YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın sonsuz inamını və etimadının qazanan lider

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərini və tarixi fəaliyyətini anlamaq üçün Ümummuilli Liderin siyasi fəaliyyətinin Naxçıvan dövrünə nəzər yetirmək məqsədəuyğundur.

1991-ci ilin sentyabr ayında ulu öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin sədri seçilməsinədək olan tarixi mərhələdə mövcud durum daha da kəskinləşdi. Həmin dövrdə sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması Muxtar Respublikanın həyatına ciddi təsir göstərdi. Naxçıvanda hakimiyyət böhranının dərinləşməsi demək olar ki, son həddə çatmışdı. Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da sözün əsl mənasında elan olunmamış fövqəladə şərait yaranmışdı. Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli fövqəladə sessiyasının çağırılması ölkədə, o cümlədən regionda yaranmış çətin və mürəkkəb vəziyyətin tələblərindən irəli gəlirdi. Həmin gün Ali Məclisin binası qarşısına toplanmış minlərlə insan Heydər Əliyevin Sədr seçilməsini tələb edirdi. Lakin sessiyanın keçirilməsinə qədərki mərhələdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, MR Ali Məclisinin üzvü kimi ölkədə, o cümlədən regionda gedən ictimai-siyasi proseslərdə sözünü deyən, cəmiyyət həyatının demokratikləşdirilməsinə ciddi təsir göstərən ulu öndər Heydər Əliyev heç bir rəsmi dövlət vəzifəsi daşımaq niyyətində olmadığını bildirmişdi. Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının iclasında da Ulu Öndər dörd dəfə çıxış edərək namizədliyini irəli sürənlərə minnətdarlıq duyğularını ifadə etməklə yanaşı, böyük təkidlə bu məsələnin səsə qoyulmamasını xahiş etmişdi. Lakin xalqın və Naxçıvan MR Ali Məclisi deputatlarının təkidi ilə Heydər Əliyev ölkə və region üçün fövqəladə şəraitdə çağırılması zəruri sayılmış sessiyada bu ali dövlət qurumunun rəhbəri seçilməsinə razılıq verdi.

3 sentyabr 1991-ci il tarixdə öz işinə başlayan sessiyanın iclasları 5 gün davam etdi. Məhz həmin sessiyada "Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında" məsələ müzakirə edilərək Azərbaycan Respublikasının Ali Sovetindən xahiş olundu ki, Sovet İttifaqı Kommunist Partiyası, Siyasi Büro, Mərkəzi Komitə dağıdıldığı üçün respublikada da bu siyasi-təşkilati qurumların fəaliyyəti dayandırılsın. Bunlar Azərbaycanda müstəqil dövlətçiliyin bərqərar olmasına xidmət edən çox mühüm tarixi qərarlar idi.

“Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim...Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”. Ulu Öndər Heydər Əliyev 1991-ci il sentyabrın 3-dən etibarən məhz bu fikirlərin işığında öz xilaskarlıq missiyasını həyata keçirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyət göstərdiyi qısa müddət ərzində neçə-neçə onilliklərə sığmayan böyük işlər görüb.

Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail olundu. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində Sovet ordu hissələri MR ərazisindən çıxarıldı. Ulu Öndərin ən böyük xidmətlərindən biri Naxçıvanı işğal təhlükəsindən xilas etməsi idi. Onun Türkiyə və İrana səfərləri, apardığı danışıqlar regionda blokada şəraitinin yaratdığı böhranın aradan qaldırılması məsələlərinin həllində əhəmiyyətli rol oynadı.

Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və Ulu Öndərə sonsuz inamı nəticəsində Muxtar Respublikada Milli Ordu yaradıldı. Qeyd etmək lazımdır ki, ilk milli hərbi parad da 1992-ci il oktyabrın 9-da Naxçıvanda keçirildi.

Xalqın Heydər Əliyevə olan inamı tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ulu Öndərimizin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi. Heydər Əliyev yenidən hakimiyyətə gələrək Azərbaycanın ağrılı problemlərini həll etmək missiyasını məsuliyyətini öz üzərinə götürdü.