YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: Onlar utanc hissi keçirməlidirlər

“Sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməklə bir daha günümüzün əsas məsələsi olan sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında nə qədər maraqlı olduqlarını təsdiqlədilər.  Azərbaycan istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə Ermənistanın hansı zamanlarda təxribatlara əl atdığının, diqqəti yayındırmaq cəhdlərinin şahididir. Sentyabrın 12-dən 13-ə keçən gecə törədilən genişmiqyaslı təxribat da həmin addımların tərkib hissəsidir. Rəşadətli Ordumuz “Qətiyyətli cavab” əməliyyatı ilə  bir daha hansı gücə, qüdrətə malik olduğunu nümayiş etdirdi. Azərbaycan Ordusu Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha göstərdi. Son zamanlar Ermənistan ciddi cəhdlə revanşa, yeni hərbi əməliyyatlara, hücuma hazırlaşırdı. Həm Qarabağda, həm də sərhəddə təxribatların sayı artmışdı. Törədilən hər bir təxribatın qarşısının qətiyyətlə alınması Ermənistana ciddi dərs olmalıdır. Baxmayaraq ki, 44 günlük İkinci Qarabağ müharibəsində təcavüzkar Ermənistana tarixdə unuda bilməyəcəyi dərs verilmişdir.” Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsidir: “Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra hər bir çıxışında, müraciətlərində bu çağırışı edir ki, Ermənistanda baş qaldıracaq revanşist qüvvələr “Dəmir yumruğ”un yerində olduğunu unutmasınlar.”

Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından iki ilə yaxın dövrün keçdiyini xatırladan Əliabbas Salahzadə bildirib ki, Ermənistan bu müddətdə sülh müqaviləsinin imzalanması istiqamətində konkret addım atmayıb.  Bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması üçün bu müqavilənin imzalanması mütləqdir. Dünya güclərinin Azərbaycan-Ermənistan dövlət sərhədində yaşanan gərginlikdən narahatlıqlarını ifadə etmələri, sülhün, təhlükəsizliyin təmin olunmasına dəstəklərini göstərməyə hazır olduqlarını bildirmələri də özündə əsas məqamları ehtiva edir.

Millət vəkili diqqəti Ermənistanın törətdiyi genişmiqyaslı təxribatı  ört-basdır etmək cəhdinə  yönəldib: “Erməni  mətbuatında Azərbaycan Ordusunun bölmələrinin guya yaşayış evlərini atəşə tutması barədə informasiyalar yayılıb. Bu məlumatın heç bir real əsası yoxdur. Bu qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır. Bu reallıq inkaredilməzdir ki, Ermənistan sülh danışıqlarına, kommunikasiyaların açılmasına, ümumilikdə regionda dayanıqlı sülhün və təhlükəsizliyin  təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüslərə,  atılan addımlara laqeydliyi ilə diqqətdədir. 10 noyabr 2020-ci il tarixli Bəyanatın  müddəalarının icrasından yayınır. Azərbaycan tərəfi daim bu tələbi irəli sürür ki, biz üzərimizə düşən öhdəliyi hansı səviyyədə yerinə yetiririksə, Ermənistan da eyni səviyyədə icra etməlidir. Sülh müqaviləsinin imzalanması Ermənistan üçün son şansdır.”

Əliabbas Salahzadə ermənilərin törətdikləri təxribatla bağlı apardıqları əsassız təbliğata “sapı özümüzdən olan baltalar”ın dəstəyinə də münasibətini bildirib: “Azərbaycan  antimilli ünsürlər tərəfindən təcavüzkar siyasət həyata keçirən ölkə kimi təqdim edilir. Təxribatı törədən təcavüzkar Ermənistana göstərilən bu sevgi həmin qüvvələrin kimliyini, əsl simalarını ortaya qoyur. Şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaqla özlərinə qarşı ictimai qınağı son həddə çatdırırlar. Belələrinin bir adı var-Xəyanətkarlar. Torpaqlarımızı  30 ilə yaxın işğal altında saxlayan, zaman-zaman xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirən,  milli kimliyimizi təqdim edən tarixi və dini abidələrimizi yerlə-yeksan, məscidlərimizdə donuz saxlamaqla ümumilikdə islam dünyasına hörmətsizlik edən bir dövlətə sevgi nümayiş etdirib ölkəsini  təcavüzkar kimi təqdim etmək ən böyük mənəviyyatsızlıqdır.”

Millət vəkili bu məqamı da önə çəkib ki, düşmənin növbəti təxribatı nəticəsində Vətən oğulları öz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün qurban verdilər: “Onların ruhu qarşısında baş əyirik. “Qətiyyətli cavab” əməliyyatı Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan Silahlı Qüvvələri Vətəninə qarşı istənilən addımın və təxribatın qarşısını almaq qüdrətində olduğunu təsdiqlədi.  Reallıqları inkar etməklə şəhidlərimizin ruhuna hörmətsizlik edən erməni təəssübkeşləri ləyaqətlərini, insanlıq duyğularını itirdiklərinin fərqində olmalı, Azərbaycan kimi qalib ölkə ilə fəxr etmək əvəzinə, imicinə xələl gətirmək yolunu tutduqları üçün utanc hissi keçirməlidirlər. Dövlətə, xalqa xəyanət heç zaman bağışlanmaz.”