YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hakimiyyətə müxaliflik, yoxsa xalqa naxələflik?

Elşad Mirbəşiroğlu

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Ermənistanın sərhəd boyu davam edən hərbi təxribatları təkcə bu ölkənin məkrli niyyətini ortaya qoymadı, həm də içimizdəki xainləri üzə çıxardı. Torpaqlarımız işğal altında qaldığı 30 il ərzində utanmadan susan, bəzi hallarda hətta ermənilərin işğalçılıq siyasətini malalamağa çalışan bu qüvvələr indi də Azərbaycan ordusunu “təcavüzkar” addımlar atmaqda günahlandırır. Erməni lobbisinin sifarişi ilə hərəkət edən bu cür psevdo ekspertlər Azərbaycana açıq nifrət bəslədiklərini gizlətmirlər. Sərhəddəki son gərginliyə görə Azərbaycanı günahkar çıxarmaq üçün gərək ya tam məlumatsız olasan, ya da erməni kimi düşünəsən. Psevdo tarixçi Altay Göyüşovun “Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq pisləyirəm” deməsi ilk növbədə şəhidlərimizin ruhuna qarşı hörmətsizlikdir. Vətən torpağının müdafiəsi zamanı 50 nəfər şəhid verdik. Onlar erməni təcavüzünün qarşısını alarkən şəhidlik zirvəsinə yüksəldilər. Əbəs yerə deyil ki, Göyüşovun statusunun şərh bölməsində yüzlərlə istifadəçi onu haqlı olaraq linç edib, ona Xocalını, ermənilərin dinc sakinlərimizə qarşı terror hücumlarını, ərazi bütövlüyü uğrunda şəhid olan gənclərimizi xatırladıblar.

Altay Göyüşov və həmfikirləri başa düşməlidir ki, Qarabağ bizim üçün torpaq parçası yox, namus məsələsidir, milli heysiyyətimizdir, qırmızı xəttimizdir. Azərbaycan xalqı nəyin bahasına olursa-olsun, öz torpağının bir qarışını da heç kəsə güzəştə getməyəcək. Vətəndaşı olduğu ölkənin müdafiəsini təmin edən şanlı ordunu “təcavüzkar” kimi qələmə vermək vətənə xəyanətdir. Bəlkə də dünyada öz xalqına qarşı bu cür xəyanətkar mövqe tutan ikinci bir insan tapmaq mümkün deyil... Müxalif düşüncədə olmaq normaldır, amma öz xalqına və dövlətinə qarşı müxalifətdə dayanmaq artıq satqınlıqdan başqa bir şey deyil. Görünür, Göyüşov hakimiyyətə müxalifliklə xalqa naxələfliyi bir-birindən ayırd edə bilməyən Altay Göyüşov ən həssas məqamda belə milli maraqlarımızı satmağa hazır olduğunu nümayiş etdirdi. Hazırda Avropada sığınacaq tapan və oradakı erməni fondlarının maliyyəsindən faydalanan Göyüşov əslində aldığı tapşırıqları icra edir. Başqa sözlə, özünü konyuktura uyğun aparmağa çalışır. Əks halda pulu kəsilə bilər.

Hesab edirəm ki, Altay Göyüşov və onun kimi düşünənlərə qarşı ictimaiyyətin kəskin reaksiyası olmalıdır. Ziyallarımız onu sərt şəkildə qınamalıdır ki, tutduğu yolun yanlış olduğunu dərk etsin. Bütün bunlarla yanaşı, məsələ ilə bağlı müvafiq hüquqi ölçünün götürülməsi təmin olunmalıdır. Çünki müharibə şəraitində yaşayan bir ölkənin vətəndaşının düşmən dəyirmanına su tökən davranışları cavabsız qala bilməz. Belələrinin erməni xüsusi xidmət orqanlarına bağlılığı araşdırılmalıdır. Bəzi müxalif düşüncəli şəxslərin son hadisələr zamanı ölkəmizə qarşı qara-yaxma kampaniyasına qoşulması həm də bu reallığı ortaya qoydu ki, Azərbaycana qarşı təxribatlar bir neçə cəbhədə davam etdirilir. Qlobal erməni şəbəkəsi sanki sinxron şəkildə bütün istiqamətlər üzrə ölkəmizə qarşı fəaliyyətə start verib. Göyüşov və onun fikrini bölüşən bir qrup radkial müxalifət nümayəndəsinin cəfəng açıqlamalarına başqa bir izah tapmaq mümkün deyil. 

Torpaq uğrunda ölən varsa, vətəndir. Əsrlərdir bu torpaqlar uğrunda milyonlarla can fəda olunub. Azərbaycan xalqı vətənin bütövlüyü və suverenliyi naminə bu gün də istənilən fədakarlığı etməyə hazırdır. Heç bir müharibə və ya hərbi-siyasi təxribat bizi haqq yolumuzdan döndərə bilməz. Sapı özümüzdən olan baltalar da nəzərə alsınlar ki, tutduqları yol yalnış yoldur, erməni lobbisindən pul alıb düşmən ölkənin xüsusi xidmət orqanlarının tezislərini yaymaq onlara yalnız nifrət qazandıra bilər.