YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Düşmənlərimizlə baş edərik, Tanrı bizi içimizdəki düşmənlərdən qorusun!

Ramil Vəlibəyov

YAP Nizami rayon təşkilatının sədri

2022-ci ilin sentyabr ayı da Azərbaycan xalqı üçün çox çətin, ağrılı oldu. İki il öncə Vətən müharibəsi başladı, bu il isə düşmənin təxribatına qətiyyətli cavab verildi. Təəssüf ki, Şəhidlərimiz də var. Allah hər birinə rəhmət eləsin, ailələrinə səbr versin...

Heç şübhəsiz ki, övlad, qardaş, ata, həyat yoldaşı itkisi çox ağırdır. Lakin bu gün xalqın çiynində son mənzilə yola salınan həmin övlad, qardaş, ata, həyat yoldaşı ən ali məqama - şəhadətə ucalıb və bu məqam hər kəsə də qismət olmur.

Əminəm ki, zaman gələcək biz 2016-cı ilin Aprel döyüşlərini də, 2 il öncəki Vətən müharibəsinin də, bu ilin avqustundakı "Qisas", sentyabrındakı "Qətiyyətli cavab" əməliyyatlarının da tarixi əhəmiyyətini başa düşəcəyik. Biləcəyik ki, şəhid olan övlad, qardaş, ata, həyat yoldaşı canlarından əbəs yerə keçməyiblər. Çünki onların düşmənə vurduğu zərbə tarixi xüsusiyyət daşıyır. Çünki bu zərbə siyasi xəritə, sərhəd, strateji mövqe dəyişdirəcək, düşməni daha da alçaldacaq, rəzil edəcək.

Bəli, övlad, qardaş, ata, həyat yoldaşı Vətən, dövlət, xalq qarşısında ən ali missiyanı həyata keçirdilər, tarix yazdılar. Bəs, indiki məqamda xalq olaraq bizim üzərimizə hansı məsuliyyət düşür? Şəhidlərimizin ali xidmətləri qarşısında ermənilərin, fransızların, daha başqa qərblilərin xeyrinə küyə düşməliyik, yoxsa mətinlik, qürur, ləyaqət nümayiş etdirməliyik? Şəhid ailələrinin yanında olub, güclü olmaları üçün əlimizdən gələni etməliyik, yoxsa övlad, qardaş, ata, həyat yoldaşı itkisinə görə dövləti qınayıb, onları qızışdırmalıyıq?

Heç kəs inciməsin. "Qətiyyətli cavab" əməliyyatı da içərimizdə olan "ermənilərin", "fransızların", "qərblilərin" simasızlığını bir daha ifşa etdi. Əli Kərimli, Arif Hacılı, Gültəkin Hacıbəyli, Qənimət Zahid və bu qəbildən olan sürü üzvləri övlad, qardaş, ata, həyat yoldaşı itkisi üzərindən də pul qazanmağa, hansısa ölkələrin səfirlikləri qarşısında xoş görünməyə çalışdılar.

"Tüpürüm o dəhlizə", "Tüpürüm Qarabağa" deyən bu sürüdəkilər açıq şəkildə xəyanət yolunu seçdilər. Şəhidlərimizi kasıba-varlıya bölənlərə sual edək ki, "Əli Kərimli, niyə oğlun ABŞ-da gizlənib?", "Gültəkin Hacıbəyli, oğlun niyə Niderlanda qaçıb?", Arif Hacılı, oğlanların niyə "İsveçdə, Norveçdə yaşayır?", "Qənimət Zahid, nə üçün Fransada siçovul kimi yuvana girmisən?".

Onlar bu suallara cavab verə bilməzlər. Övladlarını xaricə qaçıranlar, yaxud xaricdə gizlənənlər bu gün sosial şəbəkələrdə Azərbaycan dövləti və xalqı barədə "düşüncə donu"nda xəyanətlərini nümayiş etdirirlər. Müsavatçı Tural Sadıqlı deyir ki, "Azərbaycan Ermənistana təcavüz etdi", özünü illərdir tarixçi kimi cəmiyyətə sırıyan Altay Göyüşov yazır ki, "Qarabağ və Zəngəzur nəyimizə lazımdır", "dostunun" ölümünü gəlir mənbəyinə çevirən İlkin Rüstəmzadə bildirir ki, "mən rəqəmlərdən kayf almıram" və s. Bu cür düşüncə və heysiyyat qısırlığından əziyyət çəkən sürü üzvlərinə susmamalıyıq, şəhidlərimizin adına layiq cavablarını verməliyik. Çünki 10-15 il sonra tarix dərsliklərində şəhidlərimizin qəhrəmanlıqlarını, onların şücaəti, cəsarəti ilə bütöv Azərbaycanı oxuyanda heyfslənməyək ki, zamanında əli kərimlilər silsiləsindən olan parazitlərin cavabını zamanında vermədik, cəzalarını kəsmədik...

Bu gün birlik, dirilik günüdür. Matəm, qüssə yox, dirçəliş zamanıdır. Bu gün 10 milyon insan həmin qəhrəman 50 şəhiddir. Dövlətimiz və xalqımız tarixi məsuliyyət dövrünü yaşayır. 50 şəhidin haqqını verməli, bütün şəhidlərimiz kimi onları da daim yaşatmalıyıq. Bu səbəbdən də, içimizdəki xainlərin təxribatlarına göz yummamalıyıq. Volter demişkən, düşmənlərimizlə baş edərik, Tanrı bizi içimizdəki düşmənlərdən qorusun!