YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidentinin İtaliya səfəri nə ilə yadda qaldı?

Vüqar İsayev

YAP Göygöl rayon təşkilatının sədri

Bu gün Azərbaycan-İtaliya strateji tərəfdaşlığı və çoxtərəfli münasibətləri getdikcə genişlənir və inkişaf edir. Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə bu ölkəyə işgüzar səfəri, aparılan danışıqlar, keçirilən mühüm görüşlərdə səslənən fikirlər də bunun bariz nümunəsidir.

Bu işgüzar səfərin məqsədi ölkə rəhbərinin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı ölkələrimiz arasında çoxşaxəli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair imzalanmış Birgə Bəyannamənin icrası prosesində bir sıra istiqamətlər üzrə cari məsələlərin müzakirəsi, bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və nəticələrə yönəlmiş sonrakı addımların müəyyən edilməsi olmuşdu. Səfər çox mühüm tarixi hadisələrlə yadda qalmış, Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışı olmuş, binada ilk tədbir İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi olmuşdu.  Həmçinin sentyabrın 2-də Prezident İlham Əliyevin xüsusi qonaq qismində İtaliyanın "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı, eləcə də Prezidentin "Enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu" mövzusunda çıxışı çox böyük marağa səbəb olmuşdur.

Dünyanın beyin mərkəzləri ilə bağlı  reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan "The European House - Ambrosetti" İtaliya və Avropa üçün yüksək potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir. Müxtəlif illərdə Çernobbio forumunda dünyanın aparıcı ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər.

Foruma xüsusi qonaq kimi dəvət edilən Prezident İlham Əliyevin Azərbaycanın iqtisadi qüdrətindən söz açaraq həyata keçirdiyi mühüm qlobal miqyaslı layihələri diqqətə çatdırmaqla ölkəmizin Avropa üçün xüsusi əhəmiyyətini vurğulaması, bir sıra sahələri əks etdirən mühüm kontekstlərə toxunmaqla ölkəmizin Avropadakı və dünyadakı rolunu  forum iştirakçılarına çatdırması qürurverici olmaqla mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda Prezident İlham Əliyev ilk olaraq İtaliyanın Azərbaycana səfər edən ilk prezidenti Sercio Mattarellanın dörd il əvvəl, 2018-ci ilin iyul ayında ölkəmizə etdiyi rəsmi səfəri xatırlayaraq imzalanan sənədlərin əhəmiyyətini dəyərləndirməsi xüsusi önəm daşıyır. Bu  işgüzar səfər zamanı ikitərəfli gündəliyə yeni və çox mühüm məsələlər əlavə edilib ki, bunlardan biri də təhsil sahəsidir. Keçirilən görüşlər zamanı təkcə enerji məsələləri, iqtisadi inkişafla bağlı deyil, həmçinin təhsil məsələlərinə dair müzakirələr aparılıb və əməkdaşlıq sahələrinin genişləndiyi vurğulanıb. Azərbaycanın Avropanın enerji təminatçısı kimi rolunu dəyərləndirən Prezident İlham Əliyev illər öncə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonrakı çətin dövrlərdə Avropa bazarlarına çıxmağa nail olduğunu, açıq dənizə çıxışı olmayan bir ölkənin Avropa və dünya bazarına çıxmasının məhz Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində reallığa çevrildiyini bildirmişdir. 1994-cü ildə Xəzər dənizində əməkdaşlıq etmək üçün xarici dövlətlərin aparıcı enerji şirkətlərini dəvət edən Azərbaycan strateji neft boru kəmərlərini Aralıq dənizi limanında yerləşən Türkiyəyə və Gürcüstanın Qara dəniz limanına çəkməklə dünya bazarına enerji tədarükünü şaxələndirdi və Avropanın enerji xəritəsini dəyişdirməyi bacardı. Bu gün  Azərbaycanın həyata keçirdiyi qlobal-miqyaslı layihələr ölkəmizə siyasi və iqtisadi dividendlər gətirməkdədir.  Bu sahədə də ilk əməkdaşlıq məhz İtaliya ilə qurulub və artıq ölkəmiz uzun illərdir İtaliyanın ən böyük neft təchizatçısı kimi tanınmaqdadır. Azərbaycan İtaliyaya neft tədarükünə görə birinci, qaz tədarükünə görə isə üçüncü yerdədir. "Cənub qaz dəhlizi" və onun tərkib hissəsi olan Trans-Adriatik Qaz Boru Kəməri  ikitərəfli enerji əməkdaşlığının və İtaliyanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm amildir.

Prezident İlham Əliyev, həmçinin Azərbaycanın qaz ethiyatlarından  söz açaraq bu il qazın həcminin daha da artırılması və İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac edilməsinin planlaşdırıldığını vurğulamışdır.

Göründüyü kimi, Azərbaycanın Avropanın aparıcı enerji təminatçısı olması artıq özünü kifayət qədər sübuta yetirib və bu amil həm də belə nəticəyə gəlməyə zəmin yaradıb ki, məhz Avropa bazarından dünya bazarına çıxmaq imkanlarına malik olan ölkəmiz qarşıdakı illərdə həmin planlarını realizə etmək gücündədir.

Forumdakı çıxışı zamanı İlham Əliyev Azərbaycanın enerji strategiyasının ikinci mərhələsinin nəhəng qaz yataqlarının işlənməsi olduğunu və artıq ölkəmizin təsdiqlənmiş qaz ehtiyatının 2,6 trilyon kubmetr olduğunu iştirakçıların diqqətinə çatdıraraq bildirmişdir ki, son dövrdə  Azərbaycana 10-dan çox ölkədən - Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan və digərlərindən mövcud qaz təchizatının artırılması və ya qaz təchizatına yeni qoşulma ilə bağlı rəsmi müraciətlər daxil olub. Ukrayna-Rusiya müharibəsi başlayandan sonra təbii qaz məsələsi Avropanın gündəliyində duran əsas məsələlərdən birinə çevrilib. Bir çox layihə mövcuddur ki, bunlardan biri də tikintisi yekunlaşmaqda olan Yunanıstan-Bolqarıstan İnterkonnektorudur. Buna bənzər digər layihə İonik-Adriatik boru kəməridir. Bu kəmərlə Azərbaycan qazı üç Balkan ölkəsinə nəql ediləcək. Bir sözlə, Azərbaycan Avropa İttifaqına üzv dövlətlərin böyük əksəriyyətinin enerji təchizatçısına çevrilməkdədir. Keçən ay Azərbaycanla Avropa İttifaqı arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması isə Azərbaycanın enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox mühüm addım hesab olunur.  Prezident İlham Əliyev bu memorandumun  enerji sahəsində gələcək əməkdaşlıq üçün yol xəritəsi rolunu oynadığını da vurğulayaraq bəyan etmişdir ki, Azərbaycan məhz bu sənədə əsaslanaraq Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırır və ölkəmizin potensial qaz ehtiyatları bu planı reallaşdırmağa imkan verir.

Ən əsası, Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfəri bir sıra önəmli hadisələrlə yadda qalması ilə yanaşı, Azərbaycanın Cənubi Qafqazdakı nüfuzunu və rolunu bir daha dünyaya nümayiş etdirdi.