YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Sarsılmaz birliyimizi heç bir qüvvə poza bilməz

“Ermənistanın son günlər dövlət sərhədində törətdiyi təxribatlar rəsmi İrəvanın revanşist meyillərinin göstəricisidir. Bu siyasət regionun təhlükəsizliyi üçün təhdid yaradır. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Ona görə də, bu proseslərdə Ermənistan alət kimi istifadə olunur. Amma bütün hallda dövlətimiz, şanlı ordumuz qarşı tərəfin bütün təxribatlarının layiqli cavabını verir”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisi deputatı Pərvin Kərimzadə deyib.

Millət vəkilinin sözlərinə görə, sülh sazişinin imzalanmasından qaçan rəsmi İrəvan Qafqazdakı öz forpost statusunu bir daha təsdiqləyir. Qarşı tərəfin son təxribatları, eləcə də, işğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan terrorçu ölkə kimi də tanınmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı düzgün mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır. Çünki Ermənistanın təxribatları regionda yeni münaqişə və terror aktlarının ehtimalını artırır. Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir. 

““Sülh” ali və ümumbəşəri dəyər olduğu üçün beynəlxalq təşkilatlar, habelə beynəlxalq ictimaiyyət rəsmi İrəvanını sülhə çağırmalıdır. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır”,-deyən YAP İdarə Heyətinin üzvü qeyd edib ki, ordumuzun “Qətiyyətli cavab” əməliyyatı Ermənistanı sülhə məcbur etmək baxımından əhəmiyyətlidir.  Təəssüf ki, düşmən təxribatlarının qarşısını alarkən şəhidlər verdik. Vətən sevgisini öz canından artıq tutan qəhrəman hərbçlərimiz doğma torpağımızın müdafiəsi zamanı müqəddəs şəhidlik zirvəsinə ucaldılar. Canlarını doğma Azərbaycan uğrunda qurban verən şəhidlərimiz həm düşmənə, həm də bütün dünyaya nümayiş etdirdilər ki, Azərbaycan xalqı böyük və güclü xalqdır. Xalqımız qəhrəman oğullarımızla hər zaman qürur duyur!

Pərvin Kərimzadə vurğulayıb ki, rəşadətli  Ordumuzun, qəhrəman hərbçilərimizin düşmənə verdiyi layiqli cavab, düşmən mövqelərinin darmadağın edilməsi Ermənistanı, onun havadarlarını  və antiazərbaycançı qüvvələrin əlində alət olan radikal müxalifəti ciddi narahat edir: “Bu səbəbdən də, ermənipərəst dairələrə xidmət edən radikallar dövlətimizə qarşı böhtan kampaniyasına başlayıblar. Onların sırasına həm xaricdəki ünsürlər, həm də daxildəki qruplar daxildir. AXCP sədri Əli Kərimli, “ziyalı” Altay Göyüşov, Sevinc Osmanqızı, və digərləri öz mövqeyi ilə düşmən dəyirmanına su tökməklə məşğuldurlar. Onlar şəhidlərimizdən öz siyasi məqsədləri üçün istifadə edir, əsassız manipulyasiyalar etməyə çalışırlar. Belə əməllərin adı isə satqınlıq və milli xəyanətdir. Məlumdur ki, radikallar 44 günlük Vətən müharibəsində də qazandığımız şanlı qələbəyə kölgə salmağa cəhd edirdilər. Bütün bunlar isə əlk növbədə şəhidlərimizin ruhuna hörmətsizlik, sayğısızlıqdır. Ona görə də, bu gün cəmiyyətimiz satqınları və xəyanətkarların mövqeyini kəskin etirazla qarşılayır. Bir çox şəhid ailələri də onların əməllərinə etirazlarını bildirir və cəzalandırılmalarını tələb edirlər. Radikallar başa düşməlidirlər ki, tutduqları yol yanlış yoldur və düşmən maraqlarına xidmət edir. Xalqımız bu səbəbdən də onları heç zaman bağışlamayacaq”.

Deputat diqqətə çatdırıb ki, beynəlxalq ictimaiyyət sülhə və tərəqqiyə xidmət edən Azərbaycan ilə beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, habelə millətçilik əhvalını yayan Ermənistan arasında seçim etməlidir. Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr isə regionun inkişafını istəməyən qüvvələrdir. Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanətidir. “13 sentyabr tarixində yaşanmış hərbi insident təsadüfi sayıla bilməz. Təxribatların təkrarlanması yeni müharibə ehtimalını artırır. Bu səbəbdən ölkəmizdə yaşanan milli həmrəylik mühiti strateji resurs kimi qorunmalıdır. Və Azərbaycan xalqı Prezidentimiz və ordumuzun ətrafında sıx birləşib. Bu sarsılmaz birliyi heç bir qüvvə poza bilməz! Digər bir hədəfimiz isə böyük qayıdışın təmin olunmasıdır. Dövlətimizin azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işləri bu hədəfə hesablanıb”,-deyə Pərvin Kərimzadə vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv