YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

104 il öncə bu gün...

Tural Qasımlı

YAP Şamaxı rayon təşkilatının sədri

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi.

Bolşevik və daşnak ünsürlərindən təşkil edilmiş bədnam Bakı Soveti martın sonu– aprelin əvvəlində Bakıda və ətraf bölgələrdə kütləvi qırğınlar törətməklə Azərbaycanın şimal sərhədlərindən Kür çayı hövzəsinə qədər olan Xəzərboyu əraziləri, habelə qərbə doğru Hacıqabul və Şamaxıya qədər olan əraziləri öz hakimiyyəti altına ala bilmişdi. Qarabağda millətçi-daşnak təcavüzkar qüvvələri, respublikanın cənubunda isə çar Rusiyası dövründə İranla sərhəddə yerləşdirilmiş sərhəd briqadasının komandanlığı azərbaycanlılara qarşı qətliamlar törədirdilər.

Belə bir şəraitdə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc Azərbaycanın ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumda olmasına baxmayaraq Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.

1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.