faciə olmadı, ən azı 10 milyon Azərbaycan vətəndaşının, 30-40 milyon dünya azərbaycanlının dərdi, kədəridir. Düşmənlərimiz üçün vətəndaşının heç bir dəyəri olmadığına görə biri və ya mini ölsün. Bizdən ötrü isə əlbəttə onların on mininin leşi şəhidimizin bir telinə dəyməz.

Azərbaycan Prezidenti, Ali Baş Komandan  İlham Əliyev çatışmanın ilk günündə - sentyabrın 13-də şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verdi, bunula da, dövlətimiz, millətimiz, xalqımız adına nə qədər dəyərli, uca varlıqlarımızı itirdiyimizin fərqinə vardı.

44 günlük Vətən Müharibəsində olduğu kimi xalqımız yenə ucalıq, birlik nümayiş etdirərək güvənc yerimiz olan qalib ordumuz və onun Ali Baş Komandanının yanında olduğunu bəyan etdi, hər bir şəhidimizi, böyük coşqu, insan seli ilə son mənzilə uğradılar, atasıza ata, anasıza ana, qardaş-bacısız olana qardaş-bacı olduqlarını sözlə yox, əməllə sübut etdilər. Bax, budur millətimizin böyüklüyü qədər həmrəyliyi. Erməni isə saysız-hesabsız (Ermənistan tərəfinin təsdiq etdiyi məlumatda 135, qeyri-rəsmi məlumatlarda 450-dən çox) meyidlərinə belə sahib çıxmaq istəmədi. Azərbaycan tərəfi nəzarət etdiyi ərazilərdə Qırmızı Xaç Cəmiyyətinin xətti ilə ən azı 100 erməni meyidinin təhvil verilməsinə hazır olduğunu bəyan etsə də, qarşı tərəfdən səs çıxmadı.

Bizi ermənidən fərqləndirən həm də də budur. Birlik və bərabərliyimizlə istər döyüş meydanında, istər siyasət meydanında, yaşıl meydanlarda qalibiyyətimizin, erməni isə uğursuzluqlarının davamını gətirir.

Bu erməni təxribatında bizə siyasi-mənəvi dəstək gözlədiyimiz kimi böyük qardaşlarımız – Türkiyədən gəldi. Cümhurbaşkan cənab Rəcəb Teyyub Ərdoğan II Qarabağ savaşındakı kimi yenə də üzünü dünya güclərinə və Ermənistan rəhbərliyinə tutaraq, “Nə olursa olsun, bunu hamı belə bilsin: biz can Azərbaycanın yanındayıq, sona qədər də yanında olacağıq” deməklə, ermənidən çox erməni kimi davranan bəzi dünya güclərinə yerini göstərdi.

Amma bir çox ölkələr ənənələrinə sadiq qalaraq el məsəlindəki kimi “Nə çalırlar çalsınlar, biz öz havamıza oynayacağıq” ritorikası sərgilədilər. Bir tərəfdən də erməni lobbisinin girovuna çevrilən bu yazıqlar neyləsin: igid əsgərlərimiz gecənin bir aləmində erməni təxribatının qarşısını alarkən onları ciddi cəzalandıranda, Ermənistanın oyuncaq (bir gündə ən azı 3 dəfə fikirlərini dəyişən adam ciddi hökumət başçısı ola bilməz) baş naziri Nikol Paşinyan da  aramsız telefon zəngləri ilə liderlərin yuxusuna haram qatmışdı. Onlar da məsələnin fərqinə varmadan, vəziyyəti dəyərləndirmədən Azərbaycanı təcavüzkar kimi dəyərləndirməyə cəhd etdilər. ABŞ (bəzi konqresmen və senat, palata nümayəndələrini çıxmaq şərtilə) bütövlükdə ölkə səviyyəsində Azərbaycan-Ermənistan münasibətlərində neytrallığı qorumağa çalışdı. Bacıları erməni olan Fransa və bir çox Avropa ölkələrində isə hökumət mətbuatın dili ilə son genişmiqyaslı təxribatda Azərbaycanı günahlandırdı. Fransanın Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən çatışma ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasını çağırması və orda bir çox ölkələrin nümayəndələrinin Azərbaycan əleyhinə fikirlər səsləndirməsi əvvəlcədən qurulmuş tamaşanın senarisindən xəbər verirdi. Ancaq sonda Ermənistan və “erməniyandaş” ölkələr istər BMT, istərsə də KTMT-nin fövqəladə toplantılarından gözləntilərini ala bilmədilər, arzu-istəkləri ürəklərində qaldı. Hər iki qurum bu döyüşlərdə Azərbaycanın təcavüz etməməsi və sərhəd məsələlələrinin güc tətbiq etməklə yox, sülh danışıqları ilə həllinin vacibliyi qənaətinə gəldilər.  Bu da dövlət başçısı İlham Əliyevin bilavasitə güclü xarici siyasətinin nəticəsində döyüşdəki uğurları masaya daşıya bilməsi bilik və bacarığının məntiqi nəticəsi idi.

ABŞ və ya Avropa ölkələri olsun, Azərbaycan-Ermənistan münasibətlərində ikincinin tərəfini saxlaması birinci hal olmayıb, artıq bu vəziyyətə uyğunlaşmışıq. 30 il işğal etdikləri torpaqlarımızdan 1 milyon vətəndaşımızı evlərindən-torpaqlarından didərgin salan Ermənistanı bir dəfə təcavüzkar adlandırmadılar. Başqa bir nümunə: Rusiya-Ukrayna müharibəsində az qala bütün gücü ilə ukraynların arxasında dayanan, onlara hər cür siyasi, hərbi humanitar dəstək verən dünya birliyi, Azərbaycanın işğaldan xilas etdiyi bölgəni yenidənqurması üçün bir manat yardım göstərmək istəmir. İkili yanaşmanı həyat tərzinə çevirənlərdən növbəti təxribatlara görə ədalətli davranış gözləməyə dəyər? Əlbəttə yox. Bizə hardasa bu təsir etmir. Amma son baş verənlərə görə, Azərbaycanı təcavüzkar adlandıran “sapı özümüzdən olan baltalar”ın sosial şəbəkələrdə apardığı anti-Azərbaycan təbliğatı adamı narahat etməyə bilmir.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, bizə müharibə lazım deyil, başqasının ərazilərinə iddiamız yoxdur. Bundan sonra sülh müqaviləsi imzalayıb, bölgədə dinc yaşam dövrünə qədəm qoymaq istəyirik. Bunun üçün Ermənistan ərazi iddialarından əl çəkməli, 10 noyabr 20220-ci il tarixdə imza atdığı üçtərəfli bəyanatda götürdüyü öhdəliyi tam şəkildə, qeyd-şərtsiz yerinə yetirməlidir. Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımalı, toplum şəkildə yaşayan, sayı Azərbaycanın ən kiçik rayonunun əhalisindən az olan ermənlilərin məskunlaşdığı və Rusiyanın məramı heç də sülh olmayan qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdən bütün silahlı birləşmələrini çıxarmalı, o əhalinin Azərbaycana inteqrasiya olunmasına maneçilik törətməməli, Azərbaycanı Naxçıvanla bağlayacaq Zəngəzur dəhlizinin reallaşdırılmasına imkan verməli və sərhədlərin dəqiqləşdirilməsinə töhfə verməli idi. Amma üzərindən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hər bir cəhdlə bu prosesin həyata keçməsinə əngəl olur, hər dəfə sülhə doğru bir addım atılan kimi bir gün keçməmiş dövlət sərhədində yeni-yeni təxribatlara əl atır.  Bu halda Azərbaycanı Ermənistana qarşı təcavüzdə ittiham edən ay millətimizin üz qaraldanları heç xəcalət hissi keçirirsinizmi? Başa düşürük, qrant aldığınız ağalarınıza xoş gəlmək üçün ağa-qara deməyə vərdiş etmisiniz. Yaxşı xatirimizdədir, sizlər idiniz, 44 günlük Vətən Müharibəsinin dayandırılmasının əleyhinə olduğunuzu, “Xankəndi, Xocalı, Xocəvənd, Ağdərə tam alınmadan ordu durmamalıdır” çağrışları edənlər. İndi nə oldu, “bizə Zəngəzur, İrəvan lazım deyil” deyirsiniz.

Bu döyüşlərdə yaxın adamlarını itirən şəxslər heç vaxt belə düşünə bilməz. Araşdırmalar göstərir ki, onların bəziləri elə bu torpaqları 90-cı illərdə ermənilərə peşkəş edən o zamankı hakimiyyətin tör-töküntüləri, qalanları da mənəvi davamçılarıdır. “Klaviatura qəhrəmanları” olan bloger, yutuber xaricdə oturub, qarayaxma kımpaniyası aparırlar, xalq-ordu birliyini pozmağa, xalq içərisində Qalib Komandana və Silahlı Qüvvələrə inamsızlıq aşılamağa çalışırlar. Çünki hər üç qüvvənin (Qərb gücləri, ermənilər və millətin üz qaraları) istəyi bu məsələdə üs-üstə düşür: Ancaq və lakin bu xalqın birliyini pozmaqla məğlubiyyətə sürükləyə bilərlər. Sosial şəbəkənin imkanlarından öz çirkin məqsədləri üçün geni-bol istifadə edərək, “oğru pişik” kimi camaatın evlərinə soxulub, gənclərin əxlaqını, tərbiyəsini pozmaqla məşğuldurlar. İşə bir bax: öz ailəsini idarə edə bilmir (ailə üzvlərinin hərəsi bir məzhəbə, əqidəyə xidmət edir), ölkəni idarə etmək istəyir. Bəzən düşünürəm, Allah göstərməsin, belə şəxslər hazırda hakimiyyətdə olsaydılar, düşə biləcəyimiz mənzərəni təsəvvür etmək belə qorxuludur.

Təəssüf ki, onlar ağıllarına gələni yox, “Azərbaycanı təcavüzkar adlandırmaq”, kimi ağızlarına gələni danışanda bir şeyi unudurlar ki, təkcə hakimiyyət nümayəndələrini hədəfə almış olmurlar, həm də şəhidlərimizin ruhunu incitmiş olurlar. Halbuki şəhidlərimizdir, canları ilə torpaqlarımıza azadlıq, millətimizə qürur gətiriblər. Bu torpağın hər qarışını müqəddəs qanları ilə qarışdıraraq VƏTƏN etmədilər ki, onların xidmətlərinə kölgə gətirən hallara yol verilsin.

Ən yaxşısı, hər kəs öz işi ilə məşğul olsun, dövlətinə ölkəsinə xidmət etsin. O zaman ölkəmizin təkcə döyüşdə yox, hər bir sahədə qələbələri, nailiyyətləri daha çox olacaq. Necə ki, Qarabağ Futbol komandamız son təxribatlarda bizi daha çox incidən fransızların “Nant” klubunu darmadağın edib, əldə etdiyi qələbəni də şəhidlərimizə həsr etdilər.

Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik!