YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“NAM News Network”: Ermənistan dərhal sülh danışıqları masasına qayıtmalıdır

Ermənistan dərhal sülh danışıqları masasına qayıtmalıdır.

Bu barədə Qoşulmama Hərəkatına informasiya və multimedia sahəsində xidmət göstərən “NAM News Network” (NNN) portalı yayımlanan məqalədə bildirilib.

Yazıda Azərbaycanın Malayziyadakı səfirliyinin müvəqqəti işlər vəkili Rafiq Rüstəmov tərəfindən verilmiş açıqlamaya geniş yer ayrılıb. Diplomat vurğulayıb ki, Azərbaycan hərbi eskalasiyada maraqlı deyil. Çünki Azərbaycan dövləti işğaldan azad etdiyi ərazilərdə bir neçə milyard ABŞ dolları dəyərində investisiya layihələri həyata keçirir.

Diplomat qeyd edib ki, rəsmi Yerevanın belə cəhdləri 2022-ci il avqustun 31-də keçirilmiş Brüssel görüşündə əldə olunan razılaşmalara da zərbə vurub.

Azərbaycanlı diplomatın sözlərini sitat gətirən agentlik yazıb: “Brüssel görüşündən sonra Azərbaycan tərəfi sentyabrın sonunda iki ölkənin xarici işlər nazirləri arasında görüşün keçirilməsini təklif etmişdi. Bu təklif də Ermənistan tərəfindən cavabsız qalıb”.

Məqalədə son silahlı toqquşmalardan əvvəl Azərbaycanın Ermənistana qarşı nümayiş etdirdiyi növbəti xoşməramlı jestdən də bəhs olunub. Belə ki, bir neçə gün əvvəl Azərbaycan saxlanılan 5 ermənini qarşı tərəfə təhvil verib. Təhvil prosesin heç bir vasitəçi olmadan yerinə yetirilib.

R.Rüstəmov diqqətə çatdırıb ki, hər bir halda Ermənistanın sonuncu hərbi təxribatı qonşu ölkələr arasında təhlükəsizlik, rifah və birgəyaşayışı özündə əks etdirən sülh gündəliyinə “açılmış atəş”dir. Ermənistan dərhal, vaxt itirmədən sülh danışıqları masasına qayıtmalıdır.

Həmçinin məqalədə keçmiş Sovet İttifaqının süqutundan əvvəl Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddialarının qaldırıldığı, məsələnin silahlı münaqişəyə çevrilməsindən sonra Ermənistanın torpaqlarımızın 20 faizini işğal etdiyi, 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində Azərbaycanın parlaq Qələbə qazandığı xatırlanıb.

Qeyd edək ki, 2019-cu ildə Qoşulmama Hərəkatının Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə Azərbaycan bu təşkilata sədr seçilib. Ölkəmizin sədrlik müddəti üçün üç il nəzərdə tutulsa da, Hərəkata uğurlu və səmərəli töhfələr verməsi nəzərə alınaraq, 2021-ci ildə təşkilata üzv ölkələr yekdilliklə Azərbaycanın sədrliyinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul ediblər.